İlham Əliyev Ermənistana yeni şərt irəli sürdü: zaman və məkanın şifrələri - VİDEO


İlham Əliyev Ermənistana yeni şərt irəli sürdü: zaman və məkanın şifrələri
Asif Nərimanlı
Prezident İlham Əliyev Ermənistana yeni şərt irəli sürdü:

- Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməməlidir;
- Qonşuları ilə normal münasibətlər qurmalıdır;
- Ərazi iddialarından əl çəkməlidir;


Azərbaycan lideri Vətən müharibəsi başa çatandan sonra bu sözləri bir neçə dəfə bu və ya digər formada dilə gətirib, lakin indi zaman, məkan və bunun hansı proseslər fonunda baş verməsi xüsusilə diqqət çəkir.

Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra Prezident çıxışlarında iki məsələni həmişə vurğulayırdı: Qarabağa heç bir status verilməyəcək, Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur, məsələ həll edilib.

Üçtərəfli razılaşmalarda da Qarabağın statusu ilə bağlı heç bir qeyd yer almır. Bunun fonunda regionda kommunikasiyanın bərpa edilməsi, normal münasibətlərin qurulması məsələləri əksini tapıb.

Proseslərin gözlənilən inkişafı belə olmalıdır:

- Kapitulyasiya aktına imza atan Ermənistan ərazi iddialarından əl çəkir;
- Sərhədlərin demarkasiyası, delimitasiyası prosesi yekunlaşır;
- Kommunikasiya bərpa edilir, sərhədlər açılır;
- Yekun sülh müqaviləsi imzalanır və bölgədə normal münasibətlər qurulur;


ğBu proses ardıcıl, yaxud bir-birinə paralel olaraq həyata keçməlidir.

Hərçənd, kapitulyasiya aktına imza atan Ermənistanda bəzən revanşist iddialar ortaya atılır, o cümlədən, mövcud hakimiyyətin prosesləri ləngitməyə hesabanlanan addımları müşahidə edilirdi. Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi məsələsi fonunda bu iddialar və mövcud hökumətin atdığı addımlar daha çox seçkiöncəsi daxili auditoriyaya hesablanmış gedişlər idi. Rəsmi Bakı məhz bu amilə görə proseslərə səbrlə yanaşırdı.

Prezident İlham Əliyev də iyunun 25-də Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən, Ermənistanda seçkiöncəsi vəziyyətə toxundu.

Biz postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyirik. Əfsuslar olsun ki, biz indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik. Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq”, - Prezident bəyan etdi.

Bu o demək idi ki, Azərbaycan Ermənistandakı seçkilərə görə rəsmi İrəvanın sülh müqaviləsi ilə bağlı səssizliyini anlayışla qarşılayır, lakin artıq seçki bitirib və cavab gözləyir.

Prezidentin bu sözlərindən bir gün sonra – 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günündə yeni şərtlərini açıqlaması üç kontesktdə diqqət çəkir:

Birincisi, rəsmi Bakı Ermənistana mesaj verir: seçki başa çatıb və artıq sülh müqaviləsi ilə bağlı açıq danışmağın, cavab verməyin vaxtıdır;
İkincisi, rəsmi Bakı gözlədiyi cavabın mətnini də açıqlayır: Dağlıq Qarabağ sözündən imtina edilməli, ərazi iddialarından əl çəkilməlidir;
Üçüncüsü, rəsmi Bakı Ermənistan üçün ən unikal yolun nə olduğunu göstərir: qonşularla normal münasibətlər qurulmalıdır;


Zamanın və məkanına seçimi Azərbaycanın mümkün risklərə qarşı atacağı addımlarını özündə əks etdirir. Prezident Silahlı Qüvvələr Günündə və qalib Azərbaycan Ordusunun generalları, yüksək rütbəli hərbçiləri önündə Ermənistana cavabın nə olacağının mesajını verdi.

“Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir” – Müzəffər Ali Baş Komandan bəyan etdi.

Və bu bəyanatda hər şey açıq formada qeyd olunur.

Asif Nərimanlı
Tarix: 29-06-2021, 22:55
Xəbəri paylaş



Xəbər lenti