"Həmsədrlər Xankəndidə Araik Arutunyanla görüşəcək, yoxsa David Babayanla..?"


28 il Qarabağ münaqişəsində sülh naminə heç bir iş görə bilməyən Minsk Qrupu müharibə bitəndən sonra, bir ilə yaxındır ki, müəyyən cəhdlər göstərsə də Azərbaycanın qəbul etmədiyinə görə faktiki kənarda qalmışdı. Amma, son günlər baş verənlərdən hiss olunur ki, Minsk Qrupu qayıdır. Həm də bizim maraqlarımızın tam əksinə olan addımlarla geri döndüyünü elan etməklə. Hələ ötən ilin dekabrın 12-də Bakıdakı görüşlərində, bu ilin aprelin 13-də verdikləri bəyanatda 44 günlük müharibənin nəticələri ilə - qələbəmizə hesablaşmadıqlarını, 27 illik rollarına sadiq qaldıqlarını nümayiş etdirmişdilər. Açığı Rusiya XİN rəhbəri Sergey Lavrovun jurnalistlərə çatdırdığı məlumatı oxuyanda təəccüblənməmək mümkün deyildi.  
 
Rusiyanın baş diplomatının verdiyi məlumat belədir:
 
“Elə bu günlərdə Rusiya, ABŞ və Fransadan olan üç həmsədr Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb. Anladığım qədəriylə Ermənistan, Azərbaycan nümayəndələri ilə yerində danışmaq üçün bölgəyə səfərlərini bərpa etməyə razılıq veriblər, o cümlədən Stepanakertdə görüşlər keçirilməsi planlaşdırılır". Bu açıqlamada Xankəndi əvəzinə Stepanakert adının Lavrov tərəfindən səsləndirilməsinin səhv olması və rəsmi statusuna uyğun gəlmədiyi bir tərəfə, separatçı rejimin nəzarət etdiyi əraziyə həmsədrlərin səfərinin planlaşdırılması daha böyük narahatçılıq yaratdı. Azərbaycan müharibə bitəndən ən yüksək səviyyədə elan edirsə ki, Dağlıq Qarabağ adında bir subyekt yoxdur, ölüb, o zaman niyə həmsədrlər separatçı rejimin nəzarət etdiyi yerə gedir?! BMT Baş Assambleyasının sessiyası belə bir planlaşma üçün fürsət yeri seçilibmi? Və indi də mötəbər mənbələrdən deyilir ki, guya belə bir səfərin olacağı çoxdan planlaşdırılırmış, sadəcə səfərin marşrutu üstündə razılaşma əldə edilməyib. İndi Ağdamdan keçməklə perspektivdə nəzərdə tutulan səfərin baş tutacağına razılıq verilib. Ağdamdan keçəndə nə olasıdır ki? Ola bilsin ki, mövcud heyət -  Rusiyadan İqor Xovayev, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer erməni vandalizmini əyani olaraq Ağdamda, Füzulidə, Cəbrayılda görməyib, amma  ATƏT-in sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin gözü qarşısında Qarabağ bu 28 ildə sökülüb viran qoyulmayıb? Yoxsa sadəlövhcəsinə düşünürük ki, Azərbaycanın maddi və mənəvi irsinin necə barbarlığa məruz qaldığını görəndən sonra həmsədrlərin siyasətində dəyişiklik olacaq? Və yaxud fikirləşirsiz ki, dinc əhalimizin Gəncədə, Bərdədə, Tərtərdə məruz qaldığı raket hücumunun nəticələri ilə yerində tanış etdikdən sonra həmsədrlər bu müharibədə kimin mülki əhalini hədəfə aldığına və nəticədə hansı tərəfdən daha çox mülki vətəndaşın həyatını itirdiyi faktlarını dünyaya bildirəcək? Hətta belə olsa belə Minsk Qrupu həmsədrlərinin Xankəndinə səfər etməsinə qətiyyən icazə vermək olmaz. Bu, Qarabağ separatçılarına qol-qanad vermək deməkdir, onlar status məsələsinin baş tutacağına əmin olacaqlar və bu gün dünyanın hər yerindən Xankəndiyə axan maliyyə ilə qurub-yaratmaqla məşğul olacaqlar, inanacaqlar ki, artıq həmsədrlər status məsələsini həll edəcəklər. Amerika kəşf eləmirik, zatən Minsk Qrupu məhz status məsələsini həll etmək üçün yenidən vasitəçiliyə başlayacaqlarını elan ediblər. 
 
