
Çinin paytaxtı Pekində Yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunmuş parad geniş müzakirələrə səbəb olub. Xüsusilə Rusiya, Çin və Şimali Koreya arasındakı yaxınlaşma Qərb tərəfindən ciddi təhlükə siqnalı kimi qəbul edilir. “Vaşinqton Post”un yazdığına görə, Rusiya, Çin və Şimali Koreya yeni bir ittifaq yarada bilər və bu, NATO-nun, eləcə də ABŞ-ın qlobal təsir imkanlarını zəiflədəcək.
İddialara görə, paralel olaraq Vaşinqton Yaponiya və Cənubi Koreyanı ətrafında birləşdirərək Asiya-Sakit Okeanda yeni blok yaratmaq planlarını nəzərdən keçirir. Trampın yaxın günlərdə Cənubi Koreyaya səfəri bu ehtimalları daha da gücləndirir.
“Vaşinqton Post”un iddiaları diqqət çəkən olsa da, reallığı tam əks etdirmir. İlk növbədə, Pekində keçirilən parad İkinci Dünya müharibəsində qazanılmış qələbənin 80-ci ildönümünə həsr olunub. Şimali Koreya lideri Kim Çen İn, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin həmin tədbirdə qələbənin ildönümünü qeyd etdilər. Əslində, məsələ çox sadədir: Putinin və Kim Çen İnin iştirakı simvolik xarakter daşıyır. Həm SSRİ, həm də Şimali Koreya (o dövrdə Koreya yarımadası üzərində Sovet təsiri var idi) Çinə Yapon militarizminə qarşı mübarizədə yardım göstərmişdilər. Bu səbəbdən onların iştirakı “biz birlikdə döyüşdük, birlikdə qələbə qazandıq” mesajını verir. Bu, həmçinin ortaq kommunist keçmişin nümayişidir. Yeri gəlmişkən, Çin və Şimali Koreya hələ də kommunist rejimlərdir. Rusiya isə öz sovet mirasına siyasi və simvolik baxımdan sahib çıxmaqla “müqəddəs müharibə” yaddaşını qoruyur.
Düzdür, hər üç lider anti-Qərb mövqeyi ilə seçilir. Lakin bu paradda iştirakın Çin, Rusiya və Şimali Koreya arasında NATO kimi formal, hüquqi öhdəliklərə əsaslanan klassik strateji ittifaqın formalaşması demək olmadığı mənasına gəlir. Hazırkı beynəlxalq şərtlərdə belə bir ittifaq real görünmür. Çin bu cür açıq və institusional qarşıdurma bloklarına qoşulmaqdan yayınmağa çalışır. Pekin üçün iqtisadi sabitlik və Qərb bazarları ilə əlaqələr hələ də strateji əhəmiyyət daşıyır. Rusiya və Şimali Koreya isə daha kəskin və açıq şəkildə Qərblə qarşıdurma mövqeyindədirlər. Bu səbəbdən tərəflər arasında balanslı, lakin fərqli ehtiyaclardan doğan, qismən asimmetrik əməkdaşlıq formatı mövcuddur.
Bu münasibətlər daha çox konkret maraqlar üzərində taktiki yaxınlaşma formasındadır. Rusiya enerji ixracında və silah alış-verişində Şimali Koreya ilə əməkdaşlıq edir, eyni zamanda Çinin texnoloji və diplomatik dəstəyinə güvənir. Şimali Koreya isə bu əlaqələrdən həm iqtisadi nəfəs borusu, həm də nüvə proqramına dolayı legitimlik qazanmaq üçün istifadə edir. Çin isə bu iki ölkəni tam şəkildə öz orbitinə salmaq əvəzinə, onları balanslayaraq Qərb təzyiqlərinə qarşı sakitcə bir “geosiyasi tampon” kimi saxlayır.
Ümumiyyətlə, Asiyada dövlətlərin şəxsi təşəbbüsü ilə yeni ittifaq qurmaq çox çətindir. Çünki Avropadan fərqli olaraq Asiya qitəsində din, millət və ideoloji fərqliliklər daha kəskindir. Hətta eyni ideologiyaya sahib ölkələr belə zamanla kəskin fərqliliklər yaşayır. Müqayisə üçün deyə bilərik ki, ABŞ, Cənubi Koreya və Yaponiya uzun illərdir Çin və Şimali Koreya əleyhinə üçlü bir pakt qurub.
Burada əsas sual budur: Çin ABŞ kimi NATO və ya Aİ qurmaq istəyirmi? Məncə, xeyr. Məsələ ondadır ki, elə ABŞ və Qərbin də istədiyi budur – yeni bir soyuq müharibə yaransın. Bunun üçün yeni SSRİ, yeni Varşava Paktı lazımdır. Vahid düşmən olduqda isə vahid cəbhə yaradıla bilər. Çünki SSRİ-yə qarşı ABŞ bunu etmişdi.
Çinin siyasəti çox unikaldır və keçmiş dərslərdən düzgün nəticə çıxarmağı bacarır. Bəli, Pekinin planı var, amma bu, yeni bir pakt və ittifaq yaratmaq deyil, mövcud ittifaqları parçalamaq və çoxqütblü dünya yaratmaqdır. Çoxqütblü dünya modelini hazırda bir çox ölkə istəyir, xüsusilə keçmiş imperialist ənənəsi olan dövlətlər. Bu tendensiya Avropada da mövcuddur. Bu modelin dövlətlər üçün üstünlüyü ondadır ki, hər an alternativ ittifaqlar və güc mərkəzləri yaradıla bilər. Eyni qaydada ABŞ kimi güclərin günah keçisi elan edə biləcəyi ölkələrin sayı bir deyil, bir neçə olur.
Hesab edirəm ki, dünya “ikiyə bölünmə mərhələsinə keçir”, “Çin yeni ittifaq yaradır” kimi yanaşmalar klassik Qərb perspektividir. Şərqin düşüncəsi isə fərqlidir: Şərq birləşə bilmir, bu zəiflik kimi görünə bilər, amma siyasətdə zəifliyi üstünlüyə çevirmək sənətidir. Çin bu zəifliyi öz xeyrinə çevirərək çoxqütblü dünya nizamını formalaşdırır. Amma çoxqütblü dünya da nizam tələb edir və bunu ölkələrə borc verərək həyata keçirir. Yəni Çin maliyyəsi ilə ölkələrə təsir göstərir, amma eyni zamanda vahid siyasi birliklərin yaranmasını istəmir.
Müəllif: Politoloq Turan Rzayev,
Neqativ.com
Tarix: Bu gün, 12:38