Şuşaya atılan “İsgəndər-M” raketləri: məsələ unuduldu, yoxsa...
İkinci Qarabağ müharibəsi zamanı Şuşaya atılan “İsgəndər-M” raketləri ilə bağlı məsələ indiyədək açıq qalır. Qeyd edək ki, Şuşaya atılan “İsgəndər-M” raketlərinin qalıqları hazırda Bakıda Hərbi Qənimət Parkında saxlanılır. Rusiya isə Azərbaycanın xeyli əvvəl “İsgəndər M”in Şuşaya necə atıldığı barədə qaldırdığı məsələyə qaneedici cavab verməyib.
Moskva bu məsələdə hələ də susqunluq göstərməkdədir. Halbuki insidentlə bağlı Prezident İlham Əliyev şəxsən Rusiya prezidenti Vladimir Putinə müraciət etdiyini söyləmişdi. Eyni zamanda Azərbaycanın bir qrup ictimai-siyasi xadimi Rusiya səfirliyinə müraciət ünvanlamışdı. Lakin həmin müraciət də cavabsız qaldı.
Ona görə də ortaya bir sıra suallar çıxır. Ola bilərmi ki, hazırkı həssas dönəmdə (mina xəritələrinin alınması və s.) Rusiya ilə münasibətləri saxlamaq naminə Azərbaycan tərəfdən mövzu müvəqqəti qapadılsın? Yəni Bakı uyğun bir zaman gözləyir. Pərdəarxasında bilmədiyimiz məqamlar varmı?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan bu mövzunu ən yüksək səviyyədə qaldırmışdı: “Rusiyadan isə faktiki olaraq bizi qane edən cavab hələ ki olmayıb. Azərbaycanın qarşısında həyata keçirməli olduğu çox vacib işlər dayanır. Bu və digər məsələləri nəzərə alsaq Bakının ”İsgəndər-M" məsələsinin üzərində bu gün təkid etməməsi anlaşılandır. Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında Azərbaycan ərazisinə atılan “İsgəndər-M” raketi barədə danışdı və açıq şəkildə dedi ki, bu məsələ ilə bağlı Rusiyadan cavab gözləyirik. Ertəsi gün Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərdi. Cavabda göstərilmişdi ki, “Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir”. Bu, əslində Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab sayıla bilməzdi. Çünki bizim hərbi nazirliyin məktubunda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb?
Sonradan, aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir daha bu məsələyə qayıtdı və qəti şəkildə dedi ki, “Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandır, yoxsa Rusiya. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb”.
Təəssüf ki, hələlik Rusiya bu sualları cavablandırmaq “əziyyətinə” qatlaşmaq istəməyib və susmağa üstünlük verib. Yəqin düşünürlər ki, bir müddətdən sonra məsələ unudulub gedəcək. Digər tərəfdən, son hadisələr zamanı böyük qonşumuzun Azərbaycanı razı salan mövqe ortaya qoymaqla, “günahını yumağa” çalışması göz qabağındadır. Söhbət “Qaragöl” hadisələri zamanı, sərhədlərin müəyyənləşməsinə münasibətdə Ermənistana tamamilə zidd mövqenin tutulmasından gedir. KTMT baş katibinin Ermənistan cəmiyyətini silkələyən cavabı, mina xəritələrinin alınması da bu istiqamətdə atılan addımlardan sayıla bilər".
A.Səmədovun sözlərinə görə, güman ki, Rusiyanın açıq səsləndirə biləcəyi cavab olmadığından bundan sonra Moskva “İsgəndər-M” raketləri məsələsinə qayıtmamağa çalışacaq: “Bizə də hər şey aydın olduğundan, yəqin ki, bir daha bu məsələyə qayıtmayacağıq. Çünki qarşımızda Rusiyanın fəal iştirakı ilə görəcəyimiz çoxlu işlər var. Söhbət, ilk növbədə, Şuşa Bəyannaməsində nəzərdə tutulanların reallaşmasından və Zəngəzur dəhlizinin açılması istiqamətində işlərin sürətlənməsindən gedir. Azərbaycan üçün bu işlərin reallaşdırılması vacibdir".
Tarix: 7-07-2021, 15:14