“Taun xəstəliyinin tuğyan etdiyi vaxtda adamlar başqalarını təqsirləndirirdilər. Onlar bilmirdilər ki, bu xəstəliklərin əksəriyyəti şəhərlərdə zibil qalıqları və çirkab suları arasında yaşayan adamlardan yayılır”. “Pul axını Kvadrantı” kitabında qeyd olunan bu sitat əsrlər əvvələ aid olsa da, koronavirus pandemiyasının yayıldığı hazırkı dönəmlə çox uyuşur... Artıq neçə gündür ki, Azərbaycanda insanların çimərliklərdən istifadəsinə icazə verilib. Çimərliyə icazə verilən kimi isə dəniz kənarına gedənlərin oranı zibilləməsi ilə bağlı çoxlu sayda tənqidlər səsləndirilib. Yalnız bu deyil, hələ eyvanlardan zibil, su və başqa tullantıların da atıldığının zaman-zaman şahidi oluruq. Zibil qoxularının ətrafı bürüməsi isə bir başqa söhbətdir. Rayon və kənd yerlərində çay yataqları, su hövzələri də zibilliyə çevrilib. Bəs, bunun qarşısını almaq, məişət tullantılarını lazım olan yerlərə atmaq nə zaman yoluna qoyulacaq? Nəzərə alınsa ki, pandemiya zamanı təmizliyə daha çox riayət olunmalıdır, onda məsələnin vacibliyi hər kəsi narahat etməlidir. Bunun üçün maarifləndirmə lazımdırmı, yüksək cərimə tətbiq edilməlidirmi, yoxsa başqa metodlar da var?
“Yeni Müsavat” məsələ ilə bağlı ölkənin ictimai-siyasi xadimlərindən münasibət öyrənib.
Öncə bir neçə ölkənin təcrübəsini - bu ölkələrdə qaydalar necə tənzimlənir, onu öyrənməyə çalışdıq.
“Almaniyada qumun üstündə belə qaydalara riayət etməlisən”
Məsələn, bu yay Soçi rəsmi qurumları sahillərdəki çimərliklər və iaşə obyektlərinin təmizlənməsi rejiminə əməl edilməsi üzərində nəzarəti gücləndiriblər. Ölkə çimərliklərində 170 profilaktik reyd keçirilib, dənizdə məhdudlaşdırıcı tədbirlərin qaldırılmasından bəri yüksək xəbərdarlıq rejiminin tələblərinə nəzarət edilir. Şəhər rəhbərliyinin kurort və turizm şöbəsinin işçiləri polislərlə birlikdə ərazilərin Rusiya İstehlak Nəzarətinin tövsiyələrinə uyğunluğunu yoxlayır. Avqustun 5-dən etibarən isə şəhər rəhbərinin adından xüsusi monitorinq qruplarının işi gücləndirilib. Komissiya skamyalar və tutacaqlar, eləcə də dəyişmə otaqlarında, xilasetmə postlarında, uşaq meydançalarında və duş kabinələrində səthlərin təmizliyinin tələblərə uyğunluğunu yoxlayır.
Türkiyədə koronavirus pandemiyasından sonra çimərliklərdə bəzi qadağalar tətbiq edib. Konyaaltı bölgəsindəki Antalya çimərliklərində insanların öz dəsmallarından istifadə etməsi və çimərlikdə siqaret çəkməsi qadağan edilib. Xadimələr koronavirusun yayılmasından bu formada qorunmaq niyyətindədirlər və onlar siqaret kötüklərini sahildən yığmalı olmayacaqlar. Bundan əlavə, qəlyanlara da qadağa qoyulub.
Almaniyada isə hətta qumun üstündə uzandıqda belə qaydalara riayət etməlisən. Dəniz sahilində qağayıları yedizdirə bilməzsən, çadır qura bilməzsən, kolbasa qovura bilməzsən. Sahildə qum qalası düzəltmək istəyənlər isə müəyyən qaydaları bilməlidir. Məsələn, Rügen adasındakı Binz və Gören çimərliklərində, qum qalaları 30 santimetrdən yüksək olmamalıdır və maksimum diametri 3,5 metri keçə bilməz. Hər bölgə üzrə bu ölçülər dəyişir. Eyni zamanda, çimərliyə itlə daxil olmaq qadağan edilib. May ayının əvvəlindən sentyabr ayının sonuna qədər çimərliyə ev heyvanı ilə giriş qadağandır. İtlər üçün xüsusi çimərliyə getmək olar. Ancaq “itli” çimərlik bölgəsində belə, hər şeyə icazə verilmir. Məsələn, sahibləri ev heyvanlarının tullantı məhsullarını sonra təmizləməlidirlər.
