BMT ilə nə etməli...

 

Məlum səbəblərdən qalib dövlətlərin heç birinə II dünya müharibəsindəki qələbənin 75 illiyilə bağlı gur parad və beynəlxalq təntənələr keçirmək müyəssər olmadı.

Güman ki, BMT -nin 75 illiyilə bağlı da belə olacaq, belə ki, dünyanın ən əsas təşkilatı 1945-ci il oktyabrın 24-də təsis olunub. Düzdür, bəziləri hələ də ümid edirlər ki, dünyanın əksər ölkələri payıza qədər ən azı pandemiyanı cilovlaya biləcəklər.

Bütün bunlara baxmayaraq, politoloqlar və siyasi analitiklər BMT-nin fəaliyyətinin əsas aspektlərini müzakirə etməkdə davamlıdırlar.

Bu kontekstdəki müzakirələri iki əsas qrupa bölmək olardı. Bəzi mütəxəssislər məsələni yalnız qlobalizm kontekstindən müzakirə edir, digərləri isə təşkilatın effektivliyinin artırılması yollarını arayırlar. Qeyd etmək lazımdır ki, bu müzakirələr bu gün və ya dünən başlamayıb, onların artıq yetərincə tarixi var. Onlar xüsusən də kommunist düşərgəsi çökəndən sonra aktivləşdi və aktuallaşdılar. O vaxt bir çox politoloqlar “soyuq müharibə”nin təcrübəsi və fəlsəfəsilə, 20-ci əsrin ikinci yarısının “bəzi siyasi reallıqları” ilə vidalaşmağa çağırırdılar.

Daha konkret olsaq, onlar təşkilatın strukturunda və xüsusən də qərarların qəbul olunması mexanizmində qalib ölkələrin diktatı ilə vidalaşmağa səsləyir, onları ya veto hüququndan məhrum etməyə cağırır, ya da BMT TŞ-nın daimi üzvlərinin sayını artırmağa çağırırdılar ki, təşkilat özündə dünyanın siyasi spektrini tam ehtiva etsin.

Amma təkliflər nə qədər aktual və ya məzmunlu olsalar da, bu günədək həyata keçməyib. Müzakirələr bu gün də davam edir və onlar bu yaxınlarda – bəşəriyyət növbəti pandemiya ilə üzbəüz qalandan sonra təkrar impuls aldılar.

Bəzi mütəxəssislərin fikrincə, təkcə proteksionist üsullarla bu epidemiyaya qalib gəlmək mümkün olmayacaq və burada qlobal kollektiv üsullar lazımdır. Odur ki, belə müzakirələr zamanı ön plana BMT gəlir. Bəziləri hesab edir ki, onun fəaliyyəti hətta pandemiya vaxtı elə də sezilmir, digərləri isə bəyan edir ki, BMT də qlobalizmin alətlərindən biridir və bu səbəbdən də bu institutdan da imtina etmək və individual səyləri gücləndirmək lazımdır.

Bəli, BMT ilə bağlı ümumi təftiş tendensiyaları bunlardır. Prinsipcə, baxışların belə kəskin polyarizasiyasını anlamaq olar, çünki anti-qlobalistlər özləri də iki düşərgəyə bölünüb. Bəzisi iddia edir ki, guya onlar qlobalizmin deyil, bu ad altında ABŞ-ın hegemonluğunun əleyhinədirlər. Yeri gəlmişkən, bu cür mülahizələr arabir amerikalıların özlərinin dilindən də səslənir. Məsələn, Henri Kissincer də etiraf edir ki, indiki qlobalizm ABŞ-ın geosiyasi instrumentidir və guya elə belə də olmalıdır, onun ölkəsi dünya lideri olmaqda davam etməlidir.

Bir sözlə, qlobalizmin bütünlüklə total əleyhdarları var ki, onlar birdəfəlik bu “mərəzdən” imtina etməyə, xüsusən də BMT-nin özünü də siyasi arxivə göndərməyi təklif edirlər.

Onlar hesab edir ki, təkcə BMT-nin özü deyil, onun ayrı-ayrı bölmələrinin də, məsələn, bu günlərdə daha çox diqqətə gələn ÜST-nın fəaliyyəti xeyli dərəcədə geosiyasiləşib.

Amma tənqidçilər və yaxud təftişçilər bir mühüm suala qəti cavab vermir. Nə daha pisdir? ABŞ-ın hegemonluğu, yoxsa qlobal institutların maliyyə yükünü daşımağa hazır belə olmayan və bunu özünə hədəf belə seçməyən, necə deyərlər, qalib dövlətlər? Axı hansı beynəlxalq institutu seçirsən seç, o saat məlum olur ki, onu əsasən ABŞ maliyyələşdirir! Elə bu səbəbdən qeyd etmək lazım gəlir ki, təkcə BMT və ya onun regional bölmələri yox, elə politoloqların özlərinin də mülahizə və baxışları xeyli dərəcədə geosiyasiləşib...

Sözsüz ki, bununla biz heç də BMT-nin fəaliyyətindəki qara ləkələri ağartmaq fikrində deyilik. Kim olmasa da, biz azərbaycanlılar bu təşkilatı olduqca yaxşı tanıyırıq - ən azı ona görə ki, Dağlıq Qarabağla bağlı onun dörd qətnaməsi hələ də kağız üzərində qalıb və Ermənistan kimi dılğır bir ölkə onlara heç məhəl qoymur. Eyni sözləri elə digər münaqişlərlə bağlı da demək olar. Odur ki, bəzən razılaşmaq lazım gəlir ki, BMT özü də daha çox çərənçiliklə məşğul olur, nəinki real işlərlə...
Amma bununla belə onu təkmilləşdirmək haqqında düşünmək daha yaxşı olardı, çünki ideya özü faydalı ideyadır və 21 - ci əsrdə qəti demək olmaz ki, dünyaya belə bir təşkilat lazım deyil.

Bu təşkilatın çərçivəsində artıq müəyyən təcrübə toplanıb və ondan tamam imtina etmək bir növ səfehlik olardı.

Çatışmazlıqlara gəldikdə isə, onlarla barışmaq və yaxud geri çəkilmək yox, ən azı onların sayını azaltmağa çalışmaq daha düzgün olardı...

 

Tarix: 25-05-2020, 10:05
Xəbəri paylaş



Xəbər lenti