Azərbaycanlı alim COVID-19 reallığı haqda: “Dəfələrlə demişəm, səsimi eşitmək istəmirlər”


Azərbaycanlı alim COVID-19 reallığı haqda:       “Dəfələrlə demişəm, səsimi eşitmək istəmirlər”
“Virusa yoluxma zamanı 84-87% hallarda nəinki xəstəxana şəraiti, heç dərman müdaxiləsi belə, tələb olunmur” - Musa Qəniyev
 
Ölkəmiz üzrə COVID-19 virusuna 421 mindən çox adam yoluxub. Bununla yanaşı, vaksinasiya prosesi də davam etməkdədir və peyvəndlənənlərin sayı 6 milyondan çoxdur. İki dozada peyvənd qəbul edənlərin sayı da 3 milyona yaxınlaşır.
 
Lakin keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il yoluxma sayında artım müşahidə edilir. Artan rəqəmlər isə insanlarda təşviş yaradır, psixoloji sarsıntı ilə nəticələnir.
 
AYNA ictimaiyyət arasında yaranan fikirlər, sualların bir qisminə cavab tapmaq üçün tibb elmləri doktoru, professor Musa Qəniyevlə həmsöhbət olub.
Musa Qəniyev — Vikipediya
- Professor, keçən ilin indiki dövrü ilə müqayisədə bu il ölüm və yoluxma sayında daha çox artım müşahidə edilir. Bu, “Delta” varinatının xüsusiyyəti kimi qiymətləndirilsə də, peyvənd olunanlar və təbii immunitet qazananların da sayının kifayət qədər olduğunu nəzərə alsaq, yenə suallar yaradır. Bəlkə peyvəndlər yeni ştamlarda təsirli deyil?
 
- Keçən ilin müvafiq dövründə çox sərt karantin tədbirləri var idi. Eləcə də COVID-19-a yoluxmada yeganə risk faktoru sayılan birbaşa tənəffüs kontaktı və anormal ünsiyyət formaları (məsələn, qucaqlaşma, öpüşmə) yox idi və insanlar virusa yoluxmamaq üçün bu tələbə qanun kimi əməl edirdilər. İndi isə tamamilə əksinədir. Odur ki, hazırda gündəlik ünsiyyət formasına çevrilən birbaşa tənəffüs kontaktı, COVID-19-a yoluxmanın hazırda müşahidə olunan artımının bir nömrəli səbəbidir. Buna görə də, hazırkı artıma əsas səbəb kimi “Delta” ştammı göstərilməməlidir. Çünki bu artımda “Delta” ştammının rolu nisbidir.
 
Hər yeni mutant ştamm ana ştamm sayılan COVID-19-un RNT genomunun letallıq mutasiyasının nəticəsi kimi əmələ gəlir. Odur ki, COVID-19 əleyhinə hazırda istifadə olunan peyvəndlərin bu ştamlara təsir gücü COVID-19 əleyhinə təsir gücündən heç bir halda zəif ola bilməz. Digər tərəfdən, hazırda COVID-19-un virulentliyi (öldürücülüyü) keçən dövrlə müqayisədə azalıb. Fəsli infeksiya statusuna yaxınlaşmasa idi, eləcə də peyvənd və xəstələnib sağalanlar hesabına kollektiv immunitet formalaşmağa başlamasa idi, mövcud ünsiyyət formalarına görə hazırda yoluxma 5-6 rəqəmli olmalı idi.
 
- Təbii immunitet qazanmış şəxslərin yenidən yoluxma riskinin minimum 6 ay olduğu deyilirdi. İndiki vəziyyətdə sual yaranır: bəlkə bu müddət deyildiyindən azdır?
 
- Sizin söylədiyiniz 6 ay xəstəlik nəticəsində qazanılan təbii, eləcə də peyvənd fonunda formalaşan virusəleyhinə 250 antitellər içərisində COVID-19 əleyhinə fərdi spesifikliyə malik potensial fəal İgG kimi antitellərin saxlanma müddətidir. Odur ki, infeksiyaya ehtimal olunan təkrar yoluxmama müddəti kimi təqdim olunmamalıdır. Çünki ilk dəfə yoluxmanın 21-ci günündən, təkrar yoluxma və ya peyvənd olunduqdan sonra baş verə biləcək yoluxma halında isə 3-cü gündən sonra əmələ gələn bu antitellər 2 həftədən sonra azalmağa başlayır. Məlum tarixdə antitellərin kəmiyyət tərkibi hətta sıfırlansa belə, formalaşan immunitet hüceyrə yaddaşına həkk olur. Nəzərə almaq lazımdır ki, formalaşan immunitet infeksiyaya yoluxma sürəti və tezliyinin qarşısını almır. Sadəcə olaraq təkrar yoluxmada xəstəliyin yüngül və simptomsuz gedişinə təminat verir.
 
