Kredit və kommunal güzəştlərin olmaması ciddi problemlər vəd edir Azərbaycanda sərt karantin rejimi iyulun 20-dən sonra daha iki həftə uzadıldı. Bildirilir ki, belə bir qərar Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirələrdən sonra verilib. Vətəndaşların narahatlığını artıran bu qərar onlarda bir sıra suallar yaradır: kommunal xidmətlər, bank borcları və yemək üçün ödəməli olduqları vəsaitləri haradan əldə etsinlər? Və bunun üçün bir həll yolu varmı?
Bu qərar sosial şəbəkə istifadəçiləri arasında ciddi müzakirələrə səbəb oldu. Vətəndaşlar evlərini tərk etmək qadağası altında necə, nəyin hesabına yaşayacaqlarından narahatdırlar. Diqqəti çəkən məqam odur ki, beş aylıq karantin və hökumətin aylarla davam edən sərt tədbirləri zamanı əhali faktiki olaraq evdən çıxmaq hüququnü itirsə də, əhali kommunal xərcləri ödəməyə davam edir. Bundan əlavə, Mərkəzi Bankın kredit təşkilatlarına bank borclarına moratorium tətbiq etmək tövsiyələrinə baxmayaraq, maliyyə strukturları kreditlərin ödənilməsini tələb etməyə davam edir.
Adam başına təsdiq edilmiş yaşayış minimumu - 190 manat məbləğində birdəfəlik işsizlik yardımını ailə üzvlərinin sayından asılı olmayaraq bir çox ailələr alır. Belə vəziyyət absurd görünsə də, reallıqdır - bir ailədə beş nəfər varsa, onlardan heç kim işləmirsə və başqa sosial müavinətlər almırlarsa, onlar öz xərclərini 190 manata sığışdırmalıdırlar. Amma elə ehtiyacı olan ailələr var ki, heç qeyd olunan məbləği də almırlar. Vətəndaşlar bu 190 manatla həm ərzaq almalı, həm iki saatdan bir dəyişdirilməli olan tibbi maskalar almalı, kommunal xidmətlər, bank borcları ödəməli, həm də karantin qaydalarını pozarlarsa, deputatların qərarı ilə ikiqat artırılmış cərimələri ödəməlidirlər. Əgər Azərbaycanda bunu edən bilən ailə varsa, onda deməli, bu ailə mütləq “Ginnesin rekordlar kitabı”na düşməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirirlər ki, onlar pandemiya zamanı 1,665 milyon muzdlu işçinin iş yerlərinin saxlanılması və maaşlarının verilməsi üçün bütün tədbirləri görürlər. Nazirlikdən elektron sistem vasitəsi ilə hər gün işəgötürənlərin izlənildiyini, karantin vaxtı işçilərlə əmək müqavilələrini ləğv edən sahibkarları cəza gözlədiyini deyirlər. ƏƏSMN Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndələri işçinin müqaviləsinin ləğv edilməsinin səbəbini öyrənmək üçün dərhal işəgötürənlərlə əlaqə saxlayırlar. Qeyri-qanuni olaraq işdən çıxarıldığı təqdirdə işçinin hüquqları bərpa olunur və onunla əmək müqaviləsi uzadılır. Ancaq rəsmi əmək müqaviləsi insanların maaş alması demək deyil.
Sosial şəbəkə istifadəçilərinin bildirdiyinə görə, onların bir çoxu əvvəlki iş yerlərində rəsmi qeydiyyata alınıb, lakin işə getmirlər, maaş və kompensasiya almırlar. Eyni zamanda, aktiv əmək müqaviləsinin olması onları, hətta 190 manat birdəfəlik yardım haqqından da məhrum edir. Məlum olur ki, Nazirliyin təzyiqi ilə işəgötürənlər əmək müqaviləsinə xitam vermə faktından qaçırlar və nəticədə rəsmi qeydiyyata alınan digər işçilər də işsizlərdən heç nə ilə fərqlənmirlər. Axı, işləmək qadağan edildiyi və pul ödənilmədiyi təqdirdə əmək müqaviləsi hesabına insanın qarnı doymur.
