
Həssas əhali qruplarına dəstək göstərilməsi yalnız dövlətin sosial öhdəliyi deyil, eyni zamanda fundamental insan hüquqlarına riayət olunması məsələsidir.
Bu kateqoriyaya sağlamlıq imkanları məhdud şəxslər də daxildir və onlar üçün əlilliyin vaxtında və obyektiv şəkildə təyin olunması yardım almaq üçün həyati əhəmiyyət daşıyır.
Lakin praktikada bu prosedur çox vaxt aşılması çətin olan bir maneəyə çevrilir. Bu məsələ yaxın zamanda Milli Məclisdə də müzakirə olunub. Milli Cəbhə Partiyasının başqanı, Deputat Razi Nurullayev əlilliyin təyin olunması prosesində vətəndaşların yorucu prosedurlardan azad edilməsinin vacibliyini bildirib.
Onun fikrincə, mövcud mexanizm sadələşdirilməlidir, çünki bu sistem onsuz da çətin vəziyyətdə olan insanlar üçün əlavə yük yaradır. O, müharibə veteranları, ağır xəstələr və sosial cəhətdən həssas qruplar üçün sürətləndirilmiş mexanizmin tətbiqini təklif edib.
Sistemin necə islah edilməli olduğu və onun həqiqətən insan yönümlü hala gətirilməsi barədə Razi Nurullayev “Bakinskiy raboçiy”ə verdiyi eksklüziv müsahibədə ətraflı danışıb.
Sosdem.az həmin müsahibəni təqdim edir.
– Bu gün insan çox vaxt eyni prosesi bir neçə dəfə keçməyə məcbur olur. Əvvəlcə o, dövlət tibb müəssisəsinə müraciət edir və burada diaqnoz qoyulur – həkim rəyləri, analizlər və müayinələrlə təsdiqlənmiş rəsmi qərar verilir. İlk baxışda elə görünür ki, əsas tibbi mərhələ artıq tamamlanıb.
Lakin bundan sonra yorucu mərhələ başlayır: vətəndaş digər qurumlarına yönləndirilir və orada yenidən eyni sənədlər – çıxarışlar, rəylər və arayışlar tələb olunur. Bəzən əlavə təsdiqlər də istənilir, halbuki onlar artıq mövcud olan məlumatları təkrarlayır. Daha sonra həmin sənədlər elektron sistemə yüklənir və komissiya tərəfindən yenidən təsdiqlənir.
Nəticədə insan faktiki olaraq qurumlar arasında “sənəd daşıyıcısı”na çevrilir. Xüsusilə ağır xəstələr üçün bu proses çox ağırdır: bir dəfə xəstəxanaya getmək belə ciddi yük olduğu halda, onlardan uzun və mürəkkəb bürokratik mərhələlərdən keçmək tələb olunur.
Artıq olanlar arayışların təkrar toplanması, diaqnozun yenidən təsdiqlənməsi və elektron baza mövcud olduğu halda kağız sənədlərin tələb edilməsidir. Əgər diaqnoz dövlət müəssisəsində qoyulubsa, o, avtomatik olaraq vahid rəqəmsal sistemə daxil edilməli və sonrakı bütün qurumlar həmin məlumat əsasında işlənməlidir.
Vətəndaş müalicə almalı və bərpa prosesinə cəlb olunmalıdır, sənəd toplamaqla məşğul olmamalıdır. Bu gün isə sistem sanki insanın bürokratik yükə nə qədər dözə bildiyini yoxlayır: kim bütün mərhələləri keçir – status alır, kim keçə bilmir – sistemdən kənarda qalır.
– Söhbət sadəcə prioritetdən deyil, ədalətli yanaşmadan gedir. Veteran və ya ağır xəstə insan adi müraciətçi deyil. O artıq sağlamlığı ilə borcunu “ödəyib” və dövlət bunu sözlə yox, real mexanizmlərlə nəzərə almalıdır.
İlk növbədə konkret müddətlər müəyyən olunmalıdır: maksimum 10-15 gün. Bu gün insanlar aylarla gözləyir və bu, sağlam insan üçün sadəcə narahatlıqdırsa, ağır xəstə üçün kritik məsələdir.
Belə hallar üçün ayrıca baxılma sistemi olmalıdır – prioritet növbə, ayrıca komissiyalar və ya ixtisaslaşmış ekspert qrupları. Əksər hallarda söhbət aydın vəziyyətlərdən gedir və uzunmüddətli yoxlamalara ehtiyac olmur.
