“Rəhmətlik Zahid Dünyamalıyev soydaşlarımıza dedi ki, gərək olsa, sizi silahla da təmin edəcəyik…”
“Nazir azərbaycanlılara “Axı bu gürcü xalqından nə istəyirsiniz” deyəndə arxada duran gürcü o birinə dedi ki, bundan sonra azərbaycanlılara nə istəsək, edə bilərik…
Hazırkı durumda torpaqlarımızın azad edilməsi üçün xalqın qürurunu sındırmaq, ümidlərini qırmaq yox, ona savaş ruhu vermək gərəkdir. Bu işdə dövlət rəhbərliyi, güc strukturları və başqa qurumlarla yanaşı, hər bir rəhbər və digər məmurlar da fəal iştirak etməlidir…
Bu mövzuda söhbət etdiyimiz Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarənin keçmiş rəisi, istefada olan polkovnik Mehman Mehmanov Moderator.az-a geniş açıqlamasında sovet dövründəki Azərbaycan rəhbərliyi, güc nazirlərinin xalqla rəftarı ilə bu günkü rəhbərlərin münasibəti arasında həyati və iş təcrübəsindəki rastlaşdığı faktlardan çıxış edərək maraqlı müqayisələr apardı:
“Bu gün Vətən, millət qeyrətli hər bir Azərbaycan vətəndaşı erməni işğalı altındakı Qarabağımızın azad edilməsi uğrunda savaşa can atır… Torpaqlarımızın 20 faizinin indiyədək işğal altında qalmasının səbəblərindən biri də ermənilərin Qarabağ məsələsini qaldırdığı ilk dövrlərdə - 1988-1990-cı illərdə yalnız Moskvanın göstərişləri əsasında hərəkət edən bəzi Azərbaycan rəhbərlərinin yarıtmaz, qorxaq siyasəti sayəsində xalqımızın gözüqıpıq, ümidsiz duruma düşürülməsi olub…
Rəhmətlik babam deyirdi ki, oğul, uşağı tez-tez danlayıb, günahlandırıb başıqapazlı, gözüqıpıq etmək olmaz. Bu cür tərbiyə adamları, xüsusən oğullarımızı gələcəkdə gözüqıpıq, cəsarətsiz edir və gələcək nəsillərimizdə də özünü büruzə verir.
Bu baxımdan xalq da bir ailədir. Və onun başında duranlar onun bu günü və gələcəyi, nəinki iqtisadi-sosial, həm də ideoloji, ruhi-mənəvi, psixoloji durumu üçün məsuliyyət daşıyır…
Hüquq-mühafizə orqanlarındakı fəaliyyətim boyu Respublikamızın bəzi rəhbər şəxslərinin vətəndaşları mübarizliyə səsləmək əvəzinə, onlara Moskvanın, Yerevanın siyaətinə uyğun olaraq ümidsizlik, ruh düşkünlüyü təlqin etməsinin bir neçə dəfə şahidi olmuşam…”- bunu deyən Mehman Mehmanov DİN-in orqanı olan “Mübariz keçikdə” qəzetinin müxbiri, sonra isə baş redaktoru kimi fəaliyyət göstərdiyi illərdən bir neçə olaydan bəhs edib.
“1988-ci il idi… Artıq Qərbi Azərbaycandan soydaşlarımız kütləvi şəkildə, amansız işgəncə və qətliamların müşayiəti ilə qovulmağa, Qarabağda erməni quldurları baş qaldırmağa başlamışdı. Bayılda yerləşən Paris Kommunası adına gəmi təmiri zavodunda o vaxtkı Daxili İşlər naziri Aydın Məmmədovla fəhlələrin görüşü keçirilirdi. Mən də “Mübariz keşikdə” qəzetinin müxbiri kimi yığıncaqda iştirak edirdim...
Onu deyim ki, rəhmətlik Aydın Məmmədov xasiyyətcə gözəl insan idi. Lakin, yəqin ki, o dövrkü beynəlmiləlçi sovet tərbiyəsinin təsiri altında Qarabağ məsələsinə, işğalçı, millətçi ermənilərə yanaşması xeyli yanlış idi...
Bəhs etdiyim görüş zamanı fəhlələrdən biri nazirə sual etdi ki, niyə Qarabağda, Ermənistanla sərhəd rayonlarda azərbaycanlıların quş tüfəngləri, az qala, bıçaqları da yığılır, amma bizimkiləri dədə-baba torpaqlarından qovub çıxarmış ermənilərininkinə toxunulmur. Ermənistanda ermənilərin silahları əllərində qalır, hətta xaricdən də silah yardımı gəlir onlara... Nazir cavab verdi ki, ermənilər öz hərəkətləri ilə Ermənistanı kriminal bir ölkəyə çeviriblər, istəyirsiniz bizdə də belə olsun... Bununla A.Məmmədov sanki mesaj verdi ki, Qarabağ mövzusunda danışmaq yersizdir. Və bundan sonra elə-belə, küçə, məişət səviyyəli suallar verilməyə başlandı. Məsələn, biri soruşdu ki, cənab nazir, Bayıla gələn yoldakı dairədə işıqfor yoxdur, sakinlər küçəni rahat keçə bilmir, bu məsələni həll etmək mümkündürmü...
