
Tehran Convention Secretariat-nın koordinatoru Mahir Əliyev Astanada keçirilən Regional Ətraf Mühit Sammitində deyib ki, Xəzər dənizində suyun səviyyəsi əsrin ortalarına qədər 8–21 metr azala bilər.
Onun sözlərinə görə, problemin həlli üçün beş Xəzəryanı dövlətin — Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın uzunmüddətli iştirakı vacibdir.
BMT Baş katibinin müavini İnger Andersen də ölkələri elmi monitorinq, iqlim dəyişikliyinə uyğunlaşma və Xəzər ekosisteminin qorunmasını əhatə edən 2026–2036-cı illər üçün birgə fəaliyyət planı hazırlamağa çağırıb.
Xəzər dənizində suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsi artıq heç kəsə sirr deyil. Hətta Xəzəryanı ölkələrin hamısında bunu müşahidə etmək mümkündür. İlk baxışda ekoloji və ya iqlim problemi kimi görünə bilər, lakin bu prosesin pərdə arxasında duran ölkə Rusiyadır.
Rusiya Xəzəri su ilə təmin edən başlıca çaylar — Volqa çayı, Ural çayı və Terek çayı üzərində tikdiyi su anbarları və hidrotexniki qurğular vasitəsilə suyun Xəzərə axınını azaldıb. Digər tərəfdən, Volqanın suyunun yönləndirilməsi həm elektrik istehsalı, həm də Volqa–Don kanalının logistik əhəmiyyəti ilə bağlıdır.
Bundan başqa, Rusiya üçün Xəzərin səviyyəsinin azalması yeni enerji imkanları yaradır. Dənizin çəkilməsi ilə bəzi dayaz sahələrdə neft və qaz yataqlarına çıxış asanlaşır. Hətta bir sıra rus enerji şirkətləri üçün bu, texniki baxımdan sərfəli sayılır, çünki dərinlik azaldıqca dəniz yataqlarında hasilat xərcləri də aşağı düşür. Lakin belə bir hal Xəzərin təbii dövranını pozur. Moskva bunu çox yaxşı bilir. Bu mənzərə fonunda Rusiya üçün Xəzərin təbii ekosisteminin qorunması prioritet deyil.
Xəzəryanı ölkələr məsələ ilə bağlı bir araya gəlib ortaq yol tapmalı, hətta lazım gələrsə Rusiyaya qarşı təzyiq edilməlidir. Əks təqdirdə, Xəzər dənizində suyun səviyyəsi əsrin ortalarına qədər həqiqətən 8–21 metr azala bilər ki, bu da özü ilə təkcə ekoloji deyil, həm də siyasi problemlər gətirəcək.
Müəllif: Turan Rzayev,
AXS.az
Tarix: Bu gün, 14:34