Azərbaycanın Ukrayna ilə qaz əməkdaşlığına dair atdığı son addım Kreml çevrələrində açıq qıcıq yaradıb. Ukraynanın “Naftoqaz” şirkəti ilə SOCAR arasında imzalanan ilk qaz alqı-satqısı müqaviləsi həm enerji bazarında yeni səhifə açır, həm də Azərbaycanın müstəqil siyasət yürütmək əzmini göstərir. Lakin Moskva bu addımı “dostluğa xəyanət” kimi təqdim etməyə çalışır.
Rus hərbi blogeri Kirill Fedorov SOCAR-ın Ukrayna ilə sazişini şərh edərkən Azərbaycanın Rusiya üçün “daha bir dost olmayan dövlət” statusuna yaxınlaşdığını bildirib.
“Two Majors” Telegram kanalı isə əlavə edib ki, Ukrayna əvvəllər ABŞ-dan aldığı maye qazı Yunanıstanda yenidən qazlaşdıraraq “Transbalkan” marşrutu ilə idxal etməyi planlaşdırırdı, indi isə SOCAR-ın prosesdə aktiv iştirakı Moskvanı narahat edib.
Ancaq ən sərt və açıq təhdid Kremlin tanınmış təbliğatçılarından biri - iqtisadçı və politoloq Mixail Xazindən gəlib. O, Azərbaycana qarşı həyasız şəkildə hədələr səsləndirib: “Azərbaycanda cəmi iki elektrik stansiyası var. Bunları asanlıqla sıradan çıxarmaq olar. Onda ölkə sadəcə olaraq 18-ci əsrdə olacaq”. Xazin bununla kifayətlənməyərək, Azərbaycanın guya İrana qarşı “intrigalarda” Qərbin sifarişi ilə iştirak etdiyini iddia edib.
Bu, təkcə bir fərdin dili ilə deyilən söz deyil - bu, Moskvanın klassik “ayı siyasəti”nin açıq nümunəsidir. Kreml uzun illərdir qonşularına qarşı enerji infrastrukturunu hədəfə alan təzyiq metodlarından istifadə edir. Ukrayna qaz böhranı (2006, 2009), Baltik ölkələrinə qarşı neft məhsulları embarqosu, Gürcüstana qarşı enerji blokadası - bunların hamısı eyni məktəbin “dərsləridir”. İndi isə həmin təhdid dili Azərbaycana qarşı səsləndirilir.
Rusiyanın bu tip şantajları yeni deyil. Tarix göstərir ki, Moskva əvvəlcə iqtisadi asılılıq yaradır, sonra isə bu asılılıqdan siyasi təsir aləti kimi istifadə edir. Azərbaycana qarşı “elektrik stansiyalarını vurmaq” kimi açıq-aşkar dövlət terrorunu xatırladan bəyanatlar isə artıq həddi aşmaq deməkdir. Bu, nə diplomatiya, nə də müttəfiqlik anlayışına sığır - bu, ancaq və ancaq imperial təfəkkürün təzahürüdür.
Azərbaycan belə təhdidlər qarşısında susmamalıdır. Çünki ayının dişi vaxtında sındırılmasa, o, gec-tez hücuma keçəcək. Enerji şantajı metodları keçmişdə necə uğursuz olubsa, bu gün də uğursuz olacaq. Azərbaycanın enerji siyasəti milli maraqlara, bazar iqtisadiyyatına və geosiyasi balans prinsiplərinə əsaslanır.
Moskva anlamalıdır ki, XXI əsrdə “18-ci əsrə qaytarmaq” hədəsi artıq keçmir. Azərbaycan öz enerji müstəqilliyini qorumaq üçün kifayət qədər siyasi iradəyə, iqtisadi gücə və beynəlxalq tərəfdaşlara malikdir. Xazin kimilərinin dilindən səslənən hədə-qorxular isə yalnız bir həqiqəti təsdiqləyir: Kreml müstəqil siyasət yürüdən Azərbaycana tab gətirə bilmir.
Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Rusiya təcavüzkar olduğunu hər addımda və hər an hiss etdirməyə çalışır. Onun sözlərinə görə, rusiyalı politoloqların belə açıqlamaları artıq təəccüblü deyil: “Ümumiyyətlə, bu dövlətin mahiyyəti təcavüzkarlıq üzərindədir. Rusiyanın vətəndaşları da, siyasi xadimləri də, ayrı-ayrı söz sahibləri də ona uyğun danışır və davranır. Bu baxımdan rusiyalı blogerlərin, siyasi şərhçilərin belə çıxışları bizi təəccübləndirmir. Biz o zaman təəccüblənərdik ki, Rusiya qonşulara münasibətdə sülhpərvər mövqedən çıxış etsin.
Rusiyadan gözləntilər isə təcavüzkarlıqdır. Çünki vəhşi mahiyyəti olan qanlı imperiyadır. Rusiya heç vaxt qonşuların seçimlərinə hörmət etmək istəmir. Bunu, ümumiyyətlə, ağıllarına gətirmirlər. Hələ də düşünürlər ki, Azərbaycan və digər qonşu dövlətlər Rusiyanın işğalı, istilası altındadır. Düşünürlər ki, biz onlardan icazə alıb addım atmalıyıq. Kobud şəkildə desək, qanmırlar ki, müstəqil, suveren dövlətlər üçüncü tərəflərlə münasibət qurarkən Rusiyadan icazə almağa borclu deyil. Rusiya bizim başımızın ağası heç deyil. Təəssüf ki, bunu qanmaq istəmirlər, lakin qandıracağıq.
Biz buna qədər də Rusiyanı qandırdıq ki, Ermənistanla birgə işğal etdiyi Qarabağdan çıxıb getməlidir və getdi. Bundan sonra da Rusiyaya yerdə qalan məsələləri qandıracağıq. Azərbaycan kimin üçünsə balaca dövlət kimi görünə bilər. Lakin unutmasınlar ki, ölkəmiz öz ayaqları üzərində durmağı bacaran, öz iradəsi ilə hərəkət edən, özünə hörmət qoyan ləyaqətli bir dövlətdir. Bu dəyərləri Rusiyanın başında duranlar anlamazlar. Çünki onlarda bu cür dövlət əxlaqı və ədəbi yoxdur. Olsaydı, bu cür təcavüzkarlıqla üzərimizə gəlməyə cəhd etməzdilər".
A.Həsrət deyib ki, Rusiya ölkə daxilində respublikaların gücünü küçümsəməməlidir: “Azərbaycanı vurmaq Rusiyanın öz başında çanağın partlaması deməkdir. Dağıstan başda olmaqla, Şimali Qafqazın respublikaları onsuz da müstəqilliyə can atırlar. Və artıq son zamanlar açıq şəkildə bəyan edirlər ki, Rusiya Azərbaycana qarşı təcavüzkarlığa yol verərsə, Rusiya əsgəri Azərbaycana çatmadan ölkə daxilində məhv ediləcək. Yəni onlar Dağıstanı, Çeçenistanı, İnquşetiyanı, bütövlükdə Şimali Qafqazı keçə bilməyəcəklər.
Faktiki olaraq Rusiya ilə Azərbaycan qonşu deyil. Baxmayaraq ki, Dağıstan Respublikası Rusiyanın tərkibindədir, artıq Rusiya Dağıstanda demək olar ki, yoxdur. Rus milləti oranı tərk edib. SSRİ dağılanda Dağıstanda əhalinin 25 faizi rus idisə, hazırda orada onların sayı 2 faizdir. Eyni şeyi Çeçenistan, İnquşetiya haqqında da demək olar. Çünki Şimali Qafqaz rus və Rusiya torpağı deyil. Belə vəziyyətdə olan dövlət Azərbaycanı vurmaq deyil, əksinə, Azərbaycanın rəğbətini qazanmaq haqqında düşünməlidir.
Ukraynaya əcəb edib qaz satırıq, Rusiyadan icazə almalıyıq? Siz kimsiniz ki? O dövrlər bitdi. Biz artıq müstəqil, suveren dövlətik. Kiminlə necə münasibət qurmağı da özümüz müəyyən edirik. Bunu Kreml tez anlasa, yaxşı olar. Rusiya hazırda SSRİ-nin getdiyi yerə təmtəraqla gedir".