Ermənilərin Qarabağda tərk etdikləri evlərin taleyi necə həll olunacaq? - AKTUAL

Ermənilərin Qarabağda tərk etdikləri evlərin taleyi necə həll olunacaq?
- 1988-ci ilin dekabr ayı idi. Əşyalarımızı maşına yığdıq, Zəngilandan, Qubadlıdan keçib, Bakıya gəldik. Əvvəl xəbərdarlıq etdilər, sonra isə saqqallılar silah gücünə bizi ordan çıxardılar.


Müsahibimiz Ağaəli Hüseynov deyir ki, bu hadisələrdən əvvəl o özü Bakıya gəlibmiş. Amma Ermənistandan pis xəbərlər aldığına görə anasıgili oradan çıxarmağa gedibmiş.

Çətin günlər idi.

– İki evimiz vardı. Biri Oxtar kəndində idi, biri isə şəhərdə, Qafanda. Şəhərdəki evimizi Bakıda yaşayan bir erməninin evi ilə dəyişmişdik. Kənddəkinə isə heç köçə də bilmədik. Ora gedəndə qəribə bir hadisə ilə üzləşdik. Evin qapısının üstündən başı aşağı sallanmış bir kukla, adam maketi asmışdılar. Bununla bizi aşkar hədələyirdilər.

Ağaəli Hüseynov kənddəki evlərinə sonradan bir erməni tibb bacısının köçdüyünü söyləyir. Yerli camaatın “Doxturxana” dediyi tibb məntəqəsində işləyən bu qadın indi də onun böyüdüyü həmin evdə yaşayır…

2023-cü ilin sentyabr-oktyabrında Qarabağı tərk etmiş ermənilərin evləri isə bugünədək toxunulmaz saxlanılır. Ağaəli kişinin fikrincə, onları azərbaycanlıların Ermənistanda qalan evləri ilə dəyişmək də mümkündür:

– Düzdü, istərdim ki, öz yurduma-yuvama qayıdım. Qafana qayıdaram. Kəndimiz üçün burnumun ucu göynəyir. Amma indi ki vəziyyət belə gəldi, o evlər əmlak olaraq dəyişdirilsə, Xankəndidə də yaşayaram”.

Müsahibimiz televizorda məcburi köçkünlərin öz yurdlarına qayıtdıqlarını görəndə kövrəlir, onların keçirdikləri kissləri yaşamaq istəyir. Öz yurduna qayıdacağı günü həsrətlə gözləyir.

– Ömür keçir, yaş artır. 70-i haqlamışam. O günləri görəcəyəmmi, bilmirəm. Kəndimizin video-kasetləri var, onlara baxıram hər dəfə darıxanda. Bir əmim oğlu var, xaricdə yaşayır. İldə bir dəfə Bakıya gəlir. Onun erməni tanışları var xaricdə. Onlardan Ermənistandakı evimizin görüntüsünü çəkməyi xahiş edib. Xahişini yerə salmayıblar. Əmioğlu da videonu mənə gətirib. Bax, o qoyub gəldiyimiz evimiz var ha, necə var idisə, indi də elədir. Hasarı nə rəngdə idisə, indi də elə o rəngdədir, kənd klubunun və dükanın yanında…

Həmsöhbətim Ermənistandan qovulan yüz minlərlə azərbaycanlıdan biridir. O torpaqların köklü sakini olmuş, nəsilbənəsil orada yaşamış insanlardandır. 1988-ci ildən başlayan münaqişə zəminində Ermənistandan deportasiya olunmuş azərbaycanlılıarın cüzi bir qismi evini dəyişə, yaxud satıb gələ bilib. Qaçqınların böyük əksəriyyəti başlarını götürüb çıxmağa məcbur olublar. Həmin evlərdə isə ermənilər məskunlaşıblar, hazırda da yaşamaqdadırlar. (Yazının baş fotosu 1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulmasını əks etdirən real fotoşəkildir – red.)