Kimlə görüşəcək həmsədrlər Xankəndidə? Araik Arutunyanla, David Babayanla, Artak Beqlaryanla, Tovmasyanla. Bəh-bəh, nə əla?! Sabah da bəyanatlar yayılacaq ki, arxayın olun, Azərbaycanın tərkibində heç bir status olmayacaq, müstəqil olmağımız yaxındadır. O zaman hesab edək ki, Qarabağ münaqişəsi necə 1988-ci ilin fevralın 13-də başlamışdırsa, indi də yenidən başlayacaq. Bu işin başında ABŞ və Fransadan çox Rusiyanın dayandığı aydın hiss olunur. Əgər bu səfərin planlaşdırılmasını Lavrov elan edirsə, deməli, plan da onların başının altından çıxıb. 
 
Tutaq ki, Minsk Qrupunun dövriyyəyə girməsi perspektivdə tərəflərin dövlət başçılarının görüşünü təşkil etmək üçün zəruridir və yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev də Fransanın “France-24” telekanalına müsahibəsində“.., Minsk Qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, əlbəttə, biz buna qarşı çıxmarıq” deyib, amma bu o demək deyil ki, həmsədrlər Xankəndiyə də səfər etməlidirlər. Axı, belə bir ayrıca subyektin olmadığı dəfələrlə vurğulanıb.
 
Yəni, buradan məlum olur ki, həmsədrlərin fəaliyyətindən böyük narazılıq bildirilsə də, bu hələ rəsmən imtina deyil. Sadəcə, məsələ ondadır ki, Ermənistan rəhbərliyi də Qarabağ münaqişəsinin bitmədiyini və yalnız Minsk Qrupunun vasitəçiliyi ilə Qarabağın statusunun müzakirə aparılacağını israr edir. Eyni zamanda həmsədrlərin 13 aprel bəyanatında “tərəflərə məlum olan prinsiplər və elementlər əsasında danışıqların davam etdirilməsini” bir daha vurğulaması və burada bizim imtina etdiyimiz “Madrid prinsipləri” ni təkrar gündəmə gətirəcəklərini bilmirikmi? Axı, Azərbaycan bunu ən yüksək səviyyədə müharibə bitən vaxtdan bu günədək rəsmən bildirib ki, “status müzakirə mövzusu deyil”. 
 
Reallıq Rusiya sülhməramlıların Qarabağda müvəqqəti yerləşməsi və 10 noyabr üçtərəfli razılaşmanın mövcudluğudur. Biz ilk növbədə 10 noyabr bəyanatında irəli sürülən müddəaların həyata keçirilməsini həll etməliyik. Yəni, erməni silahlı birləşmələrinin son nəfərədək Azərbaycan ərazisindən çıxarılması, qaçqınlarımızın keçmiş Dağlıq Qarabağdakı yurdlarına dönməsi tam həll edilməlidir.  Bizim hədəfimiz bəllidir. Həmsədrlərin fəaliyyəti isə qoy əvvəlki kimi olsun. Onların fəaliyyətinin nədən ibarət olduğunu vaxtilə Minsk qrupunda ABŞ-ı təmsil etmiş Riçard Hoqland deyib. Riçard E.Hoaglanda görə, həmsədrlərin işi hər 6 həftədən bir regionu gəzib yüksək səviyyədə görüşlər keçirmək və "beş ulduzlu otellərdə" qalmaq, "ən yaxşı restoranlara" getməkdən o yana keçə bilməyib. 
 
Həmsədrlərin Xankəndinə səfərinin planlaşdırılması işi beşiyindəcə boğulmalıdır.
 
İlham İsmayıl

Tarix: 29-09-2021, 09:23
Xəbəri paylaş



Xəbər lenti