Lakin, genişmiqyaslı “kölgə” əmək bazarını nəzərə alsaq, bu, sosial problemin yalnız bir hissəsidir. Həqiqətən, bu sahə üzrə mütəxəssislərin fikrincə, qanuni əmək münasibətləri yerli əmək bazarının yalnız üçdə birini təşkil edir, qalan böyük hissəsinə isə dövlət tərəfindən nəzarət edilmir. Belə şərtlərlə işləyən vətəndaşların maddi durumunun uzadılmış karantin dövründə daha da pisləşəcəyi gözlənilir.
AYNA-ya müraciət edən bir çox vətəndaşlar iş və gəlirlərinin olmamasından şikayətlənirlər. Mənzil kirayələyən ailələrin vəziyyəti xüsusilə ağırdır. Paytaxt sakini Ceyhun Məmmədov (ad və soyad dəyişdirilib – red.) karantin səbəbindən işini itirdiyini deyir. Ondan əvvəl bu şəxs kişi ayaqqabısı istehsal edən fabrikdə işləyirmiş, lakin hökumətin tədbirləri səbəbindən bir neçə aydır işləyə bilmir.
“Ailəmin - həyat yoldaşım və üç yaşlı qızımın qarnını nə ilə doyuracağımı, ev kirayəsini necə ödəyəcəyimi bilmirəm. Qazancımın olmamasına baxmayaraq, mənə işsizlik üçün birdəfəlik ödəmə də verilmədi. Bir neçə aydır ki, işləməyimə icazə verilmir. Əlimdə olan cüzi məbləğlə ailəm üçün minimal ərzaq almaq məqsədi ilə iki saat ərzində SMS-lə evdən çıxıram. Ərzaq aldığım pulu da anam mənə öz pensiyasından verir. 190 manat almaq üçün müraciət etsəm də, səbəbsiz rədd edildi. Ancaq kirayəni ödəməli, ailəmin ehtiyaclarını təmin etməliyəm, kommunal xərcləri ödəməliyəm. Qohumlarım bacardıqları qədər kömək edir, amma bu, kifayət deyil”, - deyən Ceyhun Məmmədov günəmuzd iş tapmağa çalışır, amma cərimələrdən qorxur, bildirir ki, bircə dəfə cərimə olunsa, ailəsi ac qalacaq.
İnsanların vəziyyətini bank borcları problemi daha da ağırlaşdırır. Uzadılan sərt tədbirlər biznesə və əhaliyə verilən bank kreditləri ilə bağlı vəziyyəti daha da ağırlaşdırdı. Axı, hökumət işləməyi qadağan edibsə, borcları necə ödəmək olar? Narazı vətəndaşlardan biri “Unibank”a 1500 manat borcu olduğunu deyir. Karantin dövrü və iş yerlərinin olmamasına baxmayaraq, bu maliyyə strukturunun işçiləri vətəndaşı gələcəkdə problemləri yaranacağı ilə təhdid edərək, borcun ödənilməsini tələb edirlər.
Redaksiyamıza müraciət edən digər bir vətəndaş elektrik enerjisi borcunu ödəməkdə çətinlik çəkdiyini qeyd edir: “İsti hava və evdə daim qalma səbəbi ilə elektrik enerjisinin sərfiyyatı artır, çünki kondisionerdən istifadə etməlisiniz. Təkcə ötən ay elektrik enerjisinə görə 80 manatdan çox borc yaranıb. Eyni vəziyyət istehlak edilən su borclarına da aiddir. Əhalinin sağlamlığına qayğı göstərən hökumət niyə karantin zamanı yoluxmayan insanların nəyin hesabına yaşamalı olduğunu düşünmür?”.
İqtisadçıların fikrincə, kredit və kommunal güzəştlər tətbiq edilmədiyi üçün gələcəkdə əhalinin borcları çoxalacaq və bu, ciddi problemlər vəd edir...
Tarix: 19-07-2020, 23:01