- Koronavirusun qrip xarakteri aldığını demişdiniz. Artıq bir çox insan da düşünür ki, COVID-19 qrip xarakteri alıb. Belə olduğu halda hazırkı peyvəndləri nə qədər effektiv hesab etmək olar?
 
- Bu sualınıza mən artıq cavab vermişəm. Əlavə olaraq onu bildirmək istəyirəm ki, fəsli infeksiya statusu qazanan bütün viral infeksiyaların, epidemioloji şərait pisləşdiyi dövrlərdə, insanları aktiv həyatdan ayırmamasının yeganə şərti peyvənddir.
 
- Daha bir şübhə peyvənd olunmuş şəxslərin başqalarını yoluxdurmasıdır. Peyvənd olunmuş şəxs daşıyıcı kimi başqalarını yoluxdura bilərmi?
 
- İstər peyvənd olunmuş, istərsə də xəstəliyi keçirərək təbii immunitet qazanan insanlar COVID-19-a təkrarən yoluxarlarsa, infeksiyanın kataral əlamətlər müşaidə olunan aktiv fazasında daşıyıcı olaraq başqalarını yoluxdura bilərlər. Lakin bir cəhət nəzərə alınmalıdır ki, bu insanların yoluxdurduğu şəxslər virus yükü və virusun virulentliyinin zəifləməsi səbəbindən (xəstəliyi transfer edən şəxslərdə virusla aktiv mübarizə aparan antitellərin olmasına görə) xəstəliyi yüngül keçirməlidirlər.
 
- COVID-19-un müalicəsində istifadə olunan dərmanların “Arbidol”, “Favipiravir”, “Randomized” kimi dərmanların xəstələri şoka salıb öldürdüyü barədə fikirlər səsləndirilir. Necə hesab edirsiniz, həqiqətən ola bilərmi ki, COVID-19-un müalicəsində istifadə olunan bəzi dərmanlar yeni ştamlarda effektiv olmasın və xəstəni şoka salaraq ölümünə səbəb olsun? Bu dərmanları istifadədən əvvəl yoxlamaq lazımdırmı?
 
- Viruslar müstəqil şəkildə artıb-çoxala bilmir və bu məqsədlə qonaq olduğu hüceyrənin struktur elementlərindən istifadə edir. Obliqat, yəni heceyrədaxili parazitlər olduğuna görə tək COVID-19-a deyil, ümumiyyətlə, konkret virus ştammına selektiv, yəni seçici təsir göstərən antiviral dərman preparatının alınması yalnız uzaq gələcəyin işidir. Hazırda istifadə olunan bütün antiviral preparatlara isə ən yaxşı halda yalnız nisbi selektivlik xasdır. Məlum səbəbdən, antiviral preparatların qeyri-spesifik toksiki effektləri də kifayət qədər çoxdur. Odur ki, COVID-19-un müalicəsində istifadə olunan bəzi dərmanların yeni ştamlara təsir göstərməməsi və ya xəstəni şoka salaraq ölümünə səbəb olması kimi fikirlər absurddur.
 
Ümumiyyətlə, antivirallardan yalnız həyati zərurət yarandığı halda istifadə olunmalıdır. Bu dərmanların istifadədən əvvəl yoxlanılmasına gəlincə isə, bu, təlabat kimi qoyulmamalıdır. Çünki əlavə effektlərinin çoxluğu səbəbindən klinik istifadəyə tövsiyə olunan və potensial fəallığı yüksək dəyərləndirilən istənilən antiviral preparatın effektivliyi çoxmərhələli klinik sınaqlarda öz təsdiqini birmənalı şəkildə tapmış olur.
 
- COVID-19 testinin pozitiv çıxdığını öyrənən şəxslər panikaya düşürlər. Ölümlə üz-üzə dayandıqlarını düşünürlər, halbuki sağalanların olduğunu da bilirik. Eyni zamanda xəstəxana şəraitində müalicə almağa can atanalar da çoxdur. Hansı halda xəstəxana şəraiti şərt hesab olunur?
 
- COVID-19-a yoluxma zamanı 84-87% hallarda nəinki xəstəxana şəraiti, heç dərman müdaxiləsi belə, tələb olunmur. Xəstəxanaya yatırılma yalnız saturasiyanın düşməsi fonunda, ağ ciyərlərin ağır zədələnməsilə müşahidə olunan kəskin nəfəs darlığı və ikincili infeksiya ehtimalının reallıq olduğu hallarda lazımdır. Bu, mənim düşündüklərimdir. Təbii ki, bu haqda son söz klinisistlərindir.
 
