Azərbaycanın ABŞ-də ilk səfiri: “Özümü diplomatiyanın tələbəsi sayırdım”

“Məni ABŞ-də təəccübləndirən ilk məsələ analitik mərkəzlərin işi olub. Özümü diolomatiyanın tələbəsi sayırdım. Analitik mərkəzlərin bir çoxunu ziyarət etməyə çalışırdım. Mənim üçün həqiqətən gözəl universitet olub”.

Musavat.com xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda çıxışı zamanı ADA Universitetinin rektoru, Azərbaycanın ABŞ-də ilk səfiri Hafiz Paşayev bildirib.

Qeyd edib ki, o zaman Azərbaycan həqiqətlərini ABŞ-də tanıtmaq çox çətin idi:

“Ermənilər Azərbaycan tarixini təhrif edirdilər. Mən səfirlərimizə xitabən xahiş edirdim ki, beyin mərkəzlərində müzakirələri izləsinlər. Diplomatiya mənim üçün yeni sahə olduğu üçün zamanımı araşdırmalara, təhsilə sərf etməyə çalışırdım”.

Hafiz Paşayev vurğulayıb ki, forumun işi yaranmış yeni reallıqlar fonunda çox önəmlidir:

“Bir çox hadisə baş verir. Mənə sual verirlər ki, yenidən səfir olmaq istərsinizmi? Mən isə cavab verirəm ki, indi səfir olmaq qat-qat asandır. Hazırda diplomatlar Azərbaycana xüsusi diqqət yetirirlər. O zaman isə ABŞ rəsmiləri Azərbaycan sözünü tələffüz edə bilmirdilər.

Xüsusilə, yada salmaq istəyirəm ki, Vaşinqton görüşündə prezident Donald Tramp Ermənistanın adını çəkməkdə çətinlik çəkdi.

Fərid Şəfiyevin rəhbərliyi ilə BMTM olduqca mütərəqqi işlər görür. Bugünkü forum onu göstərir ki, xaricdən ölkəmizə böyük maraq var. İnanıram ki, bu forum sonuncu olmayacaq”.

Tarix: 18-11-2025, 10:29
Xəbəri paylaş



Xəbər lenti