Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə barışığa səbəb olan görüşü 10 aylıq gərginliyə son qoydu. Ancaq bu daha tez baş verə bilərdi. Siyaset.info-nun analitik şöbəsi yazır ki, əgər təyyarənin vurulması ilə bağlı Kreml lideri Vladimir Putin Düşənbədə dediklərini hadisədən cəmi bir ay sonra söyləsəydi, bu qədər soyuqluq və siyasi böhran da olmazdı.
Baxmayaraq ki, Düşənbə görüşündə də Rusiya prezidenti araşdırmanın davam edəcəyini açıqladı. Lakin ilk gündən məlum idi ki, şübhəli hal yoxdur və mülki təyyarə vurulub. Nəhayət, Putin bir daha üzr istədi və raketin qəlpələrinin təyyarəyə dəydiyini etiraf etdi. Axı bunu Kreml başçısı lap başından bilirdi. Bilirdi ki, hava gəmisinə zərbə olub. Amma 10 ay bu məsələni uzatdı. Bəs niyə vaxtında dünən dediklərini dilə gətirmədi? O zaman bu qədər gərginliyə gətirib çıxarmazdı.
Di gəl, Rusiya üzərimizə gəldi. Yəni təyyarə ilə məsələ qapanmadı. Əvvəlcə deputat Azər Badamov Moksva aeroportunda deportasiya edildi, Yekaterinburqda Səfərov qardaşları OMON-un xüsusi təyinatlıları tərəfindən işgəncə il öldürüldü, Şahin Şıxlınski və başqa diaspor rəhbərləri həbs olundu, bəziləri vətəndaşlıqdan məhrum edildi, bazarlara, obyektlərə hücum oldu və azərbaycanlılar sıxışdırıldı, ardınca kiberhücumlar başladı, Duma üzvləri, ayrı-ayrı rus media resursları təhdidlər yağdırdı, Solovyov kimilər hürməyə başladı.
Azərbaycan da cavab tədbirləri görmüşdü: Rus Evinin qapadılması, Sputnik Azərbaycan əməkdaşlarının həbsi, 13 rusiyalının saxlanması və s.
Bir sözlə, ciddi bir soyuq savaş və siyasi krizis mövcud idi. Halbuki Putin yanvar və ya fevral ayında Düşənbədəki etirafları etsəydi, mövzu çoxdan qapanmışdı. Deməli, Kreml Azərbaycanla münasibətlərin pisləşməsində məqsəd güdüb. Bu da belə əlaqələndirilə bilər ki, Rusiya Azərbaycana yuxarıdan aşağı baxıb, kiçik bir əyaləti kimi görüb, geri çəkilmək istəməyib, təzyiqlərin nəticə verəcəyini hesablayıb.
Putin hakimiyyəti o qənaətə gəlib ki, azərbaycanlıları öldürmək, döymək, hibrid hücumlarla Bakı geri çəkiləcək. Bunların heç biri olmadı. Azərbaycan lideri Çində də Putinlə görüşmədi. Ərəb telekanalına müsahibəsində sərt şəkildə bildirdi ki, bu qanunsuzluqlara dözməyəcəyik. Üstəlik, buna qədər Putini affekat vəziyyətinə salan 8 avqust bombası partlamışdı – Ağ Evdə sülh anlaşması və Tramp marşrutunun razılaşdırılması.
Həmçinin Zelenski ilə görüş, TDT-nin Qəbələ zirvəsi, Kopenhagen zirvəsi və sair təmaslar oldu. Putinin isə bu prosesləri izləməkdən başqa yolu qalmadı. Hərçənd Bakı-Moskva xəttində belə bir gərginlik olmasaydı, 8 avqust sənədinin imzalanması, Zəngəzur dəhlizinin ABŞ-nin nəzarətinə verilməsi bəlkə də mümkün olmazdı, yaxud münasibətlər prosesə təsir edərdi.
Təhlilçilərə görə, Düşənbə görüşündə Əliyevin AZAL-ın təyyarəsinin vurulması ilə bağlı tələblərini qəbul edən Putinin bunu daha öncə etməməsi Zəngəzur dəhlizi ətrafında baş verən mübarizədən qaynaqlanırdı. Mübarizə Rusiyanın əleyhinə yekunlaşdı, hərçənd, Moskva hələ də iki manevr imkanının qaldığını düşünür. Azərbaycanla münasibətlər Rusiya üçün məğlub olduğu prosesdən daha az zərərlə çıxmaq üçün əhəmiyyətlidir. Moskva Bakı ilə münasibətlərin bərpası üzərindən regonda güc balansının kəskin dəyişməsinə imkan verməmək və Şimal-Cənub nəqliyyat layihəsinin inkişafı ilə kommunikasiyaların açılışından kənarda qalmamağa çalışır...
Azər Talıbov
Siyaset.info