Müxalifətin “qoca” funksionerləri: “Siyasi vitrin”də gənclər niyə azdır?


Müxalifətin “qoca” funksionerləri: “Siyasi vitrin”də gənclər niyə azdır?

Müxalifətin yenilənməsi, gənclərin partiyalara önə çəkilməsi məsələsi uzun müddətdir müzakirə olunur.

Amma müxalifət daxilində kök atmış köhnə zeyniyyət sahibləri buna hər vəchlə mane olur. Bəzi partiyalarda liderlərin ətrafında zombilərdən hörülmüş “tor” azad fikrin qarşısında səddir. Bu zombilər gənclərin də önə çıxmasını əngəlləyir.

Hazırkı siyasi proseslərə nəzər saldıqda isə siyasi dəyişikliklərin, yenilənmələrin qarşısını almaq qeyri-mümkün görünür. İcra başçılarının və başqa vəzifəli şəxslərin rüşvət və korrupsiyaya görə həbs edilməsi cəmiyyətdə böyük rezonans doğurur. Cəmiyyət də bu prosesi dəstəkləyir.

Həbs olunan şəxslərin hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olmaları isə partiya daxilində də yenilənmələrin aparılmasını labüd edir. YAP-çı millət vəkili və partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib ki, islahatlar təkcə YAP-da deyil, dövrün çağırışlarına uyğun olaraq bütün siyasi partiyalarda aparılmalıdır. Bu, uzun müddətdir sələnən və kifayət qədər maraqlı fikirdir.

Maraqlıdır, siyasi partiyalarda da nəsil və kadr dəyişikliyi getməlidir? Bunun müsbət və mənfi tərəfləri nə ola bilər?

“Dəyişiklik müsbət effekt verəndə yaxşı olur”

Ağ Partiyanın sədri Tural Abbaslı Cebhe.info-ya açıqlamasında deyib ki, ümumiyyətlə, yeniliklər, yenilənmələr, dəyişikliklər hər sahədə olmalıdır:

“Dəyişikliklər isə elə aparılmalıdır ki, faydalı olsun. Bunları yenilik xətrinə etmək də düzgün deyil. İndi iqtidar daxilində yenilənir, amma işini yaxşı görən bir naziri çıxarıb yerinə başqasını gətirməsi yenilik olsa da, faydalı olmayacaq. O baxımdan dəyişiklik müsbət effekt verəndə yaxşı olur. Nəzərə alsaq ki, bu gün Azərbaycan müxalifətinin böyük əksəriyyəti 1988-ci ildə siyasətə gəlib, meydan hərəkatından çıxıblar. Bu baxımdan, müxalifətdə də yeniliyin olması, fərqli yanaşmanın, düşüncənin gəlməsi müsbət olardı. Çünki artıq uzun müddət ərzində insanların fikirləri formalaşıb. Artıq sadə vətəndaşlar yenilik, fərqli insanlar tələb edir. İstər müxalifət, istərsə də iqtidar olsun məcburdur ki, bu çağırışlara, xalqın səsinə səs versin. Bu, o demək deyil ki, 90-cı illərdən ortaya çıxan müxalifət kənara çəkilsin və yerinə başqa insanlar gəlib müxalifətçilik etsinlər. Burada bir varislik prinsipi olmalıdır. Yeni dediyimiz insanlar köhnə, yaşlı dediyimiz müxaliflərlə bir müddət çiyin-çiyinə mübarizə aparmalıdırlar. Gənclər də formalaşmış vərdişləri, ənənələri mənimsəməlidir ki, davam edə bilsinlər. Yoxsa sıfırdan mümkün deyil. Heç bir siyasi təcrübəsi olmayan, heç bir siyasi prosesdə iştirak etməyən, strukturlarda təmsil olunmayan insanların birdən birə gəlib siyasətə girməsi nəticə verməz. Odur ki, bu məsələdə varislik məsələsində diqqətli olunmasının tərəfdarıyam. Partiyalarda, strukturlarda varislik məsələsinə ciddi yanaşılmalıdır. Gənclər təşkilatlarındakı insanların partiya işini, siyasi təcrübəni öyrənməsi, mənimsəməsi və sahiblənməsi önəmlidir. Xüsusilə də qeyd etmək lazımdır ki, 25-26 illik bir tarixdə siyasi partiyalarda varislik məsələsinə əməl olunmur. Ya elə köhnə rəhbərlərdir, ya da elə o rəhbərlərə yaxın olan, onlarla eyni vaxta siyasi arenaya çıxanlardır. Bu baxımdan təbii ki, dəyişiklikliyə ehtiyac var. Xalqa da artıq fərqli "vitrin" təqdim etmək lazımdır”.

“Aşağıdan basqı olsa, yenilənmə çoxdan olardı”

Respublikaçı Alternativ Partiyası (ReAl) sədrinin müavini Natiq Cəfərli isə siyasi partiyalarda da dəyişikliklərin labüd olduğunu deyib:

“Yenilənməni biz hamımız tələb edə bilərik. Ən azından, dövlətin və ölkənin idarə olunmasında iştirak edən hakim partiya və qurumlar, təşkilatların yenilənməsi hamımızı maraqlandırır. Çünki bunlar bizi idarə edən şəxslərdir. Müxalifətin yenilənməsi də təbii ki, labüddür, lazımdır, amma bu müxalifət partiyalarının daxili işidir. Daxildən partiyalarda yenilənmə tələbləri olmalıdır. Bu ona görə baş vermir ki, bir çox partiyalarda gənclər çox azdır. Aşağıdan gənclərin bir basqısı olsa, yenilənmə çoxdan olardı. Deməli, yeni nəslin partiya təmsilçiliyi aşağıdır. Digər tərəfdən istər iqtidar, istərsə də müxalifət partiyaları şəxslər ətrafında formalaşıb. İdeologiya yoxdur, ciddi proqram sənədləri, vizyon yoxdur. Ona görə də nə qədər şəxs ətrafında formalaşan siyasi partiyalar olacaq, onların yenilənməsi də kifayət qədər çətin bir proses olacaq. İdeoloji partiyaların formalaşması lazımdır ki, zaman-zaman bu yenilənmələr də baş versin. Aşağıdan yenilənmə tələbləri olmalıdır. Bu baş verməyəcəksə, bunu süni yolla etməyin mənası yoxdur. Süni yolla yenilik olacaqsa, bunun heç bir effekti olmayacaq”.

Tarix: 17-05-2020, 09:25
Xəbəri paylaş



Xəbər lenti