Belə sualları eşidəndə qələmimi götürüb bloknotumu bağladım...
O vaxtkı DİN rəhbərinin iştirakıyla xalqımızı ruhdan salan oxşar bir epizod doğma yurdum olan Gürcüstanın paytaxtı Tiflisdə baş verib. Deyəsən, 1989-cu il idi. Gürcüstanda da qatı millətçi gürcülər baş qaldırmış, azərbaycanlılara qarşı ayrı-seçkilik, açıq təzyiqlər başlanmışdı. Nazirin gəldiyini eşidəndə soydaşlarımız sevinirdi ki, sahibimiz gəlib, yiyəmiz gəlib, yəqin, bizlərə Bakının, Azərbaycanın dəstəyini ifadə edəcək. Təəssüf ki, görüş zamanı nazir Aydın Məmmədov üzünü soydaşlarımıza tutub qəzəblə dedi:
-Axı nə istəyirsiz bu gürcü xalqından?..
Bu cür sualdan sonra camaatın üstünə sanki kül səpdilər, hamının rəngi sap-sarı saraldı... Arxada duran gürcülərdən biri gürcü dilində o birinə istehza ilə və ağır ana söyüşü ilə dedi ki, əgər başbilənləri belə danışırsa, deməli, bunların başına hansı oyunu istəsək, aça bilərik...
Azərbaycanın güc nazirinin bu cür çıxışından sonra Gürcüstanda doğrudan da millətçilər daha da fəallaşmağa, azərbaycanlıları dədə-baba yurdlarından açıq şəkildə qovmağa başladılar...” – deyə həmsöhbətimiz təəssüf hissi ilə bildirib.
“Yaxşı ki, bir neçə il sonra – artıq müstəqillik illərində yenə Gürcüstanda bayaq söylədiyim epizodların tam əksinə olan daha iki məqam yaşandı.
Bu olayın şahidi qardaşım olub... 1993-cü ildə Daxili İşlər nazirinin müavini rəhmətlik Zahid Dünyamalıyev Gürcüstanın Bolnisi rayonunun bizim doğma yurdumuz olan Arxılı kəndində soydaşlarımızla görüşüb. Rəsmi çıxışdan sonra kənd sovetinin pilləkənlarından aşağı düşüb artıq camaatdan ayrıldığı məqamda bir anlığa arxaya dönərək ətrafındakı azərbaycanlılara əsl Azərbaycan kişisinə xas ötkəm bir tərzdə deyib ki, məhkəm olun, gərək olsa, sizi silahla, yaraqla da təmin edəcəyik. Bu sözləri eşidəndən sonra azərbaycanlılar birə-min ruhlanmış, arxalarında Azərbaycan dövlətinin, xalqının durduğunu hiss edərək öz yurdlarından heç bir yana çıxmayacaqlarını qət etmişlər...
Gürcü dilində də “yaraq” sözü silah mənasını verir. Və yaxındakı gürcülərdən biri Zahid müəllimin sözünün mahiyyətini anlayaraq bunu Gürcüstanın o vaxtkı dövlət naziri Likeişviliyə çatdırıb. O isə sonradan Z.Dünyamalıyevlə görüşəndə deyib ki, bunu necə başa düşək, siz buradakı azərbaycanlıları silahla təmin edəcəyinizə söz vermisiz. Rəhmətlik Zahid müəllim də cavab verib ki, Gürcüstandakı azərbaycanlı vətəndaşların hüquqlarını siz qorumalısız, əgər bunu edə bilməsəniz, biz də öz soydaşlarımızı qorumaq üçün hər vasitəyə əl atmağa məcburuq...
Cavabında gürcü nazir susmuşdu...
Ən təsirli və yaddaqalan ruhverici bir məqamla isə səhv etmirəmsə, 1995-ci ilin yazında rəhmətlik eks-prezident Heydər Əliyevin Gürcüstana rəsmi səfəri rəsmi zamanı baş verdi. Mən də Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin rəisi kimi müəyyən məsələlərlə bağlı həmin səfərdə iştirak edirdim. Tbilisidə opera-balet teatrının binasında o vaxtkı Gürcüstan lideri Eduard Şevardnadzenin də iştirakıyla azərbaycanlılarla keçirilən görüşdə qonşu ölkə Prezidenti soydaşlarımıza xitabən burada bir diaspor kimi rahat yaşadıqlarından məmnun olduğunu bildirdi. Heydər Əliyev gözlənilmədən Şevardnadzenin sözünü kəsərək üzünü azərbaycanlılara tutub dedi: “Siz burada diaspor deyil, bu torpaqların əzəli-əbədi sakinlərisiniz. Odur ki, özünüzü qərib bir yerdə yox, öz tarixi dədə-baba torpaqlarınızdakı kimi rahat hiss etməlisiniz...”
