“Qarabağa nəzarəti tam ələ almaq yolunda Türkiyə ilə birgə addımlamalıyıq”


 "Bu gün həm Rusiya prezidenti Vladimir Putin, həm də xarici işlər Sergey Lavrov Qarabağla bağlı suallara cavab vermək məcburiyyətində qaldılar. Vladimir Putin Rusiya vətəndaşlarının suallarına onlayn formatında cavab verərkən Qarabağ haqqında danışdı, Sergey Lavrov isə Antalyada türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşərəkən mövzuya toxundu. Putin Qarabağ ermənilərinin gələcəyi haqqında fikir yürüdərkən, Lavrov Antalyada olduğuna görə Türkiyə ilə birgə addımlardan danışdı. Misal üçün, Putin dedi ki, Rusiya Qarabağda yalnız insanların təhlükəsizliyi sahəsində deyil, həm də sosial sahədə həyatın normallaşdırılması üçün şərait yaradacaq. “Silahlı qarşıdurmanın yenidən başlayacağı narahatlığı ilə yaşamaq mümkün deyil” deyən Kreml sahibi normal infrastrukturun qurulması probleminin mövcudluğunu vurğulayıb. Putin Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminə də toxundu: “Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən olunması məsələsi var, harada ki, heç vaxt dövlət sərhədi olmayıb. Bu, ancaq iki müttəfiq respublika arasında inzibati sərhəd olub. Biz indi bu işin həyata keçirilməsi prosesindəyik. Rusiya, Azərbaycan və Ermənistandan ibarət xüsusi üçtərəfli qrup yaratmışıq. Regionda normal münasibətlərin bərpa olunması üçün hər şeyi edirik. Bu işdən faydalananlar sözsüz ki, Dağlıq Qarabağın sakinləri olmalıdır. İstərdim, düşünüm ki, onilliklər ərzində yığılıb qalan bütün çətinliklərə baxmayaraq, belə də olacaq”. Putinin sözlərindən belə çıxdı ki, Rusiya həm Qarabağdakı ermənilərin sosial problemlərini həll edəcək, həm də Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsində hakim rolunu oynayacaq”.
 
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
 
E.Şahinoğlu bildirib ki, Sergey Lavrov Türkiyədə olduğuna görə Ankaraya xoş gəlsin deyə birgə əməkdaşlıq haqqında danışıb: ““Biz bu gün Mövlud Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edib Azərbaycan və Ermənistanın barışığına, onlar arasında münasibətlərin normallaşmasına, azərbaycanlılar və ermənilərin bu torpaqda yanaşı, mehriban qonşular kimi yaşamaları üçün şərait yaratmağa kömək etsin. Onda əminik ki, bütün məsələlər, o cümlədən siyasi xarakterli məsələləri daha asan həll etmək mümkün olacaq. Bir daha qeyd edirəm ki, bizim əməkdaşlığımızın əlavə istiqaməti bu regionda nəqliyyat kommunikasiya, iqtisadi əlaqələrin bərpa olunmasıdır. Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün “3+3” əməkdaşlıq platforması ilə bağlı təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danışdıq. Düşünürəm ki, burada bizim ilk vaxtlar üçün yaxşı planlarımız var. Təkrar edirəm ki, biz Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı nəticəli əməkdaşlıqdan məmnunuq”, - deyə Lavrov açıqlama verib". Putin və Lavrovun nə demələrindən asılı olmayaraq Azərbaycan-Türkiyə hərbi ittifaqının güclənməsi Kremli narahat edir, ancaq buna açıq etiraz edə bilmirlər, əksinə Ankaranın ünvanına xoş sözlər səsləndirirlər. Bu da Türkiyənin Cənubi Qafqazda artan roluna işarədir. Buna baxmayaraq, Rusiya Ermənistana bundan sonra da havayı hərbi texnika göndərməkdə, orada yeni hərbi bazalar yaratmaqda davam edəcək. Bizim vəzifəmiz isə Qarabağa nəzarəti tam ələ almaq yolunda Türkiyə ilə birgə addımlamaqdır”.
Tarix: 1-07-2021, 08:23
Xəbəri paylaş



Xəbər lenti