Zamanın fürsəti və ərazi bütövlüyümüzə aparan yollar...


Zamanın fürsəti və ərazi bütövlüyümüzə aparan yollar...
Şuşa atəşfəşanlığına ermənilər hansısa şəkildə bir cavab verəcəkdilər. Qaragöl ətrafında baş verən sərhəd olaylarına Ermənistan rəhbərliyinin informasiya təxribatı və adekvat olmayan reaksiyası erməni cəmiyyətinin diqqətini Şuşadan bir qədər yayındıra bilsə də, separatçı rejim atəşfəşanlığın işığından yayınmaq üçün kompleks tədbirlər həyata keçirməklə məşğuldur. Müharibədən sonra qeyri-müəyyən əhval ruhiyyədə olan Qarabağ erməniləri getdikcə müəyyənləşirlər, yəni əksər hissə Qarabağda qalmaq perspektivini qətiləşdirir. Separatçı rejimin rəhbərləri dünən məhz Şuşa rayonunun işğalda olan kəndlərini gəziblər, orada yaşayan erməniləri ürəkləndiriblər, tezliklə sosial-iqtisadi problemlərin həll ediləcəyini, kəndlərarası yolların asfaltlanacağı bildiriblər. Qırmızı Bazara gedib orada tikilən beşmərtəbəli binanın tezliklə istifadəyə veriləcəyini, 180 mənzilli daha yeni bir binanın inşa ediləcəyi xəbərini də çatdırıblar. Ən əsası isə...
 
Separatçı rejim Xocalıda tikintiyə başlayıb və Hadrut qaçqınlarını Xocalıya yerləşdirməyi planlaşdırıblar.  Bütün bunlar və separatçı rejimin buna bənzər hərəkətlərinin təbliğat xarakterli olduğu aydındır, amma Xocalı bir başqa. Hadrut qaçqınlarını məhz Xocalıda yerləşdirmək separatçı rejimin şahmat gedişidir- nəyisə qurban verib, başqa nəsə qazanmaq. Məğlub olan, qaçqın düşən ermənilər müharibə bitəndən sonra özlərinə gəlib tikinti-abadlıq işləri ilə məşğul olmağa özlərində iradə tapa biliblər. Qalib olan biz, ruh yüksəkliyi bizdə, amma Xocalıda, Şuşanın işğal altında olan kəndlərində tikinti-abadlıq işlərini görən.., məğlub olan tərəf. Bizim o yerlər üçün real fəaliyyətimiz varmı? Fəaliyət qalsın bir tərəfə, söz şəklində olsa belə heç bir bəyanat verməmişik. Baxmayaraq ki, 10 noyabr razılaşmasında konkret bənd var: qaçqınların geri qaytarılması. 
 
Ümumiyyətlə, nədən nəzarət etmədiyimiz ərazilərlə bağlı heç bir fəəaliyyətimiz yoxdur? Qarabağ məsələsi artıq bitib deyəndə, yoxsa elə bu vəziyyət nəzərdə tutulur? Yəni biz azad etdiyimiz torpaqlarla kifayətlənirik, qalan ərazilərdə də ermənilər mövcud status-kvo ilə yaşayırlar, Rusiya sülhməramlıları da başlarının üstündə? Ümumiyyətlə, bizim ərazi bütövlüyümüzün həll edilməsi mexanizmi nədir? İndiki situasiyada hərbi yol real deyil, qarşıda Rusiya var. Diplomatik danışıqlar isə yoxdur. Nə vaxta qədər? Yoxsa, Araik və silahdaşları Xocalıda Hadrut qaçqınlarını yerləşdirdikdən sonra əlahəzrət diplomatiya addım atmaq istəyəcək? Ermənilər hətta beş ildən sonra bizim qayıdacağımızı yəqinləşdirsə nəinki Xocalıda, heç Xankəndinin ortasında belə daxma tikməzlər. 
 
Bir Qaragöl ətrafında baş verən adi sərhəd demorkasiyasına dünya münasibət bildirdi. Öncədən və ya paralel şəkildə düzgün informasiya bazasını yaratsaydıq bəlkə də informasiya, bəyanat təzyiqləri ilə üzləşməzdik. İndi nəzarət etmədiyimiz ərazilərlə də bağlı mövqe bildirib, əməli fəaliyyətə başlayacağımızı bəri başdan elan etməliyik. Əks halda, status söhbəti real müzakirə hədəfi olacaq. Zatən Minsk Qrupunun da, düşmənin də istədiyi budur. 
 
Bəlkə də bu gün cəmiyyəti narahat edən, hətta narazı salan sükut çox yaxın zamanda pozulacaq, konkret addımlar atılacaq, Ermənistanda keçiriləcək 20 iyun seçkilərindən sonra nəzarətimizdə olmayan Qarabağ torpaqları ilə bağlı daha kəskin qərarlar qəbul ediləcək. Amma, bu o demək deyil ki, bu gün vətənimizin işğalda qalan əraziləri ilə bağlı narahatçılığımızı dilə gətirməməliyik. Belə irad bildirənlərin olduğunu, hətta bu cür mövqe nümayiş etdirməklə xal qazanmaq istəyənlərin televiziyalarda, sosial şəbəkələrdə yaxa cırdığını görürük. Amma, yaxın tariximiz bizə dərs olmalı və bilməliyik ki, hamı susanda problemin həlli onilliklərlə uzanır və bunun şahidi millətimizdir. Zamanında səsini çıxaranlara ekstremist deyildiyindən 33 il bədəlini ödədik, daha bir 30 illiyə təhəmmülümüz yoxdur. 
 
Böyük qələbə çalmış Azərbaycanın bir ovuc separatçı qarşısında qalmadığını bilirik. Amma, onu da bilirik ki, qarşımızı kəsən Ermənistan və araiklər deyil, onların havadarlarıdır. Havadarların da gündə bir hava ilə burunlarını Qarabağa soxduqlarının şahidiyik. Birbaşa və dolayısı yolla. Qaragöl ətrafında baş verən hay-küy buna sübutdur. Dünya az qala hər gün siyasi cildini ilan qabığı kimi dəyişir, baş verən dəyişikliklərin isə bizim maraqlarımıza uyğun olacağı böyük suallar altındadır. Qalib dövlət zamanın fürsətini qaçırmamalı, ərazi bütövlüyünə gedən yollara çıxmalıdır. Yolumuz uğurlu olsun!
 
İlham İsmayıl

Tarix: 18-05-2021, 15:34
Xəbəri paylaş



Xəbər lenti