Məhəlləyə dövlət rabitə şirkəti optik internet xətti çəkir. Hər 20 metrdən bir qazırlar, dirək basdırırlar. Onlardan iki il qabaq özəl internet xidməti şirkəti öz dirəklərini basdırmışdı. İndi məhəlləmizdə dirək meşəsi yaranıb. Dirək dirəyin böyründə. Bir dirək işığın, bir dirək telefonun, qazın dirəyi, seçkilər üçün yazı, it bağlamağa tazı dirəyi...
İstəyirsən özünü as – hərəmizə, türkün sözü, bir dirək düşür. Lakin biz Norveçdə, İsveçdə, Yaponiyada yaşamırıq axı, özümüzü asaq. (Zəhmətkeşlərimizi kimsə inandırıb, guya oralarda camaat depressiya üzündən ellikcə intihar edir). Biz Azərbaycanda yaşayırıq. Şair demişdir: “Cənnət görmək istəyən, Azərbaycana gəlsin”. Əlbəttə, cənnəti dirigözlü görmək istəyənlər.
Keçən ay su xəttimiz qırılmışdı, problemin səbəbini axtarmaq üçün Oğuz-Qəbələ-Bakı borusunun mənbəyinəcən getdik. Yalan olmasın. Ancaq yolumuz qısa da deyildi. Neçə dərələr, təpələr aşdıq. Toza-zibilə bulaşdıq. Ayağımıza mıx, gözümüzə toz girdi. Sonucda nə tapsaq yaxşıdır? Sən demə internet dirəyi basdıranlar bir nöqtədə su xəttini qırıb, kəsiyə taxtadan paz çalıb, rədd olublar.
Can qurtaran işdir. Mollanın anekdotundakı kimi: altı peyin, üstü kərə yağı, eşələmə, qoxusu çıxar. Su idarəsinin müdiri dedi ki, bu internet dirəyi basdıranların əlindən boğaza yığılmışıq. Az qala ağlayaraq dedi. Mən də şairin misraları ilə onu təsəlli etdim: “Gözümdən qanlı axar su, Həbibim, fəsli güldür bu, Axar dular bulanmazmı?”. O dərəcədə yaxınlaşmışdıq, su axtarışları zamanı...
İdarənin lap yekə müdiri də bu yaxınlarda həyəcan fəvvarəsi püskürdürdü. (Həyəcan təbilini başqa idarələr çala bilər, iş suya düşübsə, burda həyəcan fontan vurmağa borcludur). Deyir 2023-cü ildə Azərbaycanda içməli suyun 39 faizi, suvarma suyunun isə 50 faizdən çoxu itkiyə gedib.
Biabırçı rəqəmlərdir. Suyun qədrini bilmirik. Faktiki, onun yarısını çölə axıdırıq. Bəlkə çaylarımızın, dənizin qurumağı elə buna görədir, su acıq eləyib bizdən üz döndərir, qədrinin bilindiyi ölkələrə axır.
Müdir deyir ki, əslində bu hələ yaxşı rəqəm imiş, 4 il qabaq içməli suyun itkiyə gedən hissəsi 44 faiz imiş.
4 ilə itkiləri 5 faiz azaltmışlar. Fantastik işlərdir. Təklif edirəm müdiri spiker qoyaq. Niyə də yox? 40-50 faiz itkinin yiyəsi Oqtay müəllim indiyəcən kef çəkməkdə deyilmi? Şəhəri susuz qoyan adam xalq vəkillərinin böyüyü olmuşdusa, görəsən biz qədimdə suyun qabağını kəsən əjdahalarla dalaşmağa niyə igid, qəhrəman, xüsusi təyinatlı-filan göndərirdik? Amma qız da göndərirdik, insafən. Balanslı siyasətin əsasları o çağlardan qoyulub.
Bu su, hələ çox su aparacaq, çünki yiyəsi yoxdur. Nə qədər ki, bizdə su, rabitə, qaz, işıq və sairə kommunal xidmətlər sovetin vaxtındakı kimi – dövlətin tabeliyindədirsə, bu sahələrdə oğurluq, korrupsiya, yarıtmaz xidmət qaçılmazdır. Nisbətən babat xidmət işıqda qalır, sizcə nəyə görə? Çünki ora arada özəl şirkət, sahibkar əli dəyib. Baxmayaraq “Barmek” özü də bir zibilə yarayan şirkət deyildi, tapış-mapış, dayday hesabına “Siemens”in haqqına girib o paya yiyələnmişdi, ancaq yadınıza salın, “Barmek”ə qədər Bakının, Abşeronun, Sumqayıtın işıq xətləri nə kökdə idi? Hərə bir yanda oğurluq xətt çəkmişdi. Sayğac yox, dirəklər, naqillər Bakını Afrikanın cəngəlliyinə bənzədirdi. (İndi oxşar su xətləri binaları dolanır). Məhz özəl şirkətin zəhməti sayəsində elektrik xətlərinin çoxu yerin altına salındı. Sayğaclaşma aparıldı, oğurluq xeyli dərəcədə kəsildi.
Kommunal xidmət dövlətindirsə, orada səmərə olmayacaq. Bu, bütün dünyada sınaqdan çıxarılıb.
Bakının Baş Planı təzəlikcə açıqlanmışdı. Maraqlıdır, o plana görə bizim küçədə hələ neçə dirəyin yeri qalır?