"Rusiyanı ən çox narahat edən məsələ Ərdoğanın planlaşdırılmış Şuşa səfəridir"




"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin əsasında dayanan prioritet məsələ Qarabağ və onun ətrafında gedən fikir ayrılıqlarının aradan qaldırılmasıdır. Rusiya yaxşı başa düşür ki, bölgədə öz hərəkətləri ilə Azərbaycanın, həmçinin Türkiyənin könlünü qırıb".

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Rusiyanı ən çox narahat edən məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın planlaşdırılmış Şuşa səfəridir: "Şuşa səfəri iki dövlət başçısının hər hansısa səfəri deyil, bölgədə ciddi möhkəmləndirmə işlərinin getdiyinin xəbərçisidir. Bölgəyə yeni hərbi qüvvələr yeridilir, təhlükəsizlik baxımından tam yararlı hala gətirilir və nəticə etibarilə Xankəndi üzərində basqı yarada biləcək şərait formalaşdırılır. Ruslar bundan narahatdır və onlar Xankəndidəki sülhməramlı qüvvələri 9 May Qələbə Günü Paradına cəlb edir, beləliklə təxribat xarakterli addımlar atmağa çalışırlar. Azərbaycan tərəfi bunun əvəzində həmin ərəfələrdə Ərdoğanın Şuşa səfərini təşkil edir".

Qabil Hüseynlinin sözlərinə görə, Rusiya hərbi parad təşkil etməklə bir daha tərəfsizliyini pozur və hətta bununla tərəfsizliyinin zirvəsinə qalxır: "Rusiya bölgədə meydanoxuyucu situasiya formalaşdırır. İndi də gəlib dostluq mesajları verməyə çalışacaq, bəzi məsələlərdə Azərbaycanı müəyyən qədər ehtiyatlı olmağa çağıracaq. Halbuki bizim Lavrovun heç bir məsləhətinə ehtiyacımız yoxdur! Həmçinin hesab edirəm ki, səfər çərçivəsində Lavrov mayda keçiriləcək paradla və Şuşaya atılmış "İsgəndər-M" raketləri ilə bağlı Azərbaycana izahat verəcək. Bir sözlə, Azərbaycan-Rusiya münasibətlərində son zamanlar hiss edilən soyuqluğu aradan qaldırmağa və əvvəlki münasibətlərinə qayıtmağa çalışacaq".
Tarix: 30-04-2021, 12:52
Xəbəri paylaş



Xəbər lenti