Gürcüstanın sabiq prezidenti və Odessa Regional Dövlət Administrasiyasının keçmiş rəhbəri Mixail Saakaşvili Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinin rəhbəri təyin edilib. Bu barədə prezident Vladimir Zelenski fərman imzalayıb.
Bu təyinat geniş müzakirələrə yol açıb. Fərmanın ardından Ukrayna-Gürcüstan münasibətlərində ciddi gərginliklər də yaşanmağa başlayıb. Belə ki, Gürcüstan Kiyevdəki səfirini məsləhətləşmə üçün geri çağırıb.
Bu barədə Gürcüstan xarici işlər naziri David Zalkaliani açıqlama verib: “Gürcüstanda mühakimə olunan və axtarışda olan şəxsin strateji tərəfdaş ölkə Ukraynada vəzifəyə təyin edilməsi Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidzenin məsləhətləşmə üçün geri çağırılması qərarı üçün əsas oldu”.
Bildirilib ki, bununla belə, rəsmi Tiflis Kiyevlə diplomatik münasibətləri dayandırmaq niyyətində deyil: “Bu qərara baxmayaraq, əlbəttə ki, diplomatik əlaqələrin kəsilməsini və ya strateji tərəfdaşlığın yenidən nəzərdən keçirilməsini düşünmürük. Çünki bu, iki ölkənin dostluğuna, birgə maraq və məqsədlərinə uyğun deyil”.
Zelenski Gürcüstanın Ukraynadakı səfirini geri çağırmasını səhv addım kimi qiymətləndirib. APA-nın Gürcüstan bürosu “İnterPressNews” xəbər agentliyinə istinadən bildirir ki, Ukrayna prezidenti Gürcüstanın sabiq dövlət başçısının Ukraynada yeni vəzifəyə təyinatının Ukraynanın daxili işi olduğunu bildirib: “Bizim Gürcüstan xalqı ilə çox yaxşı əlaqələrimiz var. Bütün bunlara baxmayaraq, biz öz səfirimizi bu cür siyasi məsləhətləşmələr üçün geri çağırmayacağıq. Çünki ölkələrimiz arasında əlaqələr istənilən hökumətdən daha uzunmüddətlidir. Mən düşünürəm ki, bu addımla Gürcüstan tərəfi səhvə yol verib. Bu, bizim qərarımızdır və daxili siyasətimizdir. Saakaşvili Ukrayna vətəndaşıdır və onun Ukrayna pasportu var. Mən Ukraynanın prezidenti olaraq onu Milli İslahatlar Şurasının İcra Komitəsinin sədri vəzifəsinə təyin etmişəm”.
Ukrayna rəhbərinin bu təyinatının ölkənin Rusiya ilə münasibətlərini yenidən kəskinləşdirə biləcəyi ehtimal olunur. Eyni zamanda, Saakaşvilinin gəlişi ilə Ukraynanı korrupsiya bataqlığından çıxara bilib-bilməyəcəyi də sual doğuran məsələlər sırasındadır. Mişanın yüksək bir vəzifəyə təyin edilməsi gələcəkdə onun Ukrayna prezidenti olmaq şanslarını belə hətta artırdığı yönündə mövqelərə rast gəlməkdəyik.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a təyinatı bu cür şərh etdi: “Zelenskinin Saakaşvilini yeni vəzifəyə təyin etməsi məcburiyyətdən yaranan bir durumdur. Çünki Zelenski bir ildir hakimiyyətdədir. Ukrayna iqtisadiyyatında çox təəssüflər ki, problemlər öz həllini tapa bilmir. Düzdür, əvvəlki dövrlərlə müqayisədə korrupsiya azalıb. Zelenskinin özü də oliqarxlara bağlı bir prezidentdir. Bu da çox önəmlidir. Amma bununla belə o, iqtisadi islahatlar aparmaqda çətinlik çəkir. Əslində prosesləri sürətləndirmək istəyir. Saakaşvilini bu vəzifəyə təyin etməklə sanki özünü sığortalayır. Bununla islahatçı bir şəxsi yanında tutacaq və ölkədə islahatları sürətləndirməyə çalışacaq. Amma onu da vurğulamaq lazımdır ki, Saakaşvili sehirbaz deyil. Bəli, Gürcüstanda böyük uğurlar qazanıb. Amma Ukrayna Gürcüstana bənzəmir. Bu baxımdan Ukraynada iqtisadi islahatlar qazanmaq üçün tək Saakaşvilinin əməyindən istifadə etmək hər şey demək deyil. Gərək bütün cəmiyyət, nazirlər islahatlarda iştirak etsinlər. Zelenski Saakaşvilini bu vəzifəyə təyin edərkən Gürcüstanın vəziyyətini nəzərə almayıb. Doğrudur, müstəqil qərar verib. Ukraynanın Rusiya ilə münasibətləri hələ də gərgindir. Çünki Rusiya Krımı ilhaq edib. Donbas separatçılarına dəstək verir. Zelenski bu baxımdan böyük manevr imkanlarına malikdir. Gürcüstan hakimiyyəti Saakaşvilini düşmən hesab edir və Zelenskini hər dəfəsində hədələyir ki, Saakaşviliyə dəstək versə, bu ölkələrarası münasibətlərə mənfi təsir edəcək. Amma bu da yersiz bir şantajdır. Çünki Gürcüstan Ukrayna ilə müqayisədə elə də böyük dövlət deyil ki, şantajdan istifadə etsin. Bu baxımdan Zelenski Gürcüstanın hədələrini nəzərə almır. Gürcü iqtidarı ondan ehtiyat edir ki, Saakaşvili Ukraynada uğur qazansa, Gürcüstanda nüfuzu artacaq. Bu ölkədə isə, oktyabrda parlament seçkiləri olacaq. Bundan ehtiyat edirlər ki, Saakaşvilinin partiyası Mişa uğur qazanacağı təqdirdə seçkilərdə Gürcüstanda uğur qazana bilər”.
