Sabiq nazir: “Ərdoğanın açıqlaması ciddi siyasi mesajdır – həm də təkcə Rusiya və Ermənistana yox” Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) videokonfrans formatında qeyri-formal keçirilən Zirvə görüşündə Azərbaycan və Türkiyə prezidentləri Qarabağla, regionla bağlı dünyaya mesajlar verdilər. Azərbaycan lideri bildirdi ki, Qarabağ münaqişəsi bitib, regionun inkişafı ilə bağlı yeni imkanlar yaranıb.
Ölkə başçısı bu imkanlar arasında ən vacibindən birinin nəqliyyat imkanı olduğunu qeyd edib: “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək Türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, Türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi Türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər”.
“Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start verib. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcək”, - deyə İlham Əliyev söyləyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə TDƏŞ-in fəaliyyətinin əhəmiyyətini vurğulayıb. O, ölkələrimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərdə də təşkilatın həmrəylik nümayiş etdirdiyini bildirib: “Qırx dörd gün davam edən, dastana bənzər mübarizədən sonra 30 illik işğal sona çatıb, Dağlıq Qarabağ Ana Vətənlə yenidən qovuşub. Qarabağdakı türk irsinin bərpası və qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam etməyimiz hamımız üçün əhəmiyyət daşıyır. Eyni qaydada bu addımı atarkən tezliklə Azərbaycanın bu bölgəsini inkişaf etdirmək üçün bütün məcburi köçkün qardaşlarımızın yenidən doğma torpaqlarına qayıtmalarına önəm verirəm. Arzum odur ki, ən qısa zamanda - Ramazan bayramından sonra qardaşımla birgə Şuşanı ziyarət edək, inşallah, burada yeni bir bayram yaşayaq”.
Analitiklər Türk Şurasına üzv dövlətlərin liderlərinin görüşündə Türk dünyasının inteqrasiyası, nəqliyyat-logistika əlaqələri ilə bağlı mühüm məsələlərin gündəmə gətirildiyini, bundan sonra türksoylu dövlətlərin siyasəti ilə bağlı maraqlı məqamların şahidi olacağımızı təxmin edirlər.
AYNA-nın suallarını cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Zirvə görüşündə verilən açıqlamalar, bəyanatlarla bağlı fikirlərini açıqlayıb. Qeyd edib ki, Türk dünyasının kommunikasiyasının bərpa olunması tarixi həqiqətdir:
- Sözügedən məsələ Türk Şurasına üzv dövlətlərin liderlərinin, rəsmilərinin görüşlərində, tədbirlərində əvvəllər də səsləndirilib, yəni birinci dəfə deyil. Amma indi Türk dünyasının nəqliyyat dəhlizlərinin bərpası məsələsinin gündəmə gətirilməsi siyasi baxımdan daha ciddidir. Çünki böyük hadisə oldu, Azərbaycan işğalda olan ərazilərini qaytardı, ərazi bütövlüyümüz bərpa olundu. Türk Şurasının toplantısında verilən Birgə Bəyanatda deyildiyi kimi, Qarabağı azad etməklə Azərbaycan böyük uğura imza atıb. Xüsusilə vurğulandı ki, Zəngəzur dəhlizinin bərpası istiqamətində praktik işlərə başlanılıb.
Biz başa düşürük ki, bundan əvvəl reallaşan Bakı-Tbilisi-Qars dəmiryol layihəsi Türkiyənin Azərbaycan və digər türk dövlətləri ilə əlaqələrini yaradırdı. İndi Türkiyəni Azərbaycanla bağlayan ikinci yol istifadəyə veriləcək. Təbii ki, Zəngəzur dəhlizinin istifadəsi türk dövlətlərinin bir-biri ilə əlaqəsi baxımından yeni təkan alacaq. Amma biz yaddan çıxarmamalıyıq ki, digər istiqamət də türkdilli ölkələr üçün vacibdir. Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra da Şimal-Cənub dəhlizi sıradan çıxmayacaq. Çünki o dəhliz də böyük potensiala malikdir. Şimal-Cənub dəhlizinə də, Zəngəzur dəhlizinə də təkcə türkdilli dövlətlər yox, digər dövlətlər də böyük maraq göstərir. Azərbaycan bir növ nəqliyyat qovşağına çevrilir. Burada həm Qərb və Şərq, həm də Şimal və Cənub istiqamətləri Azərbaycanda birləşir. Bu da böyük tranzit imkanları yaradır. Bütün bunlar nəzərə alınaraq Türk Şurasının toplantısında öz əksini tapdı.
