"Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır. Bu bir neçə səbəbdən bizim üçün vacibdir".
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
"Birincisi, Azərbaycan ordusu müharibədə qələbə qazanaraq Şuşanı azad etsə də, erməni separatizmi tarixi şəhərimizi “nə zamansa geri qaytarmaq” haqqında düşüncələrindən əl çəkən deyil. Şuşada ötən əsrin əvvəllərindən qısa fasilələrlə baş verənlər də bundan xəbər verir. Deməli, biz Şuşanı var gücümüzlə qorumalı və bir daha düşmən əlinə keçməsinə imkan verməməliyik. Azərbaycan ordusuyla yanaşa Şuşada Türkiyənin hərbi qarnizonun varlığı bu şəhərin təhlükəsizliyini daimi edəcək.
İkincisi, aydındır ki, Türkiyənin Şuşada hərbi qarnizon yaratması Ermənistan və Rusiyanı narahat edəcək, həm İrəvan, həm də Moskva buna mane olmağa çalışacaqlar. Ancaq biz istəyəndən sonra Türkiyənin Şuşada hərbi qarnizonunu formalaşdırmağa heç nə mane ola bilməz. Rusiyanın Azərbaycana qarşı təxribatları göz qabağındadır. Şuşaya atılan “İsgəndər” raketlərindən tutmuş Xankəndidə rus hərbçiləri üçün artan modul yerləşim yerlərinə qədər “addımlar” görürük. Biz Rusiya hərbçilərinin müddətləri bitdikdən sonra Qarabağı tərk etməsini istəyirik. Ancaq ruslarla ermənilər əllərindən gələn edəcəklər ki, bu baş verməsin. Əgər onlar Şuşada Türkiyə hərbi qarnizonunun əleyhinədirlərsə, bu məsələsinin həll yolu var: Rusiya və Türkiyə ordusu eyni zamanda Qarabağı tərk edirlər. Əks halda Rusiya hərbçiləri Qarabağda qalıcı olacaqlarsa, Türkiyə ordusu da Qarabağda, o cümlədən Şuşada qalıcı olmalıdır!" - E.Şahinoğlu qeyd edib.
Tarix: 8-04-2021, 22:15