“Hesab edirəm ki, amerikalılar Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinin nəticələrini gözləyəcəklər. TRIPP-in (Zəngəzur dəhlizi - red.) həyata keçirilməsi üçün real addımlar yalnız seçkilərdən sonra və yalnız hakim partiya qalib gələrsə, atılacaq. Yəni vəziyyəti öz xeyrinə dəyişmək üçün Rusiyanın 8-9 ay vaxtı var”.
Bunu Ermənistan APRI analitik mərkəzinin rəhbəri Benjamin Poqosyan erməni mediasına müsahibəsində deyib. Bildirib ki, həm Tehran, həm Moskva hələ gözləyir: “Vaşinqtonda yalnız niyyət memorandumu və bəyannamə imzalanıb. Hələlik real addımlar atılmayıb. Sünikdə amerikalılar peyda olmayıb, amerikan-erməni şirkəti isə hələlik qeydiyyatdan keçməyib. Düşünürəm ki, İran Sünikdə hansı amerikalıların və hansı məqsədlərlə peyda olacağını anlamaq üçün gözləyəcək. Rusiyaya gəlincə, strateji baxımdan Moskva üçün Cənubi Qafqaz ABŞ-dən qat-qat vacibdir. Rusiya üçün bura keçmiş Sovet İttifaqının ərazisidir və burada həmişə öz maraqlarını bəyan edir. Buna görə də uzunmüddətli perspektivdə ruslar çətin ki, Ermənistanda 99 il ərzində qeyri-müəyyən səlahiyyətlərə malik Amerika şirkətinin peyda olmasından məmnun olsunlar. Ancaq hələlik TRIPP, sadəcə, Vaşinqtonda imzalanmış bəyannamədir. Deməli, hələ heç nə baş vermir və hesab edirəm ki, Rusiya da gözləyir. Rusiya hələlik bu istiqamətdə ciddi səy göstərməyin lazımsız olduğunu anlayır. Ortada yalnızca niyyət memorandumu da var, deməli, yeni hökumət yaranarsa, Vaşinqton bəyannaməsinin onun üçün heç bir hüquqi qüvvəyə malik olmadığını bəyan edə bilər”.
Yeri gəlmişkən, ötən həftə Zəngəzur dəhlizinin bir hissəsi olacaq Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin təməl qoyulub. “224 kilometrlik xətt bizim sərhədlərimizə düşür. Naxçıvan sərhədində 170 kilometrlik bir xətt var: 150 kilometri hazırdır, bərpa olunacaq, 20 kilometri də tikiləcək, bunu Azərbaycan edəcək. Bizim tərəflə eyni vaxtda tamamlanacaq. Eyni zamanda Zəngəzurda - Ermənistanda 43 kilometrlik bir xətt çəkiləcək”, - deyə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu deyib. Türkiyəli nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin 2029-cu ilin sonunadək istismara verilməsi planlaşdırılır. “Zəngəzur dəhlizi sülh layihəsidir. Bunun həyata keçirilməsi ilə Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni bir ölçü alacaq”. Bunu avqustun 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan artıq təməli atılan 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin Zəngəzur dəhlizinin onurğa sütunu olacağını vurğulayıb.
Beləliklə, təhlillər göstərir ki, Paşinyan hökuməti və ABŞ tələsməsə, “Tramp dəhlizi” gerçəkliyə çevrilməyə bilər. Bunun üçün addımlar sürətləndirilməlidir.
Bəs ekspertlərin qənaəti nədən ibarətdir? Paşinyan gələnilki seçkilərdə məğlub olarsa, “Tramp yolu” açılmaya bilərmi? Moskva və Tehranın Zəngəzurla bağlı son açıqlamaları qaneedici deyilmi?