- Türk dövlətlərinin Zəngəzur dəhlizi vasitəsi ilə inteqrasiyasının daha da güclənməsinə Ermənistan və Rusiyanın münasibəti necə olacaq? Məlumdur ki, bu ölkələr, xüsusilə rəsmi İrəvanın türk dövlətləri anlayışına, türk sözünə qıcığı var... - Razıyam ki, bundan əvvəl, yəni Qarabağ işğalda olan zaman türk ölkələri ilə bağlı layihələr həm Ermənistanda, həm Rusiyanın bəzi siyasi dairələrində qıcıq və gərginliklə qarşılanırdı. Amma indiki mərhələdə, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan dövlət və cəmiyyət olaraq seçim qarşısındadır. Ya rəsmi İrəvan köhnə siyasətini davam etdirəcək, hansısa revanş barədə fikirlər səsləndirəcək, ya da reallığı nəzərə alacaq, yeni yaranan geopolitik mənzərədə özünə yer tapacaq. Bundan Ermənistan bəhrə götürər. Hesab edirəm ki, Ermənistanın yeni siyasi konfiqurasiyada yer alması ehtimalı böyükdür.
Rusiyaya gəldikdə isə, baxın, görün ki, yanvarın 11-də liderlərin görüşündə hansı məsələlər müzakirə olundu, nə qərar verildi. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvadakı görüşü elə Zəngəzur dəhlizi məsələsinə həsr edilmişdi desək, yanılmarıq. Rusiya tərəfi öz mövqeyini açıqladı ki, bu dəhliz mütləq bərpa olunmalıdır. Çünki bu dəhlizin bərpası Kremlin də marağındadır. Şimal-Cənub dəhlizinin işə salınması, Rusiyanın İran vasitəsi ilə dəmiryol əlaqəsinin yaranması, Rusiyadan malların birbaşa İran körfəzinə çıxması məsələləri var. Bu, onu göstərir ki, Zəngəzur dəhlizinə digər dövlətlər tərəfindən maraq daha da artacaq.
- Türkiyə Prezidenti Ramazan bayramından sonra Azərbaycan Prezidenti ilə Şuşaya gedəcəklərini bildirdi. Belə fikirlər səsləndirilir ki, liderlərin birgə Şuşaya getməsi Ermənistan və Qarabağda sülhməramlı missiyası olan Rusiyaya bir mesaj olacaq – yəni, “biz burada qeyri-qanuni fəaliyyətə, sülhməramlıların oyunlarına, erməni separatizminin inkişafına yol verməyəcəyik”, – deyiləcək. Ərdoğanın Əliyevlə Şuşaya səfərini necə qiymətləndirirsiniz? - Düşünürəm ki, bu, ciddi siyasi mesajdır - təkcə Rusiyaya və Ermənistana yox, eyni zamanda Türkiyə və Azərbaycan ictimaiyyətinə. Ərdoğan bir daha Türkiyənin Azərbaycanın yanında olduğunu, Azərbaycanın maraqlarını sonacan müdafiə etməyə hazır olduğunu nümayiş etdirdi. İkincisi, Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərdə bəzi erməni separatçı ünsürləri qalıb. Xankəndidə separatçı və revanşist əhvalında olan ünsürlərə ciddi mesaj verildi ki, onlar bu cəfəng fikirlərdən əl çəkməlidirlər. Əl çəkməsələr, birmənalı şəkildə məhv ediləcəklər.
Onu da qeyd edim ki, Qarabağda qələbə həm Azərbaycan, həm də Türkiyə liderlərinə siyasi baxımdan böyük dvidendlər qazandırıb. Təbii ki, prezidentlər daxili siyasətlərində bu dvidendlərdən istifadə edəcəklər. Ölkə başçılarının Şuşaya birgə səfəri həm daxili, həm də xarici siyasət baxımından böyük hadisə olacaq.
Tarix: 3-04-2021, 15:28