Azərbaycanla Ermənistan arasında diplomatik təmaslarda bu problem müxtəlif formalarda qaldırılır. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında ona toxunur. “Euronews” televiziyasına noyabr müsahibəsində dövlət başçısı demişdi ki,“Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır… Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur…”

Azərbaycanın mövqeyi bəllidir – hər iki tərəfdən azlıqlar qayıdıb öz evlərində yaşaya bilməlidirlər. Ancaq Ermənistan bu ideyaya o qədər də isti yanaşmır, belə görünür ki, hazırkı status-kvonun qalması onu daha çox təmin edir. Elə olacaqsa, azərbaycanlıların Ermənistanda, erməni sakinlərin isə Qarabağda tərk etdikləri evlərin, əmlakın taleyi necə həll ediləcək? Praktik həll üçün hansı yol seçilə bilər? Mülk sahiblərinin qərarı əsas olacaq, yoxsa dövlətlərin gəldiyi razılaşma? Azərbaycan da Ermənistanın təcrübəsinə adekvat olaraq, boş qalmış evlərə qaçqın və məcburi köçkünləri yerləşdirə bilərmi?

“Xankəndi və ətraf bölgələrdə olan erməni mülkləri ilə bağlı məsələlər yerli və beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə uyğun həll edilməlidir”.

Bu fikir hüquqşünas Şamil Paşayevə məxsusdur. Pressklub.az-a açıqlamasında o bildirir ki, Azərbaycan 1991-ci ilə qədər SSRİ-nin tərkibində sosialist respublikası idi. Həmin vaxt mülklər üzərində özəl mülkiyyət yox idi, mülklər yalnız dövlətə məxsus idi. Xankəndi və ətraf ərazidə yaşayan insanların da mülkiyyəti o cümlədən. İndi ermənilərin qoyduqları mülklərlə bağlı məsələni həll edərkən nəzərə almaq lazımdır ki, burada inventarlaşdırma aparılmalıdır:

– Həmin mülklərin kimə məxsus olduğu ilkin olaraq müəyyən edilməli, sonra isə onların taleyi ilə bağlı qərar verilməlidir. Burada qeyd etməliyəm ki, Azərbaycan Respublikasının dövlət qurumlarından icazə və razılıq almadan, separatçıların öz qərarı ilə tikilən evlərin faktiki mülkiyyət hesab olunması bizim qanunvericiliyə görə doğru hesab edilmir. 1991-ci ildən əvvəl tikilən evlər isə, söylədiyim kimi, birmənalı olaraq dövlətə məxsus idi. Bu dövlət də Azərbaycan SSR idi. Yəni, mülkiyyət hüququ Azərbaycan SSR-ə məxsus idi.

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə özəlləşdirmə həyata keçirildi. Xankəndi və ətraf bölgədə yaşayan ermənilər isə bu prosesdən kənarda qaldılar. Çünki o ərazilər işğal olunmuşdu. Azərbaycan Respublikasında aparılan özəlləşdirmə qaydalarına uyğun olaraq, ermənilərə məxsus evlər də özəlləşdirilə bilər. Amma onlar bunun üçün Azərbaycan Respublikasının vətəndaşı kimi özəlləşdirmədə iştirak edib, əmlak, pay sahibi olmalıdırlar.

Hüquqşünas bildirir ki, orada olan ictimai binaların, məbədlərin böyük əksəriyyəti Azərbaycan SSR-ə aid idi. İctimai iaşə obyektlərinin, restoranların, teatr binalarının, universitet binalarının hamısı dövlətimizin hesabına tikilmişdi.

Şamil Paşayev sonda bildirdi ki, Azərbaycanın həm məbədlərin, həm evlərin, həm də mülkiyyətin qorunması ilə bağlı məsələləri yerli və beynəlxalq qanunvericiliyin tələblərinə riayət etməklə, ədalətli şəkildə həll edəcəyinə zərrə qədər şübhə yoxdur.

“Bütün bu məsələlər Azərbaycan qanunvericiliyinə uyğun olaraq həll edilməlidir”.

Millət vəkili Arzu Nağıyev Pressklub.az-a açıqlamasında belə deyib.

Müsahibimiz deyir ki, istər Mənzil Məcəlləsi olsun, istər digər qanunvericilik sənədləri olsun, bütün bu proseslər həmin sənədlərlə tənzimlənməlidir. Çünki burada söhbət ermənilərin geri qayıdıb-qayıtmamasından da gedir. Xankəndi və digər rayonlar Azərbaycan ərazisi olduğuna görə, bütün hüquqi hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmalıdır.