Tərcüməçisi İmir Məmmədli Azərbaycan dövlət başçısının sözlərini gürcü dilində Şevardnadzeyə çatdırdıqda onun rəngi birdən-birə ağappaq ağardı, bir anlığa çaşan, özünü itirən kimi oldu. Ancaq heç bir cavab vermədi. Çünki Heydər Əliyevin dedikləri tarixi bir gerçəklik idi...
Gürcüstan Prezidentinin əksinə olaraq Azərbaycan liderinin sözlərindən sonra tədbirdəki azərbaycanlıların simasına sanki bir işıq, bir dirilik gəldi...
Bu gün - 25 il sonra hələ də soydaşlarımızın erməni ekstremistləri tərəfindən də qızışdırılan bəzi millətçi gürcü qruplarının təzyiqlərinə duruş gətirərək qədim Borçalıda, Qarayazıda, Sığnağda, Başkeçiddə yaşamasında bəlkə də həmin sərrast, ötkəm rəhbər ifadələrinin böyük rolu olub...
Yeri gəlmişkən, bu günlərdə, qonşu Gürsüstanla Keşikçidağ məsələsi hələ də gündəmdə olduğu bir vaxta Heydər Əliyevin xatırlatdığım çıxışındakı tutduğu kəskin mövqe bir daha göz önünə gəlir...
Hesab edirəm ki, bu gün də o köhnə kişilərin, rəhbərlərin kəsərli sözlərinə ehtiyac var.
Doğrudur, dövlət başçısı İlham Əliyev müxtəlif yerli və xarici tribunalardan işğalçı düşmənə yetərli cavablar verir və xalqa kifayət qədər ümid və ruh aşılayır. Onun Tərtərdəki son çıxışı da, eləcə də fevral ayında Münhendəki diskussiyada Paşinyanı susdurması da ruhverici amillərdəndir...
Əgər sovet dövründəki Daxili İşlər Nazirliyimizlə indiki nazirliyimizi müqayisə etsək, görərik ki, bu gün nazirlikdə Azərbaycanın dövlətçiliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı naminə tamamilə başqa, mübariz bir ruh formalaşıb. Hətta bildiyimə görə, bu gün nazirlikdə “torpaqlarımızın azadlığı üçün hər şeyə hazırıq” deyə çağırışlar səslənir. Belə bir mübariz ruhun formalaşmasında DİN-in başında duran Vilayət Eyvazovun da birbaşa və böyük rolu var. Səmimi deyirəm ki, hələ nazirlikdə idarə rəisi işlədiyim dövrlərdən Vilayət müəllimi tutduğu postda prinsipial, mübariz, dönməz, döyüşkən və fədakar bir kadr kimi tanımışam. Bu gün də o, bir nazir kimi bunu sübut edir. Bu günlərdə yaranmış sərt karantin rejimindən yararlanaraq müəyyən dairələrin Azərbaycan polisini gözdən salmaq, bu qurumla xalqı qarşı-qarşıya qoymaq kampaniyasına rəğmən Vilayət Eyvazov öz gerçək işi ilə göstərir ki, onun üçün qanunu pozan polislə digər vətəndaş arasında heç bir fərq yoxdur... Əgər polislər arasında vərəndaşın haqqını-hüququnu pozan, onun qürurunu tapdayanlar olursa da belə, cənab nazir belə bir əməkdaşı çəkinmədən qanunun yol verdiyi ən sərt qaydada cəzalandırır...
Hesab edirəm ki, bu gün Qarabağın azad edilməsi üçün hər bir yüksək rütbəli məmur, nazir, yerlərdəki hər bir başçı, hər bir rəis, müdir və s. xalqla, vətəndaşlarla münasibətdə bu aksiomanı unutmamalıdır: Qələbə öncə ruh yüksəkliyindən başlayır. Odur ki, “mən rəhbərəm, mən başçıyam, müdirəm” deyə xalqın, vətəndaşın qürurunu tapdamaq, əzmək yox, ona “sən müstəqil, azad Azərbaycan Respublikasının vətəndaşısan, sənin minlərlə igid oğul-qızımızın, şəhidlərimizin qanı ilə sulanmış torpaqlarını heç kəs işğal altında saxlaya bilməz, sənin bayrağını o torpaqlarda heç kəs endirib tapdaya bilməz” deyə ruh vermək, onun problemlərini həll edib ayağa qaldırmaq, onu torpaqlarımız uğrunda son və qəti döyüşə hazırlamaq gərəkdir... Əgər düşmən ermənilər riyakarlığın, həyasızlığın, namərdliyin ən son hədlərinə əl ataraq bütün dünya ilə birləşərək torpaqlarımızı işğal edibsə, biz də Azərbaycan xalqına, türklərə layiq mərdliklə, cəsarətlə, saflıqla, imanımızla Allaha, dövlətə güvənərək o yurdlarımızı azad edəcəyik, inşallah. Mən buna bütün varlığımla əminəm...”- deyə DİN-in sabiq idarə rəisi gələcəyə ümidlə fikirlərini tamamlayıb.
Sultan Laçın