Modern dövlətin “utandırdığı” icra başçıları və ya DTX-nın tapdığı xarici valyuta bağlamaları...

 

Dövlət başçısı ölkəni siyasi, sosial-iqtisadi, hüquqi və mənəvi-psixoloji cəhətdən yenidən dizayn edir... Ölkə yeni, həm də önəmli mərhələnin astanasındadır... Və bu, Azərbaycana modern dövlət, rifahı yüksəldilmiş vətəndaş, dinamik hökumət modeli vəd edir... Aparılan islahatlarla kəskin ziddiyyətdə olan rüşvət və korrupsiyaya indeksli məmur zehniyyəti isə hazırda əsas problemlərdəndir...

Dünyada koronavirus pandemiyası ilə mübarizə öz intensivliyini qoruyub, saxlamaqdadır. Bütün ölkələr hazırda karantin rejimi şəraitində yaşayır.

Təbii ki, Azərbaycan da istisna deyil və ölkəmizdə də karantin rejimi nisbətən yumşaldılmış səviyyədə də olsa, mövcuddur. Və bu situasiyanın may ayının sonuna qədər davam edəcəyi gözlənilir.

Ancaq Azərbaycan dövləti sadəcə, ölkəni pandemiyanın doğurduğu yeni yaşam şərtlərinə uyğunlaşdırmaqla hər şeyi bitmiş hesab etmir. Əksinə, dövlətin idarə olunması, qanunların tam kəsəri ilə təsirini qoruması, vətəndaşların yeni yaşam şərtlərinin mənfi nəticələrindən müdafiəsi istiqamətində qətiyyətli addımlar atılır.

Ən önəmli məqam isə ondan ibarətdir ki, dövlətin idarəçilik mexanizimləri, siyasi-hüquqi, sosial-iqtisadi sistem yenidən formalaşdırılır. Dövlətin mövcud idarəçilik ənənələri sürətlə yenilənir. Ölkə yeni mərhələyə keçirilir.

Müşahidələr onu göstərir ki, Azərbaycan böyük sürətlə fərqli dövlət modelinə doğru irəliləyir. Həm də bu irəliləmə kortəbii addımlarla deyil, mümkün nəticələri əvvəlcədən dəqiq hesablanmış qərarlarla, planlı şəkildə baş verməkdədir. Ali Siyasi İradənin – Prezident İlham Əliyevin qətiyyətli qərarları Azərbaycan dövləti üçün yeni siyasi idarəçilik keyfiyyəti vəd edir.

148576_f5z6tikghk.jpg (55 KB)

Məsələ ondadır ki, ölkədə bütün sahələr üzrə qətiyyətli islahatlar prosesi, ardıcıllıq qorunmaq şərtilə davam etdirilməkdədir. Və ən əsasısa bu prosesin hansısa mərhələdə yarımçıq dayandırılma ehtimalı demək olar ki, inandırıcı görünmür. Hətta karantin rejimi belə, Azərbaycan dövlətinin yeni modelinin ilkin konturlarını təxmini də olsa, ortaya çıxartdı.

Məsələ ondadır ki, Azərbaycanın idarəçilik sistemi hüquqi dövlət anlayışı ilə yanaşı, sosial dövlət modelinə çevrilmək istiqamətində atılan qətiyyətli və planlı addımların fonunda yenidən formalaşdırılmaqdadır. Karantin rejiminin başlandığı ilk gündən bu, açıq-aşkar özünü biruzə verdi.

Belə ki, dövlət əhalinin aztəminatlı təbəqələrini dərhal öz himayəsi altına aldı. İşsizlərə iki ay ödənməklə birdəfəlik yardımlar müəyyənlədirildi. Kiçik və orta sahibkarlığın ayaqda tutulması üçün dövlət büdcəsindən vəsait ayrıldı, xüsusi fond yaradıldı.

Nəticədə Azərbaycan vətəndaşı dövlətin onun yanında olmasının şahidi oldu. Dövlət-vətəndaş münasibətlərinin vahid maraqlara uyğunlaşdırılması istiqamətində önəmli məsafə qət edildi. Yəni dövlət öz vətəndaşının rifahının təmin edilməsində birbaşa maraqlı olduğunu sübuta yetirdi. Vətəndaş üçünsə, bu dövlətin daha da gücləndirilməsi həyati əhəmiyyətə çevrildi. İndi hər iki tərəf bir-birinin güclü olmasında maraqlı olduğunu gizlətmir və bunu önəmsəyir.

