
Adil Qeybulla: “Karantin davranışlarını gözləmirik, amma xəstələnmək də istəmirik...”
Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 1 622 yeni yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 70 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 51 986 nəfər müalicə olunaraq sağalıb, 905 nəfər vəfat edib, aktiv xəstə sayı 17 325 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 796, ötən müddət ərzində isə ümumilikdə 1 479 638 test aparılıb.
Dünyada koronavirusa yoluxanların ümumi sayı 52 milyon 440 mini ötüb. Virusdan ölənlərin sayı isə 1 milyon 289 min olub.
Göründüyü kimi, ölkəmizdə virusdan ölənlərin sayında da ciddi artım var. Bəs görəsən, ölüm sayları nəyə görə artır, bu, yoluxanların sayının artması ilə əlaqədardır, yoxsa başqa səbəb var? Bəziləri “hərarət yoxdursa, koronavirus da yoxdur” deyir, bu doğrudurmu? İnsanların bu cür düşünməsi nə dərəcədə düzgündür? Yazıda bu suallara cavab tapmağa çalışacağıq.
Adil Qeybulla“Karantin davranışlarını gözləmirik, xəstələnmək də istəmirik”
Professor Adil Qeybulla “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda son günlər ölüm sayının artması yoluxma sayının artması ilə bağlıdır: “Son günlər yoluxma sayı artdığına görə ona adekvat olaraq ölüm sayları da artıb. Amma ümumi yanaşanda ölüm sayı aşağıdır, bir-iki faiz təşkil edir. Dünya üzrə də bu 3-4 faizə qədərdir. Görün, dünyada nə qədər xəstələnən var, amma nə qədər ölən var. Yəni o nisbətdə ölüm faizi aşağıdır. Azərbaycanda da tam aşağıdır. O baxımdan da xəstələnənlər çoxalanda ölüm faizləri də artır. İkincisi, karantin davranışlarını gözləmirik, amma xəstələnmək də istəmirik. Bu necə olur?! Bu infeksiya hava-damcı yolu ilə yayılır. Hamı ağzı açıq, maskasız, xüsusilə də bu son hadisələrdə ümumiyyətlə insanlar heç bir karantin davranışını gözləmədilər. Bunlar hamısı yoluxma potensialıdır. Ona görə də baş verənləri çox təbii qarşılayıram”.
“Koronavirusda hərarət olmaya da bilər”
Həkim xəstəliklə bağlı insanlarda formalaşan yanlış fikirlərə də münasibət bildirib: “Koronavirusda hərarət olmaya da bilər. Bu orqanizmin reaktivliyindən asılıdır. Koronaviruslu xəstələrin çoxu bu xəstəliyi özlərindən kənarlaşdırmağa çalışırlar. Sanki bu xəstəlik bir ləkədir. Bu virus şəxsiyyət göstəricisi deyil. Hamı xəstələnə bilər. Maskanı çənənin altına saxlayıb, yoluxurlar, sonra da deyirlər qorunurdum, amma yoluxdum. İnsanların içində bu təsəvvürlərin yanlış olması, məsələyə bu cür yanaşması, əlbəttə, yoluxma sayının artmasında ciddi rol oynayır. Əvvəl-əvvəl müəyyən dairələrdən məlumatlar gəlirdi. Guya bu Bill Qeytsin yaratdığı virusdur. Bu yalan bir söhbətlərdi ki, xeyli insan bu xəbərə inandı, özlərini qorumadı, fəsadlar yaşandı”.
Məlumat üçün bildirək ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatı koronavirus və qrip infeksiyalarının fərqli xüsusiyyətlərini açıqlayıb. Belə ki, COVİD-19 və qrip oxşar simptomlara malikdir, lakin düzgün diaqnozu təyin etmək üçün iki xəstəliyin fərqli təzahürlərinə diqqət yetirməyə dəyər. Bildirilir ki, öskürək, burun axıntısı, boğaz ağrısı, qızdırma, yorğunluq koronavirus və qrip virusu üçün ümumi əlamətlərdir. SARS-CoV-2 əlavə olaraq nəfəs darlığına, dad və qoxu itkisinə səbəb olur. Bundan əlavə, COVİD-19-un ağır formasında iştahsızlıq, sinədə davamlı ağrı, 38 dərəcədən yüksək atəş və fikri cəmləyə bilməmək göstərilir. Bu cür simptomlarla dərhal tibbi yardıma müraciət edilməlidir. Xroniki xəstəlikləri olan insanlar, yaşlı vətəndaşlar, beş yaşa qədər uşaqlar və hamilə qadınlar da dərhal həkimə müraciət etməlidirlər.
