Leyla Emeç Tavşanoğlu
“Yurt” qəzeti, Türkiyə, 29 aprel 2020-ci il
Bir neçə gün əvvəl Almaniyanın “Deutsche Welle” telekanalında maraqlı bir müsahibə yayımlanıb. Uzaqgörən, söylədiyi hər sözü ciddi müzakirələrə səbəb olan və nəticələrini göstərən natiq, İsrail əsilli tarixçi professor və yazıçı Yuval Noy Harari dünya və bəşəriyyətin bəlasına çevrilmiş COVİD-19 pandemiyasının gələcəkdə nələrlə yekunlaşacağı haqda proqnozlar verib.
“Sapiens – History of Humankind (“Sapiens – Bəşəriyyətin qısa tarixi” – tərc.)”, “Homo Deus – A Brief History of Tomorrow (“Homo Deus – Sabahın bir qısa tarixi” – tərc.)” kimi dünya miqyasında tanınmış kitabların müəllifi olan Harari bunları qeyd edib: “Mənim üçün ən böyük təhlükə bu pandemiya deyil. Çünki insanın bu virusu aradan qaldırmaq üçün kifayət qədər elmi infrastrukturu və texnologiyası var. Ən böyük problemimiz nifrət, cəhalət və xəsislikdir”.
Bunları söyləyən tarix professoru, əslində, yerdən göyə qədər haqlıdır. Əsrlər boyu atmosferi və təbiəti öz maraqlarımız naminə məhv etmək üçün əlimizdən gələni etmişik.
Qurucusu olduğu “Sapienship” adlı təşkilat vasitəsilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bir milyon dollar dəyərində yardım göstərən Harari müsahibəsində bu ifadələri söyləyib: “Təəssüf ki, insanlar bu qlobal böhrana həmrəyliklə deyil, digər ölkələri, dini və etnik azlıqları ittiham etməklə və acı, nifrət dolu sözlərdən istifadə etməklə cavab verirlər. Ümid edirəm ki, ehtiyacı olanlara nifrət əvəzinə şəfqət və səxavət, qlobal həmrəylik ruhu ilə kömək edə biləcəyik. Əlavə olaraq, biz sui-qəsd nəzəriyyələri ilə reallığı bir-birindən ayırd etməyi də bacarmalıyıq. Heç şübhəsiz, bu işləri görə bilsək, böhranı da aradan asanlıqla qaldıra biləcəyik”.
Buna əsasən, Harari siyasətçilərin davranışlarına da münasibət bildirib: “İndi seçkilər keçirilməsə də, siyasətçilər yenə də sosial təzyiqlərdə maraqlıdırlar. İnsanlar arasında pandemiya qorxusundan həmin xalqın güclü bir liderə sahib olma arzusu bir çox siyasətçilərin bundan istifadə edərək, diktatora çevrilməsinə gətirib çıxara bilər. Ancaq siyasətçilər bu sahədə öz sərhədlərini aşdıqlarında, güclü sosial reaksiyalarla qarşılaşsalar, təhlükəli hadisələrin qarşısını almaq asan olar”.
Harari müsahibəsinin digər hissəsində də bu maraqlı faktlara toxunub: “Son zamanlar bir çox populyar statusu olan liderlər elm sahələrinə hücum çəkirlər. Onlar iddia edirlər ki, elm adamları xalqdan aralayaraq elit təbəqə formalaşdırmağa çalışır və qlobal dəyişikliyi öz əllərində bəhanəyə çevirirlər. Onlara inanmayın. Böhran dövründə elm sahəsinə olan ehtiyacımız göz qabağındadır. Ümid edirəm ki, bu həqiqəti təkcə böhran dövründə deyil, böhran bitdikdə də xatırlayacağıq”.
Məşhur yazıçı və tarixçi COVİD-19 ilə mübarizə aparmaq məqsədilə yeni qurulmağa başlayan nəzarət sistemlərinin təhlükələrinə də diqqət çəkib: “Bu sistemlər vasitəsilə insanlar haqqında bu günədək misli görünməmiş miqdarda məlumatlar əldə edilə bilər. Beləliklə, əvvəllər baş verməmiş totalitar zorakılıq rejimi yarana bilər (Harari, deyəsən, burada Corc Orvelin “1984” adlı əsərinə diqqət çəkir – müəl).
Nələri oxuduğumu və yaxud televizorda nələri izlədiyimi bilirsinizsə, bütün bunlar sizdə bədii zövqlərim və siyasi yanaşmalarım barədə fikirlər yarada bilər. Ancaq bunlar hələ ki, məhdud məlumatlardır. Bir də bu məlumatların üzərinə təzyiqimi, bədən hərarətimi, ürək döyüntümü və digər fiziki göstəricilərimi də əlavə edin. İndi saniyələr içində nələr hiss etdiyimi daha yaxşı anlaya bilərsiniz. Belə bir məlumat dövriyyəsi distopik (xoşagəlməz və ya qorxulu sayılan bir icmanın, cəmiyyətin, rejimin təsviri) rejimlərin qurulması üçün əlverişli şərait yaradır”.
Tərcümə Strateq.az-ındır.