Almaniyada çimərlikdə siqaret çəkmək istəyənlər üçün də xüsusi qaydalar var. Məsələn, insanlar siqaret kötüklərini qumun üstünə ata bilməz. Eyni zamanda, siqaret çəkənlərə özləri ilə portativ kül qabı gətirmələri tövsiyə olunur. Tütün tüstüsünə dözə bilməyənlər üçün isə ümumiyyətlə siqaretə icazə verilməyən çimərliklər də mövcuddur.
Göründüyü kimi, xarici ölkələrin təcrübəsində bir çox qaydaların tətbiq edildiyi zaman, Azərbaycanda vəziyyət necədir?
Bizimlə söhbətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, bu gün Xəzər dənizi şimaldan cənuba onlarla axar vasitəsilə çirkləndirilir və çirkləndirici subyektlərə qarşı xəbərdarlıqlar, müraciətlər, cərimə və iddialar tətbiq olunur, toplanmış materiallar məhkəmələrə göndərilir: “Sadəcə soruşuruq: Sizin üçün hansı daha rahatdır - cərimə ödəmək, yoxsa işinizi düzgün qurmaq və rahat fəaliyyət göstərmək? Uşaqlarınızı, doğmalarınızı zəhərləmək, yoxsa onların səhhətini düşünmək? Bu gün Xəzəri çirkləndirən özümüzük, vətəndaşlar, müəssisələr, fabrik-zavodlar, təşkilat, ictimai-iaşə obyektləridir. ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən dənizə çirkab su axıdan axarlar müəyyən edilib və bütün cavabdeh qurumlara, çirkləndiricilərə xəbərdarlıqlar olunub. Niyə biz bu gün öz təbii sərvətlərimizi çirkləndiririk? Bu, dənizə də, çaylara da, göllərə də aiddir. Nə vaxta qədər biz çirkləndirməyə davam edəcəyik? Nə qədər xəbərdarlıq, cərimə etmək, məcburi göstəriş vermək olar, nə qədər məhkəmə çəkişmələri olar, biz yorulmadıqmı bundan? Nəyə görə biz sərvətlərimizi qorumuruq? Yəni bu qədər özümüz özümüzə biganəyik? Xəzər kimi belə bir unikal dəyərə malik sərvəti niyə qiymətləndirə bilmirik? Yoxsa övladlarımızın sağlamlığını, təmiz ətraf mühitdə yaşamasını istəmirik? Bəlkə bu, sadəcə etinasızlıqdır, doğmalarımıza, təbiətə və özümüzə olan etinasızlıq”.
ETSN rəsmisi bildirib ki, 12 Avqust “Xəzər günü”dür. Onun sözlərinə görə, ötən həftədən ETSN-nin təşkilatçılığı və ictimai qurumların iştirakı ilə Azərbaycanda sahilboyu ərazilərin təmizlənməsinə başlanılıb: “Bu proses Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağını əhatə edəcək. Məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir”.
“Vəzifəli şəxslər də eyni əxlaqın daşıyıcılarıdır...”
Millət vəkili Fazil Mustafa isə bildirib ki, təmizlik qaydalarına əməl olunma ilə bağlı məsələ inzibati yolla tənzimlənə bilər, belə praktika var: “Amma bu, Azərbaycan cəmiyyətində effekt vermir. Bu sırf mədəni komponentin necə inkişaf etməsi ilə bağlı məsələdir. Burda əsas odur ki, insanlar bütövlükdə cəmiyyətin ekoloji, mədəni həyatına təsiretmə məsuliyyətini özlərində hiss edirlər. Sanki yol, ağaclar dövlətə aid olan funksiyadır, insana aidiyyatı yoxdur. İnsan buna öz funksiyası kimi baxmır. Baltikyanı ölkələrdə, Moskvada olan insanlar bilirlər. Kimsə hansısa neqativ hərəkət edirsə, ekologiyanı korlayırsa, insan həyatına ziyan vurursa, ona qarşı dərhal ictimai etiraz olur. Avtobusda kimsə yersiz davranış edirsə, tanımadığı adam irad bildirir. Yaxud da kimsə növbədə başqasının yerinə keçib, bilet almaq istəsə, dərhal orada etiraz qalxır. Bizdə bu etiraz formaları yoxdur, insanlar sanki bir-birinə söz deməkdən çəkinirlər. Həm də çəkinməyin əsas səbəbi onun hansısa mənfi davranışı ilə bağlı deyil. Daha çox özünün də həmin davranışı etmə ehtimalını göz önünə gətirərək başqasına etiraz eləmir. Biri maşından butulka atırsa, başqa ölkədə dərhal o maşının nömrəsini götürüb polisə xəbər verərlər. Bizdə buna “işverənlik” kimi baxırlar, “buna bax, getdi polisə xəbər verdi” deyirlər. Bunlar hamısı odur ki, cəmiyyətdə insan münasibətlərində mədəni komponent çox aşağıdır. İnsanların bir-birinə olan dəyəri, sayğısı yetərli səviyyədə deyil. Ona görə də heç kim başqasını düşünərək etdiyi əməlin nəticəsini görmür. Bu da bizim mental xüsusiyyətdən gəlir. Kimsə özündən sonrakı fəlakət barədə başqasına xəbərdar eləməyə maraqlı görünmür. Özünə rəva bilmədiyini başqasına rəva bilir. Budur problemin kökü. Çimərliklər, küçədəki natəmizlik də hər biri bununla bağlıdır. Yasamalda bina tikmək üçün 100-ə yaxın ağacın dibinə kislota tökdülər. Bunu hansı ölkədə etsəydilər, adamın elə cəzalandırardılar ki. Ona görə də aparılan islahatlar arzuolunan nəticəyə gəlib çıxmır, çünki bu islahatın qabağında bu adamlar durublar. Təkcə cəmiyyətdən söhbət getmir, vəzifəli şəxslər də eyni əxlaqın daşıyıcılarıdır. Ona görə də bunları dəyişməsək, ölkədə insanlar arasında mədəni münasibət inkişaf etməyəcək, elə bu vəziyyətdə də davam edəcək”.
