Deputat “məcburi köçkün qalmaqalından” danışdı: “Olduqca həssas məsələdir”



Birinci Qarabağ müharibəsi dövründə vətəndaşların mülki evlərinə yerləşən məcburi köçkünlərin müəyyən hissəsi indi həmin evləri tərk etmək istəmirlər. Məcburi köçkünlərlə ev sahibləri arasında yaranan mübahisəni əks etdirən görüntülər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

 

Milli Məclisin deputatı Fazil Mustafa Pravda.az-a açıqlamasında deyib ki, burada əsas məsələ mülkiyyət hüquqlarının qorunmasıdır.

 

Deputat bildirib ki, istənilən vətəndaşın mülkiyyəti zəbt olunubsa, onun mütləq mülkiyyəti özünə qaytarılmalıdır: “Bu, həm də dövlətə inam məsələsidir. Bununla da bağlı müəyyən işlər görülür. Birinci Qarabağ müharibəsi dövründə vətəndaşların evlərində məskunlaşmış şəxslərə hansısa şəkildə evlər təklif olunmalıdır. Dövlətin məcburi köçkünlərin yaşaması məqsədilə tikdiyi evlər təklif edilə bilər. Onlar tam şəkildə öz ocaqlarını qurandan sonra artıq mülkiyyətçi vətəndaşların hüquqlarının bərpası istiqamətində də addımlar atılmalıdır. Mülkiyyət hüququ əldə edən məcbur köçkünlərin bir qismi artıq bu statusdan müəyyən dərəcədə istifadə edə bilmirlər, amma məsələ tam yekunlaşmayana qədər, təbii ki, məcburi köçkünlərin də hüquqlarını qorumaq, onların da statuslarını saxlamaq vacibdir. Hesab edirəm, məsələ mərhələ-mərhələ həllini tapmalıdır, çünki məcburi köçkünlərin məsələsi olduqca həssasdır. Dövlətimiz artıq işğaldan azad olunmuş ərazilərdə müəyyən kateqoriyalı insanları yerləşdirir və bundan sonra onlara mülkiyyət sənədləri də təqdim olunur, mümkün qədər məşğulluqlarının təmin edilməsi istiqamətində də addımlar atılır. Hər şey birdən-birə ideal vəziyyətə gəlmir. Hər halda tikilən evlər, görülən işlər göz qabağındadır, yəni proses mərhələ-mərhələ həllini tapmalıdır, beş il, ya on il sonra olsun, fərqi yoxdur. Bütün keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərdə evlə təmin olunmalı, məşğulluq məsələsi ilə bağlı da xüsusi proqram hazırlanıb həyata keçirilməlidir”.


Tarix: Bu gün, 13:57
Xəbəri paylaş



Xəbər lenti