“Bütün hallarda Kreml çıxılmaz vəziyyətdədir. Və bu, sülhməramlıların fəaliyyəti ilə bağlı da şübhə yaradır”
“İskəndər”dən bizə qarşı istifadə edənlər necə sülhməramlı ola bilərlər?!”
“Moskva bütün dünyanın qarşısında ifşa olunub. Odur ki, məsələlərə nə qədər tez aydınlıq gətirsə, o qədər yaxşıdır”
“İsgəndər-M” raketinin qalıqları Şuşadakı Qazançı kilsəsinin 200 metrliyində tapılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfindən Şuşada aparılan bərpa işləri ilə bağlı bəyanatına dair şərhində bildirilir. Qeyd edilir ki, bu, ölümcül silahla Ermənistanın bütün şəhəri, o cümlədən “dəyər verdiyi” kilsəni belə məhv etməyə hazır olduğunu göstərir.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ərəfəsində belə bir məlumatın yayılması beyinlərdə sual yaradır. Aydın məsələdir ki, nazirlərin görüşündə müzakirə olunacaq əsas məsələlərdən biri də məhz “İskəndər-M”-lə bağlıdır. İndi sözügedən məlumatın yayılması ilə Kreml özünə “hava yastığı” yaradır?!
AĞ patiya sədri Tural Abbaslı “Sherg.az”a açıqlamasında bildirdi ki, bütün cəhdlər mənasızdır:
“Raket Şuşa azad olunandan sonra atılıb. Elə isə ermənilər niyə öz tikdikləri kilsəni vursunlar?! Və ya Rusiya nə üçün Azərbaycanın nəzarətindəki ərazini hədəf alsın?!
Bəlkə də, bu, Şuşa azad olunmazdan əvvəl baş versəydi, ağıla batardı. İndiki halda isə, yox. Moskva heç bir halda “yaxasını kənara çəkə bilməyəcək”. Ya raketi özü atdığını etiraf etməli, ya da ordusuna nəzarət edə bilmədiyini, “İskəndər”lərin oğurlandığını deməlidir. Bütün hallarda Kreml çıxılmaz vəziyyətdədir. Və bu, sülhməramlıların fəaliyyəti ilə bağlı da şübhə yaradır. “İskəndər”dən bizə qarşı istifadə edənlər necə sülhməramlı ola bilərlər?! Dediyim kimi, Rusiya bundan sonra hansı bəyanatı verməsindən asılı olmayaraq, xeyiri yoxdur. Dirəniş mənasızdır. Bəhanəyə yer qalmayıb! Moskva bütün dünyanın qarşısında ifşa olunub. Odur ki, məsələlərə nə qədər tez aydınlıq gətirsə, o qədər yaxşıdır”.
T.Abbaslının sözlərinə görə, şimal qonşumuz heç olmasa, bundan sonra proseslərə neytral mövqedən yanaşmalıdır:
“Rusiya yanlışını düzəltməkdən ötrü addımlar atmalıdır. Sadəcə ədalətli, obyektiv, tərəfsiz olsun. Ermənilərdən azad etdiyimiz ərazilərimizdə öz qoşunlarını yerləşdirməsin. Problemin həllinin əksi istiqamətində addımlar atmasın, əksinə, çözümə çalışsın. Tarixə, beynəlxalq hüququn tələblərinə uyğun davransın. Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etsin, orada suverenliyimizin bərpa edilməsinə mane olmasın, sülhməramlılar hər iki icmaya- həm azərbaycanlılarla, həm də ermənilərlə eyni cür davransınlar. Və nəzərdə tutulmuş müddətdən sonra rus qoşunları Qarabağdan çıxarılsın. Yalnız bundan sonra Moskva öz günahlarını yumuş ola bilər”.
Tarix: 5-05-2021, 22:57