“Məmurlara elmi əsas deyəndə acıqlarına gəlir”
Sosioloq Əhməd Qəşəmoğlu isə bu məsələdə elmi yanaşmanı vacib sayır: “Təəssüf ki, 4 aydır, ard-arda danışıram, bu məsələlərə məsul olan adamlardan heç kim nə eşitmək istəyir, nə də maraqlanır. İndiki halda əhalini hazırlamadan koronavirusla bağlı heç bir uğurdan danışa bilməyəcəyik. Avropada 150 ilə yaxındır ki, xüsusi elm sahələri sürətlə inkişaf edib. Sosial İdarəetmə, Sosial Psixologiya, Sosial iş, onlarca elm sahəsi var ki, cəmiyyətdə gedən prosesləri, əhalinin davranışını formalaşdırmaq üçün bu elm sahələrindən istifadə olunur. İnsanların davranışını tənzimləmək üçün çox mükəmməl işlənmiş elm sahələri var. Əhalini hazırlamadan çimərliklərin açılması, toylara icazə verilməsi, yaxud restoranların işləməsi böyük riskdir. Bəs nə etməli? Burda kompleks tədbirlər lazımdır. Yalnız ictimai qınaq, maarifləndirmə və ya inzibati metod yox. Bunlara kompleks halında baxılmalıdır. Buna elmdə texnologiya deyirlər. Yəni burada bütün işlər elmi əsaslarla görülməlidir. Amma bizdə məmurlara elmi təminat, elmi əsas deyəndə elə bil ki xətirlərinə dəyir, acıqlarına gəlir. Bunlar hesab edirlər ki, məmurdurlarsa, hamıdan ağıllıdırlar. Nə qədər böyük məmur olsan belə, balaca ev tikərkən də inşaatçını dəvət edirsən. Bu məsələlərdə sosial texnoloqların, sosial işçilərin köməyinə ehtiyac var. Amma məmurlar bunu hiss etmədi. Ona görə də bu sahədə işlərimiz ürəkaçan səviyyədə deyil”.
“Məmurlar bilmirlər ki, ictimai qınaq nədir…”
Sosioloq bildirir ki, problemin kökündən həlli üçün layihə hazırlayıb: “Mən konkret layihə təqdim etmişdim. Ölkədə ən işlək mexanizm icra hakimiyyətidir. İcra hakimiyyətinin hər yerdə icra nümayəndəsi var. Birinci, icra hakimiyyətlərinin bu şəbəkəsi hərəkətə gəlməli idi. Ölkə ərazisində əhalinin maarifləndirilməsi üçün işlər görülməli idi. Kəndlərdə ictimai rəy liderləri var idi, onlar dəvət olunmalı, metodologiya onlara izah edilməli idi. Onlar da kəndlərdə təbliğat aparmalı idilər.
İkinci, din xadimləri bu işdə kömək etməli idilər. Din xadimləri özləri gözəl təbliğat apara bilərlər, dinimizdə o şeylərə haram deyilir ki, ondan təhlükə gəlir. O şeylərə murdar deyilir ki, xəstəlik gəlir. Koronavirus həm murdardı, həm təhlükəlidir. Yas mərasimləri qadağan edilməli idi. Ölkə prezidenti bir neçə dəfə ictimai qınaqla bağlı danışıb, amma məmurlar bilmirlər ki, ictimai qınaq nə olan şeydir, bunu necə formalaşdırırlar. Yenə də deyirəm, elmi metodlar olmadan indiki mürəkkəb cəmiyyətdə bunları etmək olmaz”.
Tarix: 11-08-2020, 22:48