“Mən düşməni aşnan, düşmən məni daşnan” – belə olmur Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən. Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!” Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual. AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik. 30 illik Qarabağ münaqişəsi bizim cəmiyyətdə 3 nəfərdən ikisini siyasətçiyə, politoloqa çevirib. Qarabağla bağlı ölkə və ya XİN rəhbərinin görüşlərindən əvvəl Azərbaycanın ucqar kəndlərindəki çayçılarda belə, kompromiss, güzəşt, substantiv danışıqlar terminlərini işlədərək, hamı ancaq bu mövzuda danışır.
Qeyd edək ki, dilimizin izahlı lüğətində bu anlayışların hamısının dəqiq izahı var. Məsələn, kompromis - bir məsələni qismən həll etməyə və iki mübahisəli partiyaya bir sıra ümumi fikir verməyə imkan verən bir qərardır. Kompromisə nail olmaq üçün fərqli baxımdan vəziyyətə baxmalı, rəqibini anlamağa və qəbul etməyə çalışmalıyıq. Güzəşt - başqasının xeyrinə olaraq bir şeydən və ya öz fikrindən əl çəkməyə razılaşmaqdır. Farsca qozəştən, yəni keçmək feili ilə bağlıdır ki, mənası da bağışlamaqdır.
Bütün bunlar öz yerində, amma ədəbiyyatınızda siyasətdə istifadə edə biləcəyimiz, dildə deməsək də, silahlanacağımız atalar misalları var. Düzdür, indi deyəcəklərim, “Qarabağ”ın oyunundan əvvəl hansısa çayçıda əlində stəkan tutaraq, Qurban Qurbanova məşqçilik və oyun taktikası barədə dərs keçməyə bənzəyir, amma yenə də deyim: mən hesab edirəm ki, biz artıq ermənilərlə gələcək dostluqdan, birgə yaşayışdan danışsaq da, daha onlara heç bir məsələdə güzəştə getməməliyik. Lap Putin, ATƏT-in Minsk Qrupu gəlmir, kim gəlir gəlsin. Axı niyə belə düşünürəm?! İzah edim.
Aşırı millətçi-filan deyiləm və gözəl anlayıram ki, Qarabağ münaqişəsinin tam həll olunması üçün, yəni ayağımızın sözün həqiqi məsanında Xankəndidə yerə dəyməsi üçün Rusiya faktoru nəzərə alınmalıdır. Amma bu faktorun bizi daha hansı güzəştlərə gətirəcəyini fikirləşəndə, adamın tükləri biz-biz olur.
Məni kompromislərdən və güzəştlərdən tam çəkinməyə çağırış etmək fikrinə Ermənistanın xarici işlər naziri əvəzi Ara Ayvazyanın rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi son görüşdən sonra verdiyi açıqlamalar oldu. Hesab edirəm ki, biz Qarabağ müharibəsinin sonunda, Üçtərəfli Saziş imzalayandan sonra bir sıra ciddi səhvlərə yil verdik. Yenə deyirəm, pərdə arxasında nələrin danışıldğını bilmirəm, bunu Dövlət baba bilər, amma...
Sazişdən sonra ilk səhvimiz ermənilərə qarşı bu andıra qalmış güzəştə getməyimiz oldu – Kəlbəcərin boşaldılması üçün onlara əlavə vaxt verməməli idik. Nəticədə, unitazları təpələrinə dəysin, evləri, infrastrukturu yandırdılar, meşələri qırdılar. Daha sonra yenə güzəştə getdik və onlara Kəlbəcərdə onların Dadivank, bizim Xudavəng dediyimiz Alban kilsəsində erməni keşişlərinin qalmasına icazə verdik.
Yanlış addım idi, çünki, nəticədə rus dayılarının bir postunu da gətirib dikdilər kilsənin yanına və istədikləri zaman hələ işğal altında olan Xankəndidən, Ermənistandan oraya ziyarətə gəlirlər. Gəlsinlər, buna sözüm yox, amma o qədər güzəştə getdik ki, son Pasxa bayramında xristian-udinləri belə, orada ayin keçirməyə qoymadılar. Bunu erməni keşişləri BİZİM torpaqda etdilər.
Daha bir Alban kilsəsi də Xocavənd rayonunda, Rusiya sülhməramlılarının nəzarətində olan bölgədəki Amaras kisləsidir. Bura da bizim xristianların ayağı dəymir və dəyə də bilməz!
Xahiş edirəm, “biz neyləməli idik?”, “Qərb dünyası bizi qeyri-tolerant adlandırar, sankisyalar olardı” tipli cəfəng arqumentlərlə bu məsələyə haqq qazandırmayın. Müharibə bitəndən sonra müxtəlif Qərb dairələrindən, hətta UNESCO-dan belə, Qarabağdakı xristian abidələrin taleyi ilə bağlı narahatlıqlar ifadə edildi. Biri də artıq olacaqdı, amma...
Bizim dini dözümlülüyümüzün, tolerantlığımızın, gözəştə meylliliyimizin, kompromisslərə üstünlük verməyimizin daha bir nəticəsi – cavabı da Ayvazyanla Lavrovun görüşündən sonra gəldi. Ayvazyan dedi ki, Qazançı məbədi erməni kilsəsində qalmalıdır.
Məlumatsız olanlar üçün deyim ki, bu Alban kilsəsi Şuşada yerləşir, hazırda Azərbaycan dövləti tərəfindən təmir edilir və güzəştə getmək ənənəmizə sadiq qalsaq, bir müddət sonra Şuşanın ortasında rus sülhməramlılarının BTR-nin müşaiyəti ilə bu kilsəyə erməni nömrəli avtobusun gəlişinin şahidi olacağıq. Və ermənilər öz ağaları vasitəsi ilə hələ əsəblərimizlə çox oynayacaqlar.
Bir azdan xaricdən də bu kilsəyə ermənilərin səfərlərini təşkil etməyə çağırışlar gələcək çox güman ki. Nə deyirsiz, yenə də güzəştə gedək? Axı biz dözümlü və xüsusən də tolerant xalqıq.
Hə, atalar misalını demədim axı. “Mən düşməni aşnan, düşmən məni daşnan” – belə olmur...
Tarix: 11-05-2021, 16:36