Deputat qeyd edir ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsələr, bizim Konstitusiya və qanunlarımıza uyğun olaraq orada yaşaya bilərlər. Başqa tərəfdən, Azərbaycanda yalnız bizim ölkənin vətəndaşları yaşamır, əlbəttə, amma həmin şəxslər qeyri-vətəndaş kimi, qanunu icazə verdiyi müddətdə və tələb olunan şərtləri yerinə yetirməklə ölkəmizdə yaşaya, işləyə, hətta əmlak sahibi ola bilərlər. Amma o halda, onlar yaşadıqları torpaqlarda qonaq, mühacir, yaxud sadəcə işçi vizası ilə gəlmiş şəxs olacaqlar. Ölkənin və torpağın sahibi olmaq, onun həyatında tamhüquqlu iştirak etmək, seçib-seçilə bilmək üçün vətəndaşlığı qəbul etmək lazım gələcək: “Ermənistan çalışır ki, Qarabağdan könüllü gedənlər qaçqın statusu alsınlar, BMT və digər qurumlardan müvafiq yardımlar üçün müraciət etsinlər. Təbii ki, hər hansı bir statusdan söhbət gedə bilməz. Çünki onların şəxsiyyətini təsdiq edən sənəd Ermənistan pasportlarıdır”.

“Qarabağda yaşayan erməni əsilli şəxslər lokal xarakterli anti-terror əməliyyatlarından sonra özləri könüllü şəkildə Qarabağı tərk etdilər”.

Bu sözləri əslən Xankəndidən olan jurnalist, APA informasiya agentliyinin baş direktoru Nurşən Quliyev saytımıza açıqlamasında deyib.

Müsahibimiz deyir ki, o adamların orada evləri, əmlakları qalır və Azərbaycan dövlətinin qarşısında duran əsas məsələlərdən biri də bu problemin həlli yolunu tapmaqdır: “Erməni əsilli şəxslər əmlaklarını, evlərini qoyub, gediblər və onların qayıtmaqları ilə bağlı bir cavab da hələ yoxdur. Amma heç kim onları sonsuza qədər gözləyəsi deyil”.

Nurşən Quliyev qeyd edir ki, onların konkret vaxta qədər geri qayıtmayacaqları təqdirdə, məsələnin həllinin başqa variantları düşünülə bilər: “Ola bilər ki, onların əmlakları ilə bağlı məsələ hüquqi şəkildə həllini tapsın, Azərbaycan dövləti tərəfindən onlara kompensasiya ödənilsin. Amma ermənilərin əmlakı ilə bağlı məsələlərdə onların qarşısına çox arqument qoya bilərik. Məsələn, Qarabağda işğal vaxtı dağıdılmış rayonlar, evlər, insanların əmlaklarının mənimsənilməsi faktları var. Bütün bunları nəzərə almaqla, dövlət Qərbi Azərbaycandan deportasiya olunmuş şəxslərin əmlaklarının qarşılıqlı dəyişdirilməsi və yaxud da, uyğun bildiyi digər variantlara baxa bilər” – deyə, Nurşən Quliyev sonda bildirdi.

Beləliklə, hamı qanun deyir. Həmsöhbətlərimizin ümumi rəyi bundan ibarətdir ki, mübahisəli və hüquqi taleyi naməlum qalan bütün situasiyalarda qanunlara istinad etmək lazımdır. Məsələnin elə ən müsbət tərəfi də budur. Güc, anarxiya, cinayət, separatizm yox, hüquq verməlidir bütün sualların cavabını. Bu həqiqət, heç çox demirik, 30 il əvvəl dərk olunsaydı, nə bu faciələr baş verərdi, nə talelər, nə əmlaklar dağılardı, nə də biz indi bu cür suallara cavab axtarmalı olardıq…

Müəllif: Mədinə Useynova - Mənbə: Pressklub.az
Tarix: 3-01-2024, 09:52
Xəbəri paylaş



Xəbər lenti