Son illər türkdilli topluluqlar və respublikalar arasında inteqrasiya meyilləri, mədəni əlaqələr xeyli genişlənib.
Türk dövlətləri arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığın güclənməsini istəməyən qüvvələr var.
“Hay-küylə türk birliyi qurmaq çətindir”
“Türk birliyinin qurulması istiqamətində müəyyən işlər görülüb, lakin bu, azdır, başqa sözlə, yetərsizdir. Əlavə işlərə ehtiyac var. Bilirsiz, hər şey ehtiyacdan doğur – böyük kəşflər, qəhrəmanlıqlar, nəzəriyyələr, mübarizələr, nələr, nələr... Deməli, biz düzgün olaraq, etiraf etmiş oluruq ki, türk birliyi zərurətdir, görülmüş işlərdən daha çox iş görülməlidir. Əlbəttə, yovşanla yoncanı fərqləndirə bilmə¬yənlərin, saxta türkçülərin hay-küyü ilə türk birliyi qurmaq çətindir, belələrinə qulaq asmaq, ümid olmaq vaxt itkisidir. Bununla belə, türk birliyi hamıya xeyir gətirən, bölgəyə dayanıqlı barış, dünyaya inkişaf vəd edən hadisədir. Türk birliyi xəyal deyil, yalnız gələcəyə aid arzular toplusu deyil. Zamanında türk birliyi olub, ən yeni tarixdə birlik adına müəyyən – gözardı edilməyəcək işlər görülüb və günü bugün türk birliyi yolundayıq. Özəlliklə, ötən ilin payızında türk dünyasının döyünən ürəyi Bakıda keçirilmiş Türk Dövlət Başçılarının Zirvə Görüşü iştirakçıların tərkibi, əhatə edilən coğrafiya, ehtiva edilən mədəniyyət iqlimi və qəbul edilən qərarlarla yaddaqalan oldu”.
Əkbər Qoşalı bildirib ki, digər türk dövlətləri də birliyə daxil edilməlidir:
“Qardaş Türkmənistanın bir an öncə sözügedən Birliyə dövlət başçısı səviyyəsində, tam hüquqlu üzv statusu ilə qatılmasına ehtiyac var. Qeyd edək ki, bugünlərdə gerçəkləşmiş video-görüşə Qurbanqulu Berdimühəmmədov da qatılmışdı, bu, bir irəliləyişdir. Tatarıstanın müşahidəçi statusu ilə, digər federasiya subyektləri başçılarının yaxud türk muxtar respublikaları başçılarının fəxri qonaq, özəl dəvətli sifəti ilə iştirakı arzuolunandı. TÜRKSOY-un Türkiyə-Suriya sərhədində yaşanmış rus qırıcısı ilə bağlı böhrandan öncəki du¬ruma qayıtmasına ehtiyac var. Bu daha çox Rusiya mərkəzi hökuməti ilə aparılacaq işdən asılıdır. Xalqlararası Türk Akademiyasının (TWESCO) türk ölkələrində nümayəndəliyinin açıl¬masına ehtiyac var. Hələlik türk ölkələrinin hərəyə bir nümayəndə təyin etməsi ilə Nur-Sultanda qərargahlaşmış bu, çox önəmli akademiya ortaq türk qurumları içərisində son illər bəlkə də ən fəal qurum halına gəlib. Qeyd edək ki, bunda da professor doktor Darhan Xıdıralinin xidmətləri danılmazdır”.
Əkbər Qoşalının fikrincə, digər ortaq türk qurumlarının fəaliyyətinin canlandırılmasına ehtiyac var:
“Müstəqil türk dövlətləri arasında gömrüklə, ticarətlə, vergi ilə, digər həyati vacib sahə¬lərlə, məsələlərlə bağlı daha sadələşdirilmiş, hətta həvəsləndirici qərarların qəbuluna ehtiyac var. Bugünlərdə Qazaxıstan sərhədçilərinin Xəzərdə Azərbaycan sərhədçilərinə qarşı ölüm və yaralanma ilə nəticələnmiş uyğunsuz davra¬nışını, bu məqamda acı təəssüf hissi ilə deməliyik. Bilirsiz, bu iş dərindən araşdırılınca, aranı pozmağa çalışan kənar güclərin barmağının olmasına təəccüblənmərəm. Deməli, qardaşlıq ruhunu yalnız mənəvi platformada, tarixdə, etnoqrafiyada, deyək, ədəbiyyat kitablarında saxlamamalı, böyütməli, yaymalı, həyat vəsiqəsi ilə təmin etməli, funksi¬ya¬laşdırmalıyıq. Bax, buna ehtiyac var”.
Rusiyanın imperiya iştahası türk birliyinin yaranmasına əngəl ola bilərmi?
Əkbər Qoşalı hesab edir ki, bəzi dairələrdə imperiya həvəsi mövcud olsa da, Rusiyadakı demokratik təsisatlarla əməkdaşlığı genişləndirmək lazımdır:
“Rusiya geniş anlayışdı, demək olmaz ki, Rusiya Federasiyasında hamı imperiya maraqları ilə yaşayır – yox, bu belə deyil. Biz normal qonşuluğa, xalqlararası (dövlətlərarası) hüquq qaydalarına arxa çevirməyən qurum-quruluşlarla, nüfuzlu şəxslərlə, vətəndaş cəmiyyəti institutları ilə işimizi gücləndirməliyik. Bu məsələdə diaspor təsisatlarımızın, o cümlədən, Rusiya qarşısında xidmətləri olmuş nüfuzlu azərbaycanlıların üzərinə də böyük məsuliyyət düşür.
Və nəhayət, mən türk birliyini Avrasiya Birliyinə, hər hansı başqa birliyə qarşı qoymaq istəməzdim. Mən türk birliyinə daha dərin, daha özgüvənlu, daha üfüqlü baxışın tərəfdarıyam. Yoxsa, kimlərsə sabah-birisgün başqa birlik sevdasına düşdü, bu dəfə də onlaramı qarşı olacağıq? Ümumən, biz enerjimizi, diqqətimizi kiməsə qarşı deyil, özümüzü qorumaq, inkişaf etdirmək üçün xərcləməliyik”.