“Viran qoyulan bölgə...” - “Əl-Cəzirə” Ağdamdan reportaj yayımlayıb
“Vaxtilə ən perspektivli rayonlardan olan Ağdam hazırda tanınmaz haldadır, xarabalıqlara çevrilib”
“Əl-Cəzirə” telekanalı “Ağdamın bərpası: Azərbaycan dağıdılmış şəhəri yenidən qurmaq niyyətindədir” sərlövhəli reportaj yayımlayıb.
“Viran qoyulan bölgə... Vaxtilə ən perspektivli rayonlardan olan Ağdam hazırda tanınmaz haldadır, xarabalıqlara çevrilib”.
AYNA xəbər verir ki, reportaj bu cümlələrlə başlayır. Ağdamın yaşlı sakini Rövşən Şükürov telekanala müsahibəsində bildirir ki, işğaldan əvvəl Azərbaycanın ən gözəl guşələrindən biri olan Ağdam dağların əhatəsində, yaşıllıqlara bürünmüş yaşayış məskəni idi.
Şəhərin əvvəlki dövrünü şəkillərlə müqayisə edən müxbir Rəsul Sərdar Ermənistan silahlı qüvvələrinin Ağdamı işğal etdikdən sonra yaşayış evlərini, infrastruktur obyektlərini, muzeyləri dağıtdığına diqqət çəkir.
Reportajda ötən ilin noyabrında tam məğlubiyyətə uğrayan və şəhəri boşaldan Ermənistanın Ağdamda 100 mindən çox mina basdırdığı xüsusi vurğulanır. İndi isə Azərbaycanın həmin ərazilərin təmizlənməsi üçün genişmiqyaslı fəaliyyətə başladığı, lakin bu qədər minanın təmizlənməsinin çox vaxt apara biləcəyi qeyd edilir.
Bərdə-Ağdam avtomobil yolunun inşasından kadrlar da təqdim edilir. Reportyor mühəndisdən işlərin necə aparıldığını soruşur. 45 kilometr uzunluqda olan Bərdə-Ağdam avtomobil yolunda 4 körpü quraşdırılacağı və Ağdama su kəmərinin çəkilişinin tezliklə yekunlaşacağı bildirilir.
İşğaldan azad olunmuş ərazilərdə geniş layihələrin həyata keçiriləcəyi, texnologiyanın ən müasir nailiyyətlərindən istifadə ediləcəyi vurğulanır.
Müxbir reportajını bu cümlələrlə tamamlayır: “Ağdam şəhəri dağıdılsa da, Azərbaycan nikbindir və ağdamlılar doğma evlərinə qayıdacaqlarına əmindirlər”.