Ötən ilin sentyabrın 27-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin mövqelərimizi genişmiqyaslı raket-artilleriya atəşinə tutması ilə başlayıb, elə Ermənistan ordusunun darmadağın edilməsi və kapitulyasiyası ilə başa çatan İkinci Qarabağ Müharibəsi həm də yaxın qonşularımızın Azərbaycana münasibətlərinin real təzahürü, sınağı, aşkarlandığı dövr oldu.Həmin dövrdə əfsuslar olsun ki, İrandan Azərbaycanın Xankəndi şəhərinə aramsız olaraq ağırtonnajlı yük avtomobilləri hərəkət edirdi. Bu avtomobillər İrandan Ermənistana keçir, oradan da Xankəndinə yönəlirdi.
Həmin avtomobillərin yüklərinin nədən ibarət olması barədə nə Ermənistan, nə də İran İslam Respublikası indiyədək rəsmi açıqlama verməyiblər.
Yüklərin bütünlüklə humanitar yardım, ərzaq və ya dərman preparatlarından ibarət olduğunu iddia etmək isə ən azı, sadəlövhlük olardı.
Həmin avtomobillərin hərəkətinin əks olunduğu çoxsaylı foto və videokadrlara rəğmən, rəsmi Tehran hər dəfə olayı qətiyyətlə təkzib edib, baş verənləri "İran-Azərbaycan dostluğuna və qardaşlığına qarşı yönəlmiş məqsədli dezinformasiya, əsassız şayiələr və böhtanlar" qismində dəyərləndirib.
Ötən ilin noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla, Ermənistanın kapitulyasiyası ilə Vətən Müharibəsi başa çatandan sonra da İran İslam Respublikasından Ermənistana, oradan da Azərbaycanın hələlik rusiyalı sülhməramlıların operativ-fəaliyyət nəzarətində olan Xankəndi şəhərinə ağırtonnajlı yük maşınlarının hərəkəti dayanmadı.
Sonuncu belə olay may ayının əvvəlində qeydə alındı. İranın dövlət nömrə nişanlı yük avtomobillərin Ermənistandan keçərək Laçın dəhlizi vasitəsilə Xankəndinə yollanmışdılar.
İranlı sürücülərin idarə etdikləri bu yük maşınlarının Azərbaycan ərazisində hərəkətlərinin qeyd olunduğu foto və video görüntülər də var.
Görüntülər yayılandan sonra İranın Azərbaycandakı səfirliyi bəyanat yayaraq bildirmişdi ki, videolar, fotolar və məlumatlar araşdırılacaq.
Bir qədər keçdi, səfirlik nəticəni açıqladı: sən demə, görüntülər və məlumatlar "dezinformasiya" imiş.
Amma...
Əldə etdiyimiz yenir görüntüləri, yeni faktları təqdim edirik.
İyunun 19-u, günorta. İrandan Ermənistana keçmiş ağırtonnajlı yük avtomobilləri yenə Xankəndinə doğru hərəkət edir.
Üzərində İran bayrağı olan 124872 (fars rəqəmləri ilə) ban nömrəli yük maşını dövlət qeydiyyat nömrəsini dəyişərək Ermənistana məxsus 16US195 dövlət nömrə qeydiyyatı ilə Rusiyanın sülhməramlı kontingentinin nəzarətində olan postdan asanlıqla keçərək Xankəndi istiqamətinə hərəkət edir. Üzərində "HAMNAFAS" yazılmış yük maşını axşam saatlarında geri qayıdıb, Ermənistana keçib.
Elə həmin gün, saat 17 radələri.
022DL99 dövlət nömrə nişanlı, üzərində "ARK TABRİZ" yazılmış yanacaqdaşıyan yük maşını Xankəndiyə yollanıb və geri dönməyib.
İranlı sürücülər artıq yeni "fənd"dən istifadə edirlər: onlar Ermənistan ərazisinə daxil olanda İranın dövlət nömrə nişanlarını çıxarır, avtomobilə Ermənistan nömrələri vuraraq Xankəndinə hərəkət edirlər.
Çox yəqin ki, İranın Azərbaycandakı səfiri bu faktla bağlı da araşdırma aparacaq, nəticəni açıqlayacaq.
Fəqət, İran vətəndaşı olan sürücülərin idarə etdikləri yük avtomobilləri Xankəndinə nə daşıyır, hansı yükləri aparırlar? Hərgah bu yük adi yüklərdirsə, onda nə üçün avtomobillər Ermənistan ərazisinə daxil olandan sonra nömrə nişanları dəyişdirilərək "erməniləşdirilir"? Və yüklər adidir, nə səbəbdən daşımalar Azərbaycana əvvəlcədən müvafiq məlumat verilmədən, gizli şəkildə həyata keçirilir?
Nömrə dəyişmə əməliyyatında məqsəd nədir, bunu edənlərin məramı nədir?
Və ən nəhayət, rəsmi Tehranın müvafiq rəsmi qurumları bu yükləri daşıyanları, xüsusilə də daşıtdıranları məsuliyyətə cəlb edəcəkmi?
Sualların cavabları bizi çox maraqlandırır.
İranda prezident seçkiləri keçirilib və İbrahim Rəisi İran vətəndaşlarının seçimi ilə seçkilərdə qalib gəlib.
Düşünürük ki, cənab Rəisi ölkələrmiz arasında indiyədək mövcud olan xoş münasibətlərin daha da möhkəmlənməsi və inkişafı üçün zəruri addımları atacaq.
Fəqət rəsmi Tehran bununla yanaşı, Azərbaycan-İran münasibətlərinin məzmumuna, miqyasına və ruhuna tam zidd olan neqativ olayların qarşısını almalı, belə hallara yol verilməməsi üçün zəruri, təxirəsalınmaz tədbirlər görməlidir.
Rusiyanın sülhməramlı kontingentinə gəldikdə isə, onların Laçındakı nəzarət-buraxılış postunda fəaliyyətlərini daha sayıq və məsuliyyətli icra etmələrini arzulardıq.
Fotoları təqdim edirik
Tarix: 23-06-2021, 00:12