Hikmət Sabiroğlu Şuşanın mayı… Həyətdən yasəmən yığıb məktəbə apararsan, uşaqların gətirdiyi bənövşəyə-nərgizə qarışıb imtahanı bəzəyər. Mahnı bayramı olar, qışdan çıxmış qanın qaynayar, baş-gözünə əl gəzdirib, təzə-tər geyinib Cıdır düzünə tələsərsən. Lal dilin açılar, yamyaşıl ağaclar sevgi etirafına şahidlik eləyər. Sonra… Bir may səhəri atan gözlərini yumar, dağın sevimli ayı qaraya bürünər. Daha bir itkili mayı – xalanın ömür-gün yoldaşının, səni arana, Ağdama, Muğanlı kəndinə bağlayan Əmirxan əminin qəfil ölümünü xatırlayarsan. Sonra… 1992-ci ilin mayı gələr. Dağ uçar, aran batar. Çox çəkər bu may. Çox. Hər may zülm yaşanar. Aya baxmaz, günə baxmaz may – boynundan asılar hər ayın hər günü. Atan yuxuna girər, amma bir yuxuda da üzünə baxmaz, ölüb yerə girərsən. Qıraqdan baxan deyər dirisən, bir özün bilərsən necə varsan. Sonra… 8 may qanlı taxtından düşər. Dağ yenə dikələr, aran qurtular. Dilin tutular. Telefonu bağlamaq istəyərsən. Adamları qırmağa üzün gəlməz amma. Hər zəng sənə qoşulub susar, axırda telefon öz-özünə sönüb gedər. Sonra… May gələr. Yasəmən yurduna. Mahnı yurduna. Sevgi yurduna. Dağa-arana. Sabirin yurduna, Əmirxanın yurduna. İnanarsan may zülmü bitib… Novator.az