…Hər kəs bir gün dünyasını dəyişir. Amma indiki zamanda yaşamaq da, ölmək də çox bahadır… Qəbiristanlıqlarda qiymətlər “od tutub yanır”, dəfn xərcləri isə elə səviyyəyə çatıb ki, ölüsü də, dirisi də əzab çəkir. Burada insan doğmasını itirəndə təkcə ölü dərdi yox, həmçinin “pul dərdi” də yaşayır. Bu, açıq-aşkar qəbiristanlıq mafiyasının cibinə işləyən sistemdir və insanların narazılığı hər gün getdikcə artır. Heç bir dövlət rüsumu yoxdur, amma pul tələb olunur. Dəfn üçün verilən pula görə heç bir sənəd, qəbz verilmir.Biz hər fürsətdə “Avropada belədir” deyirik. Bəs görəsən, o “nümunə götürdüyümüz” Avropada və s. ölkələrdə qəbiristanlıqlar da bazara çevrilibmi? Orada da torpağın altına girmək üçün qiymət cədvəli asıblarmı? Əgər doğrudan da belə bir nümunə mövcuddursa, bizdə də bu sahədə dövlət rüsumları tətbiq edilməli, şəffaf mexanizm qurulmalıdır. Bax, həqiqət budur: bizdə icra hakimiyyətləri və qəbirstanlıq dəllalları ölülərin hesabına qazandıqları pullarla evlər, bahalı maşınlar alır, kef içində yaşayırlar. Bəlkə də heç ölənə “rəhmət” də demirlər.
Qəbir yeri od qiymətində
Əhmədlidə yerləşən qəbiristanlıqlardan birinin “şef”inə zəng edib qiymətləri öyrənməyə çalışdıq. Lakin telefonda “qiymət demirik” cavabını aldım. Bununla kifayətlənməyib, Suraxanı rayonu ərazisindəki “Dədə Qorqud” qəbiristanlığına üz tutdum. Buranın müdiri Ümid adlı şəxsdir. O, qiymətlər barədə verdiyim suallardan yayınırdı.
Qeyd edək ki, Ümid kişinin oğlu İkinci Qarabağ müharibəsində şəhid olub və bundan sonra o, həmin qəbiristanlığa müdir təyin edilib. Qiymət barədə israrla soruşduqda isə “rəhmətə gedən şəxsin sənədlərini gətirin, o zaman baxarıq” cavabını verdi. Bildirdim ki, “yaxın tanışımız dünyasını dəyişib, ailəsi hazırda çox çətin vəziyyətdədir, maddi imkanı yoxdur, ona görə əvvəlcədən qiyməti öyrənmək istəyirik”. O da qəti şəkildə bildirdi ki, ölən adamın sənədini göstərməsəniz qiymət deyə bilmərəm. Ümid kişinin son sözü bu oldu ki, ən ucuz yer Hövsan qəbiristanlığındadır, yaxşısı budur ora gedin.
Aparılan araşdırmadan sonra öyrəndik ki, Bakının bəzi qəbiristanlıqlarında bir qəbir yeri 3 min manatdan başlayır, bəzi hallarda isə 10 min manata qədər yüksəlir. Xüsusilə “İkinci Fəxri Xiyaban” kimi məkanlarda qiymətlər daha yüksəkdir.
Bu rəqəmlər hər kəsi şoka sala bilər. Çünki söhbət ticarət obyektindən, torpaq sahəsindən, mənzildən, ofisdən getmir — söhbət ölünün son mənzilindən gedir. O mənzil ki, sahəsi uzaq başı 2 kvm.- dir.
Maraqlısı isə odur ki, həmin yerlərin heç biri şəxsi mülkiyyət kimi qeydiyyata düşmür. Qəbirlərə də “çıxarış” verilmir. Pulunu ödəyirsən, amma sənə aid olan yeganə sənəd, qəbzin özüdür.
Bakı Şəhərində həm ölmək, həm də yaşamaq üçün torpaq tapmaq çətindir. Amma insan həyatda çox şeyi planlaşdıra bilir — yalnız bir şeyi bilmir: harada öləcəyini və harada dəfn olunacağını.