Prosesin məntiqini dəyişmək vacibdir. Hazırda insan özü sənədləri toplayır, müxtəlif instansiyalara gedir və aydın olanı sübut etməyə çalışır. Halbuki əksinə olmalıdır: əgər dövlətin əlində bütün məlumatlar – yaralanma, diaqnoz, sağlamlıq vəziyyəti varsa, proses əlavə ərizələr və gediş-gəliş olmadan avtomatik başlamalıdır.
Həqiqi sürətləndirilmiş mexanizm yalnız sürətlə deyil, həm də insan üçün yolun sadələşdirilməsi ilə özünü göstərir. Bu, insana hörmətin ifadəsidir və onun real vəziyyətini nəzərə alır.
Deməli, sistemin rəqəmsallaşdırılması növbələr və gecikmələr problemini həll etməyib…
Proseslərin bir hissəsini elektron formata keçirmişik, lakin sistemin iş məntiqi demək olar ki, dəyişməyib. Bu gün vətəndaş sənədləri onlayn təqdim edə, arayışları yükləyə, müraciət göndərə bilir. İlk baxışdan bu, irəliyə doğru addım kimi görünür.
Amma bundan sonra proses yenə köhnə ssenari üzrə davam edir: qərarlar gec qəbul olunur, qurumlar arasında məlumatlar hər zaman sinxronlaşdırılmır və buna baxmayaraq vətəndaşdan eyni sənədləri kağız formada təqdim etmək tələb olunur.
Nəticədə paradoks yaranır: elektron sistem mövcuddur, amma bürokratiyanı aradan qaldırmaq əvəzinə onu təkrarlayır. İnsan əvvəl rəqəmsal mərhələdən keçir, sonra isə ənənəvi prosedurlardan. Bunun nəticəsində yük azalmır, əksinə, daha da artır.
Problemin kökü ondadır ki, rəqəmsallaşma islahat kimi deyil, sadəcə “üst qat” kimi tətbiq olunub: köhnə sistem sadələşdirilməyib, yenidən nəzərdən keçirilməyib, sadəcə elektron mühitə köçürülüb.
Həqiqi rəqəmsallaşma isə fərqli işləyir: bütün dövlət məlumat bazaları bir-biri ilə əlaqələndirilir və insan müdaxiləsi olmadan avtomatik məlumat mübadiləsi aparılır. Qərarlar daha sürətli qəbul olunur, çünki bütün zəruri məlumatlar artıq sistemdə mövcuddur və vətəndaşın eyni sənədləri təkrar təqdim etməyə məcbur qalmır.
Bununla yanaşı, insan faktoru qalır: rəqəmsal məlumatlar olsa belə, daxili prosedurlar səbəbindən proses yenə uzana bilər. Məhz buna görə rəqəmsallaşma hələ müddətlərin qısalmasını və növbələrin aradan qalxması ilə bağlı gözlənilən effekti verməyib.
Onun real nəticə verməsi üçün yalnız texnologiyaların tətbiqi kifayət deyil, bütün sistem yenidən nəzərdən keçirilməlidir. Yalnız bu halda rəqəmsallaşma formal xarakter daşımayacaq və insanların həyatını həqiqətən asanlaşdıran bir alətə çevriləcək.
– Rəsmi rəqəmlər, şübhəsiz ki, mövcuddur, lakin onlar tam mənzərəni əks etdirmir. Biz ümumi imtina sayını görürük, amma bu qərarların nə qədərinin sonradan yenidən baxılaraq səhv hesab edildiyini bilmirik. Halbuki bu, sistemin keyfiyyətini göstərən əsas göstəricidir. İmtina faktının özü hələ heç nə demir – əsas məsələ qərarların nə dərəcədə əsaslı və davamlı olmasıdır.
Praktikada tez-tez belə hallar olur ki, imtinadan sonra insanlar yenidən komissiyadan keçirlər və nəticədə onlara əlillik təyin olunur. Bu isə ilkin qərarların mübahisəli olduğunu göstərir. Amma insan üçün bu sadəcə formal məsələ deyil – itirilmiş vaxt, əsəb və sosial dəstək olmadan keçən aylar deməkdir.
Burada sual yaranır: bu, sistemli problemdir, yoxsa ayrı-ayrı hallar? Aydın statistika olmadan bu suala cavab vermək mümkün deyil. Belə məlumatlar tam açıq olmalıdır. Cəmiyyət yalnız imtinaların sayını deyil, həm də apellyasiyaların, yenidən baxılan və dəyişdirilən qərarların sayını bilməlidir. Yalnız bu halda sistemin nə dərəcədə ədalətli işlədiyini obyektiv qiymətləndirmək olar.
