
İranın Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər bildirib ki, İranda uzun sürən mübarizədən sonra hicab qanunu ləğv edilib. O qeyd edib ki, hüquqi baxımdan hicab qanununun icrası mümkün deyil:
“İranda hicab qanununu icra etməyə daha gərək yoxdur. Hicab taxmaq məcburiyyəti artıq heç bir cərimə, cəza və ya hüquqi nəticə doğurmayacaq. Polisə də bunu çatdırın”.
İranda hicab qanununun ləğvi illərlə yığılan ictimai gərginliyin, mədəni toqquşmanın və siyasi zərurətin nəticəsidir. Yəni bu, təkcə bir qanunun dəyişdirilməsi deyil, rejimin ideoloji təməlində baş verən sarsıntının göstəricisidir.
Misal üçün Məhsa Əmininin öldürülməsi fonunda İran cəmiyyətində illərlə yığılan səssiz gərginliyi partladı. Həmin vaxtı da o hadisə tək bir qızın faciəsi deyildi xalqın boğulan nəfəsinin simvolu idi. Rejim uzun müddət qadınların azadlıq tələblərini “əxlaq məsələsi” kimi təqdim edirdi, amma M. Əmininin ölümü bu anlayışı alt-üst etdi. İnsanlar anladılar ki, məsələ hicabdan çox, məcburiyyətin özü ilə bağlıdır.
İllərlə davam edən etirazlar, minlərlə qadının başörtüsünü açaraq küçələrə çıxması, milyonlarla kişinin buna səssiz dəstəyi artıq sistemin mövcud forması üçün dözülməz təzyiqə çevrildi. Dövlətin zor gücünə bu prosesi saxlama imkanları da tükəndi. Cəza və təqib mexanizmləri işləmədikcə, hicab qanunu da mənasını itirdi.
İranda ictimai müqavimət o qədər dərinləşib ki, məcburiyyət mexanizmləri artıq işlək deyil. İnsanlar küçələrdə, universitetlərdə, mağazalarda, ictimai nəqliyyatda bu qanunu faktiki olaraq ləğv ediblər. Dövlət isə indi sadəcə bu reallığı qəbul etməyə məcbur qalıb. Bu mənada Məhəmmədrza Bahonərin “hicab qanununun hüquqi baxımdan icrası mümkün deyil” deməsi formal bəyanatdan daha çox, rejim daxilindəki yeni siyasi reallığın etirafıdır.
Pezeşkian hökuməti bunu çox yaxşı anlayıb. Əslində o, sistemin içindən çıxmış, amma islahatçı imici ilə seçilən bir fiqurdur. Onun dövründə bu kimi qərarların səslənməsi xalqla rejim arasında yeni bir “sakit razılaşma” yaratmaq cəhdidir. Aydın məsələdir ki, hicab məsələsində geri addım atmaq, rejimin ideoloji itkisidir. Yəni rejim müəyyən sosial sərbəstliklər verir, əvəzində siyasi sistemin “vilayəti-fəqih” prinsipinə toxunmur kökləri qoruyur. Bu, rejimin özünü qoruma instinktidir.
Bu addım atılmasa, sərt ideoloji nəzarət davam etsə heç şübhəsiz sistem bir vaxt sonra iflas edəcək, ardınca gələcək dəyişikliklər bütün strukturu dağıda bilər. Buna görə də sistem “liberallaşma görüntüsü” yaradır, amma əsas dayaqlar dini rəhbərlik, inqilab keşikçiləri, məhkəmə sistemi toxunulmaz qalır.
Müqayisə üçün deyim ki, SSRİ süqutuna yaxın yəni Qorbaçov dövründə yenilənməni siyasi sferadan başlatdı “qlasnost” və “perestroyka” ideoloji əsasları laxlatdı, sistemin özünü yeyən mexanizmə çevrildi. Çin isə əksinə, iqtisadi açılımı ideoloji nəzarət altında saxlayaraq həyata keçirdi. Yəni bazar iqtisadiyyatı tətbiq edildi, amma Kommunist Partiyasının hakimiyyəti sual altına alınmadı. Bununla da sistem çevik, lakin avtoritar bir modelə keçdi.
Mənə görə İran bu gün eyni yolu fərqli kontekstdə sınayır. Əslində, bu, yeni dövrün “islahatçı avtoritarizmi”dir. Xalqın tələblərinə minimum cavab verərək maksimum nəzarəti saxlamaq siyasəti. Çin bunu iqtisadiyyatla etdi, İran isə sosial, dini dəyərlər üzərindən edir.
Pezeşkian bunu həm də beynəlxalq arenada İranın təcridini yumşaltmaq üçün istifadə etmək istəyir. Xüsusilə də Qərblə nüvə danışıqları fonunda bu yumşalma İrana müəyyən siyasi dividendlər qazandıra bilər.
Bununla belə mənə görə bu model qısa müddətdə sabitlik gətirə bilər. Yəni məsələyə uzunmüddətli baxsaq, daxilində paradoks var. Çünki İran kimi cəmiyyətlərdə bir dəfə azadlıq qapısı aralandımı, cəmiyyət onu tam açmaq istəyəcək. Rejim isə çətin ki, bu prosesin sonunda qalib olsun.
Müəllif: Politoloq Turan Rzayev,
Neqativ.com
Tarix: Bu gün, 17:06