Ölülər üçün ayrılan torpaq, bəzən dirilərin yaşadığı torpaqdan çox bahalı olur…
Bəli, düz başa düşdünüz: ölülər üçün nəzərdə tutulmuş qəbiristanlıqlarda qəbir yerlərinin eni cəmi bir, uzunluğu isə adətən 2 metr olur (2 metrdən uzun olanlara çox nadir hallarda rast gəlinir). Yəni, ümumi sahəsi təxminən 2 kvadratmetr belə etmir. Bununla belə, həmin ərazi sahəsi şəhərin mərkəzində yerləşən mənzillərin 1 kvadratmetrin qiymətindən baha başa gəlir.
Bir insanın həyatı boyu ev almağa gücü çatmaya bilər. Amma ən sonda belə, ona 2 kvadratmetrdən də az torpaq baha qiymətə satılır. Elədir ki, var: qəbiristanlıq paytaxtın ən bahalı torpaq bazarıdır.
Sanki qəbiristanlıq bir gəlir obyektinə çevrilib
Qəbirqazanlar öz zəhmətinə görə pul alsa da, sakinlərin dediyinə görə, onların da qazandıqlarından müəyyən pay “yuxarıya” gedir. Qəbiristanlığın yiyəsi kimdir, bilirsinizmi? Kim olacaq? Əlbəttə, ərazi üzrə Rayon İcra Hakimiyyətləri və onları təyin etdikləri qəbiristanlıq müdirləri. Elə davranırlar ki, sanki qəbiristanlıq onların şəxsi obyektidir. Qəbirqazanlardan, dua oxuyan mollalardan bəlkə də oradakı dilənçiləri də “tasa” otuzdurublar. Meyit belə, kimsənin əlində qazanc vasitəsinə çevrilib.
Ölü yiyəsi borc altında qalırsa…
Bəli, elədi ki var. İnsan öləndə belə, yaxınları onun dəfnini necə təşkil edəcəyini, pulu haradan tapacağını düşünür. Bəzən elə ailələr var ki, dəfn xərclərini qarşılamaq üçün borc alırlar. Həyat boyu çətinlik çəkən insanlar öləndə də rahatlıq tapmır. İnsanların gəliri, pensiyası, maaşı normal olarsa, bu qədər ağır vəziyyət yaşanmaz. Deyirəm, vallah, insana rahat ölməyə də imkan vermirlər. Adam can verir, amma fikri hələ də cibində, borcunda, torpağında qalır. Düşünür ki, ay Allah, mən öləndən sonra ailəm, yaxınlarım ağır yük altında qalacaq — harda basdıracaqlar, o pulu haradan tapacaqlar, qəbir yeri ala biləcəklərmi? İnsan bu torpaqda öləndə belə, rahatlıq tapmır, çünki ölüm də bahalaşıb. Yaşamağın da, ölməyin də, bir sözlə, hər şeyin qiyməti var. Amma indi insanlar ölümü də cibinə baxıb planlaşdırır. Vallah, adam mat qalır bu vəziyyətə. Ölüdən də pul umarlar? Yəni, biz mentaliteti və ağlımızı bu qədər itirmişik? Maddiyyat bu qədərmi bizi əsir edib?
Heç olmasa, torpaq pulsuz olsun…
Dövlət üçün xidmət etmisən, hər şeyini vermisən, amma ömrünün axırında ölürsən və torpağın altına getmək üçün pulunu verib getməlisən. Heç olmasa, ən azı öləndə iki metr torpağı insana pulsuz vermək olmaz? Bəli, bu açıq-aydın soyğunçuluq və haqsızlıqdır. Bəli, illərlə xidmət edən vətəndaş, nəhayət, torpağa qarışmaq istəyəndə belə “qiymət cədvəli” ilə üzləşir.
Bu torpaq, bu vətən onsuz da onların zəhməti, alın təridir. Amma indi vəziyyət elədir ki, ömrün son dayanacağı da “ödənişli xidmət”ə çevrilib. Ölüm isə insanın həyatındakı son dayanacaqdır – rahatlıq, sükunət yeri. Amma görünür, bizdə bu son dayanacaq da pulludur. Əlbəttə, yaşamaq üçün pul lazımdır, ancaq həm də ölmək üçün də pul Tələb edilir. İnsan ömrünün sonunda rahat torpaq tapmırsa, deməli, bu torpaq artıq insana yox, pula xidmət edir. Ölüm ticarətə çevrilib, qəbiristanlıqlar isə vicdanın yox, şəxsi marağın ölçüldüyü bazara… Bu bazara nəzarət edən kiçik məmurlara bəzi mətləbləri anlatmağın da vaxtıdır…
Elşad FƏRMANOĞLU - tezadlar.az