Çünki şəffaflıq yalnız hesabatlılıq məsələsi deyil, həm də etimad məsələsidir. İnsanlar sistemin öz səhvlərini açıq şəkildə göstərdiyini və onları aradan qaldırmaq üçün çalışdığını gördükdə, dövlət institutlarına olan inam da artır.
– İlk növbədə sistem daxilində etimad qurulmalıdır. Əgər diaqnoz dövlət tibb müəssisəsində qoyulubsa və həkimlər, analizlər və müayinələrlə təsdiqlənibsə, o, sonrakı mərhələlərdə hər dəfə şübhə altına alınmamalıdır.
Eyni dərəcədə vacib məsələ müraciətlərə baxılması üçün dəqiq və məcburi müddətlərin müəyyən edilməsidir. Hazırda bu müddətlər ya həddindən artıq uzundur, ya da formal şəkildə yerinə yetirilir və insan aylarla qeyri-müəyyən vəziyyətdə qalır.
Müddətlər qanunvericilikdə aydın şəkildə təsbit olunmalı və onların pozulmasına görə real məsuliyyət nəzərdə tutulmalıdır. Çünki burada insanların həyatına birbaşa təsir edən məsələlər -gəlirin olmaması, müalicənin gecikməsi və sosial dəstəyin çatışmazlığı dayanır.
Xroniki və sağalmaz xəstəliklərlə bağlı vəziyyət xüsusi diqqət tələb edir. İnsanların eyni vəziyyəti dəfələrlə təsdiqləməyə məcbur edilməsi yolverilməzdir. Əgər sağlamlıq vəziyyəti yaxşılaşmırsa, əlillik əlavə prosedurlar olmadan avtomatik şəkildə uzadılmalıdır. Əks halda bu proses formal xarakter alır və psixoloji təzyiqə çevrilir.
Eyni zamanda, aydın və operativ şikayət mexanizmi yaradılmalıdır. Bu gün qərarla razılaşmayan şəxs faktiki olaraq bütün prosesi yenidən keçir. Eyni sənədlər, eyni komissiyalar və yenidən vaxt və enerji itkisi. Halbuki şikayət mexanizmi real müdafiə aləti olmalı, bürokratik prosedurun təkrarı olmamalıdır.
Ümumilikdə isə söhbət təkcə inzibati dəyişikliklərdən getmir, insana münasibətdən gedir. Sistem insanı sınağa çəkməməli, ona kömək etməlidir. Bu, insan ləyaqəti məsələsidir və dövlətin həssas qruplara, vətəndaşlara necə yanaşdığını göstərir.
– Müstəqil ekspertlərin və ictimai təşkilatların cəlb olunması, sadəcə, arzuolunan deyil, zəruridir. Bu, sistemə və qəbul edilən qərarların keyfiyyətinə olan etimadı artıracaq.
Bütün qərarlar yalnız bir sistem daxilində qəbul edildikdə, qapalılıq riski yaranır. Bu, mütləq sui-istifadə demək deyil, lakin qapalı mühit şübhələr üçün zəmin yaradır: insanlar qərarların necə verildiyini görmür, meyarları anlamır və prosesi subyektiv kimi qəbul etməyə başlayırlar.
Beynəlxalq təcrübə göstərir ki, sosial müdafiə və tibbi ekspertiza sahəsində müstəqil tərəflərin iştirakı şəffaflığın vacib elementidir. Bir çox ölkələrdə qarışıq modellər tətbiq olunur – dövlət komissiyaları ilə yanaşı, xarici nəzarət mexanizmləri də mövcuddur: müstəqil tibbi mütəxəssislər, ictimai şuralar və ya ombudsmanlar. Bu yanaşma mübahisəli qərarların sayını azaldır və onların əsaslılığını artırır.
Xarici monitorinq sistemi daha məsuliyyətli edir. Mütəxəssislər biləndə ki, onların qərarları kənardan qiymətləndirilə bilər, məsuliyyət səviyyəsi avtomatik olaraq yüksəlir. Bu prinsip bütün sahələrdə işləyir – məhkəmə sistemindən tutmuş səhiyyəyə qədər.
Bundan əlavə, müstəqil ekspertlər və ictimai təşkilatlar əlavə geri əlaqə kanalı rolunu oynayır. Onlar sistemli problemləri aşkar etməyə, tipik səhvləri müəyyən etməyə və bunları dövlətə strukturlaşdırılmış şəkildə çatdırmağa kömək edirlər.