Alimlərdən COVİD-19-la bağlı yenilik...
Yaxın günlərdə dünya alimləri COVİD-19 xəstələrində əhəmiyyətli biomarkerləri təsbit ediblər və yeddi qrup koronavirus infeksiyası simptomlarını təyin ediblər. Hansı ki, xəstəliyin müalicəsində və bir peyvəndin daha da inkişaf etdirilməsində kömək edə bilər.
Hərarət, quru öskürək, baş ağrısı, dad və qoxu itkisi - koronavirus infeksiyası simptomlarının siyahısı durmadan artır. Vyana Tibb Universitetinin tədqiqatçıları bu siyahını qruplaşdıraraq daha asan formada təqdim ediblər və COVİD-19 xəstəliyinin ala biləcəyi yeddi formanı müəyyən ediblər. “Allergy” elmi jurnalında dərc olunmuş bir yazıda immunoloq Uinfrid Pikl və allergist Rudolf Valentinin rəhbərlik etdiyi tədqiqatçılar, xəstəliyin infeksiyadan on həftə sonra da insanın immun sistemində əhəmiyyətli bir iz buraxdığını yazıblar. Bu kəşf xəstələrin müalicəsində və potensial peyvəndlərin daha da inkişaf etdirilməsində mühüm rol oynaya bilər.
Tədqiqat çərçivəsində elm adamları 109 sağalan və 98 sağlam insanın qanını da yoxlayıb. Araşdırmanın nəticəsindən aydın olub ki, COVİD-19 simptomlarının bəziləri bir-birilə əlaqəlidir və bir neçə qrup təşkil edir:
Qripə bənzər simptomlar (qızdırma, üşütmə, halsızlıq və öskürək);Adi soyuqdəyməyə oxşar simptomlar (burun axıntısı, asqırma, boğaz ağrısı və burun tıkanıklığı);Oynaq və əzələ ağrısı;Gözlərin və selikli qişaların iltihabı;Sətəlcəm və nəfəs darlığı da daxil olmaqla ağciyər problemləri;İshal, ürək bulanması və baş ağrısı da daxil olmaqla mədə-bağırsaq problemləri;Qoxu və dad itkisi və digər simptomlar.Tədqiqatçılar eyni zamanda qan testlərindən istifadə edərək COVİD-19 üçün bir neçə vacib marker müəyyən ediblər. Xəstəliyin insanın immunitet sistemində əhəmiyyətli dəyişikliklər - bir növ “barmaq izi”ni geridə buraxdığını tapıblar. Tədqiqat göstərib ki, COVİD-19-a yoluxanlarda bakterial patogenlərlə mübarizə üçün ümumiyyətlə immunitet sisteminə cavabdeh olan qranulositlərin sayı əhəmiyyətli dərəcədə azalıb. U.Piklin bunun heyrətamiz və tamamilə yeni olduğunu deyib. O, immunitet reaksiyasını artırmaq və yoluxmuş hüceyrələri öldürməkdən məsul olan T-limfositlərinin xəstələrin sağalmasından sonra da aktiv qaldıqlarını söyləyib. Bu, ilk infeksiyadan bir neçə həftə sonra da immunitet sisteminin xəstəliyə qarşı fəal şəkildə mübarizə apardığını göstərir. Bu, bir çox COVİD-19 xəstəsinin sağaldıqdan sonra özünü uzun müddət zəif hiss etməsinin səbəblərindən biri ola bilər.
Temperatur nə qədər yüksək olarsa, virusa qarşı immunitet o qədər güclü olur
U.Piklin onu da əlavə edib ki, xəstəliyin yüngül gedişi olan xəstənin temperaturu nə qədər yüksək olarsa, virusa qarşı immunitet də o qədər güclü olur. Alimlərin fikrincə, araşdırma göstərir ki, vücudu COVID-19-dan qoruyarkən, immunitet hüceyrələri və antitellərin birgə təsiri nəticəsində insanın immun sistemi “iki dəfə artıq” olur. Alimlərin fikrincə, növbəti addım bu kəşflərin yoluxmuş şəxslərin müalicəsində və COVİD-19-a qarşı potensial peyvəndlərin hazırlanmasında praktik tətbiqi olmalıdır./
“Yeni Müsavat”/
Tarix: 13-11-2020, 11:16