Ancaq bu proses hələ tam yekunlaşmayıb və hələ qət ediləcək kifayət qədər yol var. Bunun üçün hər iki tərəf – həm dövlət, həm də vətəndaş ortaq yardımlaşma ilə səylərini məqsədyönlü şəkildə artırmalı olacaq.

1523556680_1518086322_tr-1.jpg (29 KB)

Prezident İlham Əliyevin siyasi iradəsiylə başladılmış islahatlar prosesinin daha da intensivləşməsi yəqin ki, yaxın gələcəkdə ölkədə fərqli situasiya yarada biləcək. Çünki müşahidələr onu göstərir ki, dövlət başçısı ölkəni siyasi, sosial-iqtisadi, hüquqi və mənəvi-psixoloji cəhətdən yenidən dizayn edir. Ölkə yeni və önəmli mərhələnin astanasındadır. Və bu mərhələ Azərbaycana modern dövlət, rifahı yüksəldilmiş vətəndaş, dinamik hökumət modeli vəd edir.

Təbii ki, müəyyən problemlər də olmamış deyil. Xüsusilə də yeni mərhələnin tələblərindən geri qalan, aparılan islahatlarla kəskin ziddiyyətdə olan rüşvət və korrupsiyaya indeksli məmur zehniyyatı hazırda əsas problemlərin sırasında ön plana çıxmış kimi görünür.

Çünki bu zərərli zehniyyat dövlət-vətəndaş münasibətlərinə ziyan vuran ən ciddi faktorlardandır. Düzdür, vaxtilə “Asan Xidmət”in yaradılmasıyla rüşvətin qarşısı əhəmiyyətli səviyyədə alındı. Buna qədər vətəndaşların dövlətlə ünsiyyəti məmurlar üzərindən mümkün olurdu.

Məmurlarsa, bu ünsiyyəti vətəndaşın hüquqlarını təmin etmək üçün deyil, onlardan rüşvət almaq məqsədilə istifadə edirdilər. “Asan Xidmət”in yaradılmasıyla dövlət-vətəndaş münasibətlərində “məmur körpüsü”nün əhəmiyyəti sıfıra yaxınlaşdırıldı. Vətəndaşın dövlətlə ünsiyyəti birbaşa xarakter aldı, rüşvət sistemi sarsıdıldı.

Hazırdasa, rüşvət və korrupsiyada israr edən məmurların qanunun sərt üzü ilə tanış edilməsi prosesi başladılıb. Artıq qanunları pozan, tutduğu dövlət mövqeyindən şəxsi məqsədlər üçün istifadə edən məmurlar sadəcə, vəzifələrindən azad edilmirlər, indi onlar həbs olunurlar. Və bu proses qərarlı şəkildə davam etdirilməkdədir.

1588860736937_JsLZSQVa.jpeg (24 KB)

Dövlət başçısının son açıqlamalarının məzmunu da bu qərarlılığın birmənalı olduğunu göstərir: “Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, – hələ bu siqnallar araşdırılır, – vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib, vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək. Biz bunu dəfələrlə görmüşük”.

Göründüyü kimi, ölkə prezidenti problemi tam dəqiqliyi ilə bilir və problemin həlli istiqamətində yaxın gələcəkdə daha sərt addımların atılacağının mesajını verir. Yəni prezident ölkədə rüşvət və korrupsiyanın olmasını istəmədiyini açıq şəkildə vurğulayır. Belə cinayətlərə qarşı amansız mövqe tutulacağı barədə xəbərdarlıq edir. Və prezident vətəndaşın yanında olduğunu açıq məzmunla ifadə edir: “Aztəminatlı şəxslər üçün nəzərdə tutulmuş yardımların mənimsənilməsi xəyanətdir”.

96363451_2999506350088064_4070461680331522048_n.jpg (17 KB)

Təbii ki, prezidentin mesajlarından adekvat nəticə çıxartmayanlar həqiqətən də cəzalandırılır. Rüşvətə və korrupsiyaya bulaşmış, əhaliyə zülm edən məmurlar, icra başçıları DTX-nın qara maskalı əməkdaşlarının keçirdiyi əməliyyatlara məruz qalırlar, həbs olunurlar.

Maraqlı məqamlardan biri də odur ki, adətən, özlərini çox qüdrətli görən, yerli əhaliyə zülm edən icra başçıları qəflətən qarşılarında DTX-nın qara maskalı əməkdaşlarını gördükdə haldan-hala düşürlər. Hətta bu qəfil görüş sayəsində bəzilərində (Mahir Quliyev) əvvəllər heç vaxt müşahidə edilməyən “utancaqlıq” hissi də qəflətən peyda olur.