Nəticədə bu yanaşma hər kəs üçün faydalıdır: dövlət daha şəffaf və dayanıqlı sistem əldə edir, vətəndaşlar isə qərarların obyektiv və ədalətli qəbul olunduğuna əmin olurlar. Müstəqil nəzarət elementi olmadan insanların həqiqətən etibar edəcəyi bir sistemi qurmaq mümkün deyil.
– Bu, perspektivli istiqamətdir, lakin ona düşünülmüş və məsuliyyətli yanaşmaq lazımdır. Süni intellekt sistemə ciddi üstünlüklər verə bilər – məlumatların emalını sürətləndirə, böyük həcmdə informasiyanı analiz edə və formal meyarlar üzrə insan faktorunun təsirini azalda bilər.
O, uyğunsuzluqları aşkar etməyə və insanın yük və ya yorğunluq səbəbilə gözdən qaçıra biləcəyi detallara diqqət yönəltməyə qadirdir.
Lakin süni intellektin tətbiq sərhədlərini düzgün anlamaq vacibdir. Tibbi ekspertiza yalnız rəqəmlər və göstəricilərdən ibarət deyil. Bu, həm də insanın fərdi tarixçəsi, sağlamlıq vəziyyəti, xəstəliyin dinamikası və müşayiətedici amillərlə bağlıdır. Bütün bunları tam şəkildə alqoritmə çevirmək mümkün deyil.
Bundan əlavə, məsuliyyət məsələsi ortaya çıxır. Əgər qərar tam şəkildə sistemə həvalə olunarsa, səhvə görə kim cavab verəcək? Belə hallarda səhv insan üçün çox ağır nəticələrə səbəb ola bilər.
Beynəlxalq təcrübə göstərir ki, hətta yüksək səviyyədə rəqəmsallaşmış ölkələrdə belə süni intellekt yardımçı vasitə kimi istifadə olunur, mütəxəssisi əvəz etmir. O, həkimə və ya komissiyaya dəstək verir, lakin yekun qərarı qəbul etmir.
Ən düzgün yanaşma balanslı modeldir. Son qərar insanın üzərində qalmalıdır. Məhz texnologiya ilə peşəkar məsuliyyətin bu vəhdəti həm effektivliyi, həm də ədaləti təmin edir.
– Dövlət həqiqətən sosial xərcləri artırır və bu, müsbət tendensiyadır. Son illərdə sosial sahənin büdcəsi genişlənir, dəstək proqramları artırılır, ödənişlərin həcmi çoxalır. Bu da göstərir ki, sosial müdafiə dövlət siyasətinin diqqət mərkəzindədir.
Lakin büdcənin artması öz-özlüyündə sistemin effektivliyini təmin etmir. Əsas məsələ yalnız nə qədər vəsait ayrılması deyil, bu vəsaitin konkret insana nə qədər tez və ədalətli şəkildə çatmasıdır.
Praktikada vətəndaş bəzən bürokratik prosedurlar, gecikmələr və ya imtinaların sonradan yenidən baxılması səbəbindən aylarla əlillik statusu ala bilmir. Bu müddət ərzində o, zəruri dəstəkdən məhrum qalır. Formal olaraq vəsait mövcuddur, lakin konkret insan üçün “işləmir”, çünki o, vaxtında sistemə daxil ola bilmir.
Bundan əlavə, gecikmələrin dolayı nəticələri də olur. İnsan status ala bilmədikdə, yalnız ödənişləri deyil, eyni zamanda bir sıra sosial xidmətlərə, güzəştlərə və tibbi yardıma çıxışı da itirir. Problem artıq təkcə büdcə məsələsi deyil, həyat keyfiyyəti məsələsinə çevrilir.
Eyni zamanda, ünvanlılıq prinsipinə əməl olunması vacibdir. Hər bir sosial sistem ilk növbədə həqiqətən ehtiyacı olanlara yardım etməlidir. Proses nə qədər mürəkkəb və uzun olarsa, bir o qədər çox insan bu yolu keçə bilməyəcək.
Bu gün əsas diqqət yalnız maliyyənin artırılmasına deyil, sistemin effektivliyinin yüksəldilməsinə yönəlməlidir. Güclü sosial siyasət təkcə böyük büdcə rəqəmləri deyil, həm də dövlətin insanlara vaxtında, tam və əlçatan dəstək göstərmək bacarığıdır.