Politoloq Zelenskinin ətrafında islahatçı fiqurların azlığına da toxundu: “Ukraynanın potensialı güclü olsa da, kadrlarında çatışmazlıqlar var. Saakaşvili sınanmış bir islahatçıdır, Ukrayna vətəndaşıdır. Belə bir kadrı işsiz qoymaq düzgün olmazdı. Zelenski məhz bu məqamdan istifadə etdi. Həm də onun bir hiyləgər istəyi də var ki, əgər Saakaşvili uğur qazanmasa, cəmiyyətə göstərəcək ki, islahatçı bir şəxsi mühüm vəzifəyə təyin etdim, amma yenə heç nə alınmadı, demək, bu məsələlər prezident olaraq, tək məndən asılı deyil”.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli mövqeyi də diqqət çəkir: “Zelenskinin Saakaşvili seçimi bir az da məcburiyyətdən baş verdi. Çünki Ukraynanın indiki hakimiyyətini Qərb maliyyələşdirir və xüsusilə Corc Soros Fondunun Rusiya əleyhinə və dünyada bir sıra hakimiyyətlərə qarşı böyük həcmdə maliyyə ayırmasından sonra qarşıdurmalar silsilə xarakter almağa başladı. Bilirik ki, Soros SSRİ-nin dağılması üçün respublikalarda milli münaqişələri alovlandırmış adamdır. O, növbəti mərhələ kimi Rusiyanı eyni metodla parçalamağı düşünürdü, amma əlbəttə ki, Putin Qorbaçov deyildi deyə, bu plan uğursuzla nəticələndi. Lakin Gürcüstanda, Ukraynada narıncı inqilabları maliyyələşdirməklə anti-Rusiya sistemlərini qura bildilər. Bu gün Ukrayna elitasının da dəstəyini alan, yaxud elitada Rusiya faktoruna görə parçalanma yaradan Zelenski nə münaqişəni yoluna qoya bilir, nə Rusiya ilə dil tapa bilir, nə də dövləti qurmaq üçün korrupsiyanın öhdəsindən gələ bilir. Bu durumda Poroşenko dönəmində baş verənləri nəzərə almasaq, ümumi məsləhət, Qərbin də təlqini ilə Saakaşvilinin təyinatı baş tutdu. Saakaşvili faktoru təkcə Zelenski üçün anti-Rusiya əhval-ruhiyyəsinin güclənməsi olmayacaq, rüşvətlə praktiki təcrübəyə malik Mişa ilə daxili uğura, ictimai rəydə böyük reytinqə malik olmaqla, Qərbdən gələn iri maliyyə resurslarına da sahib ola bilər. Hesab edirəm ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin düzəlməsi iqtidarın Rusiyayönlü olmasına, NATO ilə əməkdaşlığa son qoymasına və rus “şayka”lığına keçməsinə bağlıdır, həm MDB-də, həm də KTMT-də müttəfiq olmaları məsələsi ilə əlaqədardır. Amma Ukraynada narıncı inqilabı maliyyələşdirənlər buna imkan verməzlər. Digər faktor artıq Zelenskinin xeyli müddətdir ki, prezident kimi Rusiya ilə dil tapmamasına bağlıdır. Bu günə qədər separatçı bölgələrdə Ukrayna nə uğur qazana, nə də Rusiya ilə razılaşa bildi. Buna görə, Zelenski üçün Saakaşvili qərarı artıq Rusiyadan ümidlərin kəsilməsindən sonra atılan addımdır. Mişanın Ukrayna prezidenti olması tam real məsələdir. Birincisi, bu iki ölkəni vahid güc mərkəzi idarə edir, ikincisi, Ukrayna Gürcüstan deyil, Şərqi Avropadır, Avropada ən böyük ölkələrdən biridir. Üçüncüsü, slavyan dövlətidir, dördüncüsü, Rusiyaya qarşı daha güclü mübarizə potensialına malikdir. Buna görə Mişanın Ukraynada prezidentliyi daha böyük imkanları reallaşdırır. Amma Zelenski texnoloji baxımdan Mişa qədər üstünlüyə və gücə, nüfuza malik deyil. Soros necə məsləhət bilsə, elə də başa çatacaq”.