Siyasi ekspert Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində açılması üçün üçtərəfli razılaşma var: “Bu maddənin icra edilməməsi üçün Paşinyana təzyiq oldu və Qərbin təlimatını yerinə yetirdi. Hazırda Paşinyan Ermənistanda Rusiyanın nüfuzunun azalması üçün siyasəti davam etdirir. Ancaq bizə fərq etmir ki, dəhlizə kim nəzarət edəcək. Əsas məsələ maneəsiz gediş-gəlsin olmasıdır”.
A.Məsiyev dedi ki, sadəcə, Cənubi Qafqazda böyük güclərin maraqları toqquşur: “Əgər ABŞ Ukraynada geri çəkilərsə, Rusiya Cənubi Qafqazda Vaşinqtona güzəştə gedəcək. Yəni bağlı qapılar arxasında bir anlaşma olacağı istisna deyil. Ukrayna cəbhəsində vəziyyət ağırlaşacaqsa, o zaman bizim regionda da gərginlik artacaq, dəhlizlə bağlı tərəflər üz-üzə gələcəklər”.
A.Məsiyev qeyd etdi ki, Ermənistanda 2026-cı ildə gərgin seçkilər olacaq: “Bu seçki ölkənin taleyinin hansı qütbün təsiri altında olacağı uğrunda rəqabətlə keçəcək. Birləşmiş Ştatlar bölgədə təsirinin güclənməsi üçün bir logistika şirkəti vasitəsilə yerləşməyə çalışır. Ermənistan da buna 8 avqust anlaşmasında razılıq verib. Bu da Rusiya və İranın maraqlarına ziddir. Üstəlik, Moskva 10 noyabr sənədinə istinad edir. Ona görə də böyük güclərin maraqları uzlaşmasa, hansısa kompromis olmasa, Ukrayna ilə bağlı razılaşmalar əldə edilməsə, Cənubi Qafqazda vəziyyət gərginləşə bilər. Çünki bizim region dünyanın bir parçasıdır və geosiyasi mübarizədə baş verənlərin bölgəmizə təsiri qaçımazdır. Ona görə də qarşıda ciddi və strateji bir rəqabətin olacağı şübhə doğurmur. Bir daha qeyd etməliyəm ki, ABŞ-Rusiya danışıqları, Ukrayna ilə bağlı razılaşmalar Zəngəzur dəhlizinə nəzarət faktorunda ciddi rol oynayacaq. Azərbaycan gərginlikdə maraqlı deyil və regionda iqtisadi dirçəlişin tərəfdarıyıq. Biz Naxçıvana quru yol istəyirik. Bu öhdəliyi Ermənistan götürüb. İrəvan indi borcludur ki, dəhlizi açsın. Sadəcə, məsələnin uzanması mümkündür. Xüsusən də seçkilərə görə yubana bilər”.
Qeyd edək ki, Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanacaq. Prezident Donald Tramp bildirib ki, yol 99 illiyinə icarəyə veriləcək, amma sonradan daha 99 il uzadılacaq. İkinci Qarabağ müharibəsi bitəndən bəri Azərbaycanla Ermənistan bu nəqliyyat yolu ilə bağlı heç cür ortaq məxrəcə gələ bilmirdi. Xüsusilə Rusiya 10 noyabr bəyanatına istinad edərək bu dəhlizə iddiasını hər fürsətdə ortaya qoyub. İranın mühafizəkar hakimiyyət qolu “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” sayıb.
Rusiya Xarici İşlər Nazirliyi (XİN) “Tramp marşrutu” layihəsinin detallarını öyrənmək niyyətindədir. Avqustun 13-də keçirilən brifinqdə Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev belə deyib.
“Tramp marşrutu”na gəlincə, biz öz mövqeyimizi sonraya saxlamışıq. Rusiya XİN layihənin təfərrüatlarını öyrənəcək, yeri gəlmişkən, bu detallar hələ açıqlanmayıb. Bu halda Cənubi Qafqaza regiondankənar qüvvələrin cəlb edilməsi sülh gündəliyinin irəliləməsinə kömək etməli, yeni problemlər və yeni ayırıcı xətlər yaratmamalıdır", - o qeyd edib.
Emil SALAMOĞLU