Bakıda müharibə çağırışları - çarə vətən savaşına qalıb

 

Politoloq: “Konfliktin yeganə həll yolu müharibədir, Ermənistana aprel zərbəsini təkrarlamaq lazımdır...”

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı 4 günlük hərbi təlimləri başa çatır. Ordumuz bu təlimlərlə sözsüz ki, öz döyüş hazırlığını daha da artırmış olacaq. Düşmən tərəf isə Qarabağa dair sülh danışıqlarında indiki pozucu mövqeyini davam etdirırsə, labüd şəkildə dağıdıcı müharibəyə tuş gələcəyi barədə növbəti mesajı alacaq. Danışıqlar isə faktiki, dondurulmuş kimidir.

Yaranmış vəziyyət təbii ki, ən çox Azərbaycana sərf eləmir. Çünki ərazisinin 20%-i işğal altında olan ölkə odur. Aydındır ki, Bakı atəşkəs rejiminin sonsuzadək sürməsinə razı ola bilməz. Bu xüsusda siyasilərin və ekspertlərin “hərb, yoxsa sülh” dilemması ilə bağlı rəy və proqnozları maraq doğurur. Suallardan biri isə budur ki, Azərbaycan nə vaxt nəticəsiz sülh danışıqlarından imtina edib öz torpaqlarını güc yolu ilə azad etmək qərarı verə bilər və verərsə, o halda geosiyasi şərtlər baxımından Bakı hansı riskləri nəzərə almalıdır?

“Əgər Azərbaycan heç bir nəticə verməyən danışıqlar prosesindən imtina edərsə, bütün riskləri nəzərə almalıdır. Çünki bəzi dövlətlər və təşkilatlar Azərbaycanı müharibənin bərpasında ittiham edə bilər - baxmayaraq ki, ölkəmiz bu addımı atmaq hüququna malikdir. Nədən ki, torpaqlarımız Ermənistanın işğalı altındadır”.

Bu sözləri politoloq Elxan Şahinoğlu “Yeni Müsavat” Media Qrupuna daxil olan rusdilli Minval.az portalına müsahibəsində deyib.

Politoloqun sözlərinə görə, 2016-cı ilin aprel döyüşləri təcrübəsi göstərib ki, Azərbaycan münaqişənin hərbi həll yoluna gedə bilər: “Yada salın, dörd il əvvəl planlarımıza kim müdaxilə etdi, Dağlıq Qarabağdakı əks hücumumuza kim ciddi reaksiya verdi? Bu yeganə və tək ölkə Rusiyadır. Diqqət yetirin, nə ABŞ, nə də Fransa o vaxt reaksiya vermədi, çünki onlar başa düşür ki, danışıqlar nəticə vermirsə, Ermənistan ərazilərimizi azad etmək istəmirsə, müharibə qaçılmazdır. Hazırda bizim hərbçilərimiz təlim keçir. Erməni tərəfinə bununla bir daha bildiririk ki, torpaqlarımızın işğalına daha 20 il dözmək fikrində deyilik və hərbi əməliyyatların yenidən başlaması bizim qanuni haqqımızdır. Ancaq bütün sonrakı riskləri də biz hesablamalıyıq. Bunu deyəcəyəm: yeganə ciddi risk Rusiyanın mövqeyi, onun Ermənistanın işğalçı qüvvələrini dəstəkləməsidir. Və biz bilməliyik ki, hərbi əməliyyatları bərpa eləsək, Moskvanın davranışı necə olacaq. Ancaq Moskvanın reaksiyasını bilsək belə, bu, heç də hərbi əməliyyatlara başlaya biləcəyimiz demək deyil. Yenə qeyd edirəm: əlbəttə ki, risk var. Lakin risk olmadan əcdadlarımızın ərazilərini də azad edə bilməyəcəyik”.

Mən də koronavirusdan sonra dünyanın dəyişəcəyini düşünürdüm ...

Elxan Şahinoğlu

Bəs konflikti BMT çərçivəsində həll imkanı qalırmı?

“Təxminən 27 il keçib və BMT bu münaqişəni həll etməyə tələsmir - baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı kimi göstərildiyi və Azərbaycan ərazilərini azad etməli olduğu barədə dörd qətnamə qəbul edib. Bu sənədlərin mahiyyəti yalnız kağız üzərində qaldı. Düşünmürəm ki, BMT gələcəkdə davam edən erməni işğalına hansısa reaksiya verəcək”, - deyə Elxan Şahinoğlu suala cavabında bildirib və eyni zamanda, digər nüfuzlu beynəlxalq təşkilatların da Qarabağa dair analoji qərar və qərarlarının bu günədək həyata keçmədiyini xatırladıb.

Sözünə davam edən politoloq deyib: “Böyük ölkələr daim ”Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik", “işğala qarşıyıq” deyirlər. Amma nə olsun? Dörddə bir əsr ərzində biz yüzdən çox belə bəyanat eşitmişik. Ancaq bu problemi həll etmədi. Ermənistana qarşı sanksiyalar tətbiq olunmadı. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən eyni ölkələr, o cümlədən qonşularımız (Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı istisna olmaqla), yenə Ermənistanla yaxşı münasibətdədir. Azərbaycanın xeyrinə bir çox qətnamə qəbul etmiş və Ermənistanı işğalçı kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində belə, İrəvanla münasibətlər quran ölkələr var. Demək, biz bu ölkələrin işğalçı ölkə ilə bağlı konkret addımlar atmasına nail olmamışıq. Bundan əlavə, Ermənistan bizim əraziləri hərbi yolla işğal edib. Biz də o əraziləri eyni yolla azad edə bilərik".

