BMT: “Pandemiya uzansa, ərzaq qıtlığı ola bilər”
Pandemiya başladıqdan sonra bir çox ölkənin taxıl ixracına məhdudiyyət qoyması, bəzi sektorlarda istehsala ara verilməsi, iş yerlərinin bağlanması, panika səbəbindən mağazaların boşalması dünyada qida tədarükü zəncirini təhlükə altına salıb.
AYNA xarici mediaya əsasən xəbər verir ki, bu barədə BMT dünya ölkələrinə bəyanatla çıxış edib.
Belə ki, dünyanın ən böyük taxıl ixracatçısı Rusiya başqa ölkələrə arpa və buğda satışına məhdudiyyət tətbiq edib, Vyetnam və Kamboca düyü, Misir isə mərcimək ixracına fasilə verib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlamasında bildirib ki, hələlik dünyada hər kəs üçün kifayət qədər qida var, amma pandemiya davam etsə, qlobal ərzaq problemi yarana bilər. Təşkilat bu açıqlaması ilə ölkələrə yaxın həftələr ərzində virusla mübarizədə tədbirləri ciddiləşdirməyə işarə edib: “Bir müddətdir qida A nöqtəsindən B nöqtəsinə daşınmır və meyvə və tərəvəz kimi yüksək qida dəyəri olan məhsullar daha az istehsal olunur. Qida təchizatı zəncirindəki mümkün pozuntuların səbəbləri bunlardır və proqnozlar var”.
“Aprel və may aylarında qida təchizatı zəncirində fasilələr gözləyirik. Məsələn, hərəkətliliyin məhdudlaşdırılması fermerlərə və qida emalçılarına mane ola bilər. Gübrə və baytarlıq dərmanı kənd təsərrüfatı istehsalına təsir göstərə bilər. Restoranların bağlanması və bazar alış-verişinin azalması təzə məhsul və balıq kimi dəniz məhsullarına tələbatı azaldır və istehsalçı və tədarükçüyə təsir göstərir. Bu səbəbdən elə edilməlidir ki, 2008 böhranındakı səhvlər təkrarlanmasın", - deyə qeyd olunub.
FAO ölkələri qida təchizatı zəncirində və ərzaq istehsalında fasilələrin qarşısını almaq üçün lazımi tədbirlər görməyə və beynəlxalq ticarəti açıq saxlamağa çağırıb. Kiçik fermerlərə toxum və əkin materialları və heyvandarlıq üçün yem və balıq təsərrüfatları üçün lazımi məhsullar verilməsini davam etdirməyin vacib olduğu vurğulanaraq, kənd təsərrüfatı işlərinin davam etdirilməsi məsləhət görülüb.
Beynəlxalq əməkdaşlığın açar olduğunu və yerli böhranların əməkdaşlıq və ticarət yolu ilə aradan qaldırılacağını deyən FAO, 2008-ci il böhranında ixrac qadağalarının nə qədər təhlükəli olduğuna şahidlik etdiyimizi xatırladıb.
Açıqlamada, ərzaq qiymətləri ilə əlaqədar aşağıdakı qiymətləndirmə də qeyd olunub: "Təchizatın, ehtiyatın və istehsalın intensiv olduğu əsas ərazilərdə qiymətlərin qəfil artması gözlənilmir, lakin qısa müddətdə ət və balıq qiymətlərində artım ola bilər ki, bu da gərginliyə səbəb olar və ya məhsul istehsalına baxmayaraq, tələb az olduqda qiymətlər aşağı düşə bilər”.