Rus sülhməramlıları hansı qanuna tabedir?


Şuşada terrora görə cinayət təqibi necə aparılmalıdır, terrorçu niyə Azərbaycana vermədi və hüquq normaları bu məsələdə necə tətbiq edilməlidir?
Noyabrın 13-də saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şose yolu ilə avtomobildə hərəkət edən Norayr Mirzoyan və cinayətkar birlik halında olan bir qrup şəxslər “RQD-5” markalı əl qumbarasını Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin postuna atmaqla terror aktı törədiblər. Nəticədə 3 Azərbaycan əsgəri yaralanıb. Norayr Mirzoyan Rusiya sülhməramlıları tərəfindən saxlanıldı, ancaq ki, Azərbaycan hüquq mühafizə orqanlarına təhvil vermədi.
Norayr Mirzoyan və onunla əlbir olan şəxslər Azərbaycan Respublikasının suveren ərazisində cinayət hadisəsi törədiblər. Bu cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan qanunvericiliyi ilə 14 ildən başlayaraq ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir (CM maddə 214).
Həmin cinayət hadisəsi Azərbaycan Respublikasının suveren ərazisində baş verdiyindən cinayət təqibi də Azərbaycan Respublikasının yurisdiksiyasına aiddir.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə görə Cinayət-prosessual qanunvericiliyi Azərbaycan Respublikasının bütün ərazisində bu Məcəllənin 3.3 və 3.4-cü maddələrində nəzərdə tutulan istisnalarla, heç bir məhdudiyyət qoyulmadan qüvvədədir.
Məlumdur ki, həmin terror aktını törətmiş şəxslər Ermənistan Respublikasının vətəndaşıdırlar. Bu halda-da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 6.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 5.1.-ci maddəsinə əsasən “Cinayətin törədilməsində şübhə və ya ittiham olunan xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər haqqında cinayət-prosessual fəaliyyət Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.”
Bir mənalı bilməliyik ki, Azərbaycan ərazisində yerləşən və hüquqi formasından asılı olmayaraq bütün vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Azərbaycan qanunvericiliyinin təsir dairəsindədir. Ermənistan, İran və sair və ən əsas Rusiya sülhməramlıları Azərbaycan Respublikasının qanunvericiliyinə tabe olmalıdır. Rus sülhməramlıların qanuni fəaliyyəti ilə bağlı böyük suallar var. Hətta Rusiya qanunvericiliyinə də Rusiya sülhməramlıları Azərbaycan ərazisinə elə Rusiyanın özünün pozulması ilə yerləşdirib. Və Rusiya Federal Məclisinin Yuxarı Palatası bu uyğunsuzluğu geri tarixlə aradan qaldırmağa çalışırdı. Digər tərəfdən Rusiya sülhməramlıların Azərbaycanda fəaliyyətinin tənzimlənməsi üçün və bu fəaliyyətə beynəlxalq və ya hüquqi status vermək üçün Rusiya Azərbaycanla rus sülhməramlıları ilə bağlı iki tərəfli müqavilənin bağlanmasına çalışır ki, rus sülhməramlıların fəaliyyətinə hüquqi səlahiyyət verilsin. Bu gün ki, gün Rusiya sülhməramlıların Azərbaycanda fəaliyyətinə və statusuna dair heç bir müqavilə bağlanmayıb daha doğrusu, bu müqaviləni bağlamasını Azərbaycan imtina edib yəni ki, rus sülhməramlıların Azərbaycanda fəaliyyətinin beynəlxalq hüquqi statusu yoxdur. Bu isə o deməkdir ki, rus sülhməramlıları da ancaq və ancaq Azərbaycanın milli qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməli və onun tələblərinə bir mənalı tabe olmalıdır. Ancaq görünən odur ki, Rus sülhməramlıları öz səlahiyyətlərini aşaraq, Azərbaycan qanunlarına hörmətsizlik və tabesizlik edərək terrorçuluq etmiş cinayətkarı Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verməmişdir. Bu isə işin hüquqi tərəfindən daha çox siyasi tərəfidir və ruslar bilirdilər ki, Norayr Mirzoyanı və onunla əlbir olan şəxsləri Azərbaycana təhvil versələr ermənilər arasında məhv olmaqda olan rus təsirini daha zəiflətmiş olurlar. Digər tərəfdən Azərbaycana təhvil verilmiş
cinayətkarların sonradan Ermənistana ekstradisiyasına Azərbaycan qanunvericiliyi yol vermir belə ki, Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən cinayət Azərbaycan Respublikası ərazisində törədildikdə Ekstradisiyadan imtina edilə bilər. Görünən odur ki, ruslar öz nüfuzunu ermənilər arasında qorumaq üçün Azərbaycan qanunlarına yumşaq desək hörmətsizlik və tabesizlik göstəriblər.
Beynəlxalq hüquq normaları bu məsələdə necə tətbiq edilməlidir? Beynəlxalq hüquq deyəndə bu anlayışını konkret konseptual şəkildə tərif vermək düzgün deyil, ancaq ümumən desək Beynəlxalq hüquq-sülhü və əməkdaşlığı təmin etmək məqsədilə dövlətlərarası münasibətləri tənzimləyən hüquq normaları sistemidir və Beynəlxalq hüququn məqsədi dövlətlər arasında sülhü və əməkdaşlığı təmin etməkdir. Bu baxımdan Azərbaycan dövləti Beynəlxalq siyasi və hüquqi subyekt kimi milli qanunvericiliyə malikdir və öz suveren ərazisində milli qanunvericilik normaları bütün ərazisində məhdudiyyətsiz hakim qüvvəyə malikdir. Baş vermiş hadisə terror aktıdır və Azərbaycan dövlətinə, xalqına və onun ordusuna qarşı hücumdur və sözsüz ki, Azərbaycan cinayətkarları tələb edərək öz ərazisində mühakimə hüququna malikdir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
Neqativ.com
Tarix: 24-11-2021, 22:09
Xəbəri paylaş



Xəbər lenti