Daha sonra çıxış yolu barədə danışan politoloq qeyd edib: “Torpaqları işğal olunan ölkə güclü olmalıdır və işğal olunmuş torpaqları müstəqil şəkildə azad etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan öz silahlı qüvvələrinin gücünü artırmalı, hərbi manevrlər etməli, Ermənistanı tanımayan və Azərbaycanın bir hissəsini işğal etdiyi üçün onunla diplomatik münasibətlər qurmayan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının timsalında strateji tərəfdaşlarla münasibətləri inkişaf etdirməlidir”.

Bundan əlavə, E. Şahinoğlu Ermənistanın silahlanma məsələsində Azərbaycanla rəqabət aparmaq iqtidarında olmadığını deyərək qeyd edir ki, İrəvan yalnız Rusiyadan silah dilənə bilər ki, Moskva onlara başqa bir kredit versin və həmin kreditlə elə Rusiyanın özündən silah ala bilsin. “Biz isə silahları təkcə Rusiyada deyil, digər ölkələrdən də əldə edə bilərik. Ancaq silahları yalnız anbarlarda saxlamaq üçün almalı deyilik. 2016-cı ilin aprel ayında olduğu kimi, gec, ya da tez onlardan istifadə etməliyik. Təəssüf ki, o vaxt hərbi əməliyyatlar cəmi dörd gün davam etdi. Sonra Moskvadan təzyiq gəldi... Bunu təkcə mən demirəm. Xatırlayıram ki, müdafiə nazirimiz Zakir Həsənov jurnalistlərin sualını cavablandırarkən demişdi ki, hərbi əməliyyatlar başlayanda rusiyalı həmkarı Sergey Şoyqu ona zəng vurub. Fakt faktdır: döyüşlər cəmi dörd gün çəkib. Hərgah dörd ildən sonra Milli Məclisin bəzi deputatları deyirlər ki, o vaxt əməliyyatlar bir həftə və ya ən azı, bir ay davam etsəydi, daha çox əraziləri azad edəcəkdik. Hərbi həll - bu münaqişəni həll etməyin yeganə yoludur. Demək, Ermənistana aprel zərbəsini təkrarlamaq lazımdır”, - deyə sonda politoloq əlavə edib.

*****

Qüdrət Həsənquliyev Bakıdan namizəd oldu

Qüdrət Həsənquliyev

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev də Qarabağ məsələsində müharibədən savayı çıxış yolu görmür. Ancaq müharibəyə başlayanadək o, müəyyən işlərin görülməli olduğunu söyləyir. Bu barədə deputat Moderator.az-a müsahibəsində bildirib.

O, daha sonra deyib: “Əvvəla, xalqı inandırmalıyıq ki, sülh yolu ilə Qarabağı azad etmək mümkün deyil. Bundan başqa, Rusiya ilə danışıb onu problemin həllinə razı salmağa çalışmalıyıq. Qonşu İranla da bu istiqamətdə ciddi danışıqlar aparmalıyıq. Tam əsasda peşəkar ordu qurmalıyıq. Təcili olaraq bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatda proteksionizmə son qoyulmalı, ölkədən kapitalın qaçışının qarşısını almaq və xarici investisiya cəlb etmək üçün mülkiyyətin toxunulmazlığına təminat verən müstəqil məhkəmə hakimiyyəti yaradılmalıdır. Xarici siyasətlə əlaqədar Ermənistana və dünya birliyinə sözdə yox, əməldə Qarabağın işğalı ilə barışmayacağımızı nümayiş etdirmək üçün Bakıda milyonluq mitinq təşkil olunmalı, Ermənistanın atəşkəs rejimindın istifadə edib torpaqlarımızı işğal altında saxlayıb məskunlaşdırdığını əsas götürərək danışıqlar prosesindən çıxmamaq şərtilə atəşkəs haqqında Bişkek protokolundan çıxdığımızı bəyan etməliyik. Onu da bəyan etməliyik ki, əgər bundan sonra da Minsk Qrupu Ermənistana təzyiq etməsə, həmin qrupdan da imtina edəcəyik. Həqiqətən də bir müddət sonra Minsk Qrupundan çıxdığımızı da bəyan etməliyik. Heç bir siyasi təzyiqdən, şantajdan qorxmamalıyıq. Bütün itkiləri göz önünə alıb torpaqlarımızı azad etməliyik”.

Bəs Azərbaycan atəşkəs haqqında razılaşmadan imtina etsə, Ermənistan danışıqlardan imtina etməzmi? Q. Həsənquliyevə görə, bu çox az inandırıcıdır. "Amma edirlər, qoy onlar danışıqlardan imtina etsinlər. Müharibəyə başlamazdan öncə biz bunları etməliyik ki, dünya birliyi görsün ki, biz son ana qədər çalışdıq ki, sülh yolu ilə ərazi bütövlüyümüzü bərpa edək ,amma alınmadı. Heç kim Ermənistana təzyiq etmədi", - partiya sədri vurğulayıb.

Beləcə, “Ya Qarabağ, ya ölüm!” şüarı bütün ciddiliyi ilə gündəmə gəlməkdədir. Azərbaycan əlbəttə ki, müharibə istəmir. Bizim beynəlxalq birlikdən, vasitəçi dövlətlərdən tək istəyimiz və tələbimiz ərazi bütövlüyümüzün qeyd-şərtsiz bərpasıdır. Lakin işğalçı Ermənistan sülh üçün heç bir şans qoymursa, o zaman tək çarə savaşa - vətən müharibəsinə qalır...

Siyasət şöbəsi

Tarix: 22-05-2020, 10:21
Xəbəri paylaş



Xəbər lenti