“Erkin Qədirli işinin fəallığını artırdıqca, seçkiyə gedib parlament mövqeyi əldə etməyimizin doğru qərar olduğuna inamımız güclənir. Həmmüəllifi olduğumuz siyasi gedişatın yaratdığı bütün imkanları milli, yəni cümhuriyyətçi məqsədlərimizin xidmətinə qoymaqda davam edəcəyik”.
Cebhe.info xəbər verir ki, bunu ReAl Partiyasının sədri İlqar Məmmədov deyib. İ.Məmmədov nəticələri ləğv olunan 4 dairədə keçirilməsi gözlənilən təkrar seçkilərdə də iştirak etmək niyyətində olduqlarını bildirib:
“Lakin parlamentdə bir nəfərlə kifayətlənmək olmaz – təmsilçiliyimizi gücləndirməliyik və bunun üçün təkrar ya da əlavə seçkilərdə ReAl iştirak etməlidir. Hələlik təkrar seçki ancaq səsvermə nəticələri ləğv olunmuş 4 dairədə nəzərdə tutulub, vaxtı isə bəlli deyil. Uzun illərdir təbliğ olunan inamsızlığı qıraraq İmişli-Beyləqan (Dairə 80) və Lənkəran kəndlərində (Dairə 74) dar çərçivəli bir kampaniyaya insanları səfərbər etmək imkanımız məncə azdır. Bakıdakı 35 saylı Xətai seçki dairəsində isə Ağazadə-Arifoğlu qarşıdurmasını kölgədə qoyub-qoymamaq haqda hələ qərarımız yoxdur. Fikirləşməliyik. Xətaidəki 33 saylı dairədə də vəziyyət qeyri-müəyyəndir. Təkrar seçkiyə qədər Ruslan İzzətli orduda xidmətdən geri qayıtsa, 4 ay öncə olduğu kimi Respublikaçı Alternativ olaraq yenə onun namizədliyinə tam siyasi dəstəyimizi ifadə edəcəyik. Lakin təkrar seçki daha tez keçirilsə, Respublikaçı Alternativin bu dairədən öz namizədinin olması ehtimalı çox yüksəkdir. Deputatın icra vəzifəsinə təyin olunması ya da digər səbəblə Milli Məclisdə hər hansı yer boşalarsa, ona aid dairədə təkrar deyil, əlavə seçki keçirilir. Təkrar və əlavə seçkilərin eyni vaxtda keçiriləcəyi gümanındayam. Vəziyyəti izləməkdə davam edirik və seçkiyə ən fəal çəkildə qatılmaq niyyətindəyik”.
Vilayət Muxtar