- Kompüter Tomoqrafiya (KT) müayinəsi barədə düşüncələrinizi də bilmək istərdik. Çox adam ağ ciyərlərində “buzlu şüşə”nin olmasından və ya gec biləcəkləri halda artmasından qorxaraq COVID-19 testinin müsbət nəticəsi barədə bildiriş alan kimi KT müayinəsindən keçməyi zəruri hesab edir. Bir tərəfdən də həkimlər deyir ki, bu müayinənin özü də ziyandır.  Sizin bu barədə düşüncələriniz necədir?
 
- KT müayinəsində insan çox güclü şüalanmaya məruz qalır. Bunun arzuolunmaz nəticələri haqqında dəfələrlə yazmışam. Onu əlavə etmək istəyirəm ki, bu radioloji müayinədə COVID-19-a xas klinik görüntünün yeganə göstəricisi “tutqun şüşə” (buna çox vaxt “buzlu şüşə” də deyirlər) siptomu hesab olunur. Bu söz son vaxtlar o qədər çox işlədilir ki, onun sadəcə olaraq adının çəkilməsi insanın bədbinlik, ruhi sarsıntı və “ölüm qorxusu” hissi keçirməsinə səbəb olur. Mən bu sahənin mütəxəssisi olmasam da, bildirmək istəyirəm ki, istənilən etiologiyalı (bakterial, virus, göbələk və s.) pnevmoniya zamanı da fokal və ya diffuz “tutqun şüşə” simptomuna rast gəlmək olar. Bütün hallarda bu simptom alveol mənfəzinin möhtəviyyatla tam olmayan tutulması və ya alveol divarının infiltrasiyaya məruz qalmasının göstəricisidir.
 
Digər tərəfdən, “buzlu şüşə” simptomu heç də həmişə ağ ciyərlərdə patoloji proses olduğunu sübüt etmir. Hətta kifayət qədər stajı olan xronik papiros çəkənlərdə belə, rentgenoloji müayinə zamanı bu klinik əlamət müşahidə oluna bilər. Odur ki, mən zərurət yaranmadığı təqdirdə ağır şüalanmaya səbəb olan KT müayinəsinin aparılmasının əleyhinəyəm. KT müayinəsi yalnız infeksionist və anestezioloqun mütləq zərurət bildiyi hallarda, yəni bu infeksiyanın mütləq ölüm faizi nisbətinə yaxınlaşan çox ağır xəstə qruplarında aparılmalıdır. Dünya çapında bu rəqəm hər 1000 xəstəyə 20 nəfərin, Azərbaycanda isə hər 1000 xəstəyə 13 nəfərin üstündədir.
 
Doktor, bir ailədə elə olur ki, bircə nəfər yoluxur. Xəstəliyi yataqda, ciddi müalicə ilə keçirir, amma ailənin digər üzvləri özlərində heç bir əlamət hiss etmirlər. Bu halda deyə bilərikmi ki, mütləq həmin ailənin digər üzvləri də yoluxub, amma simptomsuz keçirirlər, yoxsa bu, necə olur?
 
- Ciddi şəkildə fərdi qorunma tədbirlərinə əməl olunmursa, bəli, həmin ailənin digər üzvlərinin də bu infeksiyaya yoluxub, onu simptomsuz keçirdiklərini söyləməyə əsas var. Bilirsiniz, COVID-19-un profilaktika və müalicəsinin düzgün təşkili, bu infeksiyaya münasibətdə hipohəssaslığın müəyyən edilməsinin həlledici şərti məhz bu halın öyrənilməsidir. Bu məqsədlə dünyanın müxtəlif bölgələrində, cinsi, irqi, etnik fərqliliklər nəzərə alınmaqla monitorinqlərin aparılması zərurətdir. Mən COVID-19 pandemiyası elan olunduğu gündən keçən müddət ərzində bu cür monitorinqlərin aparılmasının qaçılmaz zərurət olduğunu dəfələrlə bildirmişəm. Lakin dünya ölkələri və məlum reallığa xidmət edənlər bu günə gədər bu məsələni araşdırmaq istəyində belə, olmayıblar. Çox ciddi səbəblərə istinad edən bu məsələ haqqında tam aşkar şəkildə olmasa da, bəzi reallıqları COVID-19 pandemiyası elan olunduğu gündən keçən müddət ərzində yazdığım 70-dən artıq məqaləmdə dəfələrlə bildirmişəm.
Tarix: 1-09-2021, 18:55
Xəbəri paylaş



Xəbər lenti