Halbuki, gec gələn utancaqlığın da elə bir faydası olmaz. Dövlət büdcəsindən rayonun inkişaf etdirilməsi üçün ayrılan maliyyə vəsaitini ciblərinə dürtüşdürərkən, insanlardan rüşvət alarkən, aztəminatlı şəxslər üçün nəzərdə tutulmuş yardımları mənimsəyərkən utanmaq lazım idi. Çünki o əməlləri – cinayətləri törədərkən bir azca utansaydılar, DTX-nın qara maskalı əməkdaşları ilə qarşılaşmaq məcburiyyətində də qalmazdılar.

mahiz.jpg (7 KB)

Təbii ki, bu “utancaqlıq” əlacsızlıq qarşısında edilən yersiz “etiraf”dan başqa bir şey deyil. Utanma hissi olan insan məzlumların tikəsinə göz dikməz, tamah salmaz.

Bu isə o deməkdir ki, onlar əslində, öz əməllərindən – cinayətlərindən deyil, məhz DTX-nın qara maskalı əməkdaşlarından “utanırlar”. Yəni modern dövlət “rüşvət və korrupsiya bataqlığı”nda çabalayan məmurları “utanmağa” məcbur etməyin yeganə doğru yolunu dəqiq müəyyənləşdirib.

Həbs edilən sonuncu icra başçısının (Vilyam Hacıyev) məhkəmədən çıxarkən dedikləri də bunu təsdiqləyir. Dahi Şekspirin adaşı olan bu adam üzünü məhkəmə binası qarşısında gözləyən yaxınlarına çevirib “Narahat olmayın. Bir anlaşılmazlıq olub. Hər şey gözəl olacaq” deyib.

Təsəvvür edirsinizmi, adam anlaşılmazlıqdan bəhs edibmiş. Və həmin “anlaşılmazlıq” bu adamın rüşvət hesabına topladığı, az qala özü ağırlığında olan xarici valyuta bağlamalarından ibarətdir. Yəqin ki, onun hələ tapılmamış belə bağlamaları çoxdur ki, tezliklə həbsdən çıxıb, həmin pulların hesabına “gözəl həyat” sürəcəyinə ümidini qoruya bilib.

vilyam-4.jpg (159 KB)

Heç şübhəsiz ki, onun ümidlərinin doğrulma ehtimalı inandırıcı görünmür. Amma onun “hər şey gözəl olacaq” proqnozunun özünə münasibətdə olmasa da, ölkə üçün doğrulması tamamilə mümkündür. Çünki ölkə belə “viruslar”dan təmizləndikcə, sadə vətəndaşların rifahı da yüksələ, doğrudan da hər şey çox gözəl ola bilər.

Bəli, dövlət sistemi "KORRUPSİYA VİRUSLARI"ndan təmizlənir, yavaş-yavaş... Onminlərlə yetimin, məzlumun haqqını yeyənlər, indi qusurlar. Halbuki bu viruslar nə vaxtsa, qusmalı olacaqlarını yəqin ki, heç ağıllarından belə, keçirməyiblər. Hesab ediblər ki, o vəzifələr onların özəl "biznes mülkiyyəti"dir və necə istəsələr, elə də sərvət yığa bilərlər.

Bu "korrupsiya virusları" dövlətin daxilindəki ən qəddar və amansız düşmənlərdir. Və DTX artıq onlara əsl layiq olduqları yeri göstərir.

Ancaq belə viruslar hələ çoxdur və onların hamısı qusdurulmayınca bu ölkənin rahat nəfəs alması, haqqın-ədalətin öz yerini tutması çətin məsələdir. Bu viruslar özlərindən əvvəlkilərin aqibətindən də nəticə çıxartmaq istəmirlər. Çünki bunların zehniyyət kodları talamaqdır, məzlumun ağzından tikəsini çırpışdırıb, öz ciblərinə dürtüşdürməkdir. Başqa da heç nə bilmirlər, anlamırlar...

Ancaq ölkənin yenidən dizayn edilərək, modernləşdirilməsi geriyədönməz prosesə çevrilmiş kimi görünür. Və yeni dövlət sistemində belə viruslara qətiyyən yer olmamalıdır.

Məzlumun haqqını yeyənlər, harama bulaşanlar isə onsuz da heç vaxt cəzadan qaça bilmirlər. Hər halda, artıq dəfələrlə sınaqdan çıxmış bir deyim var: ALMA MƏZLUMUN AHINI, ÇIXAR AHƏSTƏ-AHƏSTƏ...

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

Tarix: 8-05-2020, 17:29
Xəbəri paylaş



Xəbər lenti