Müdafiə Nazirliyinin sabiq əməkdaşı: “Yeni xəritələri də ermənilərdən tələb etməli olacağıq” “Dağlıq Qarabağda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Britaniyanın “HALO Trust” şirkəti Türkiyə xüsusi xidmət orqanlarına Artsaxın minalanmış bölgələrinin xəritəsini təqdim etdi və bu da onların 44 günlük müharibə zamanı Artsax Müdafiə Ordusu tərəfindən müdafiə olunan minalanmış əraziləri uğurla aşmalarına imkan verdi”.
Qondarma “Artsax” “prezidenti”nin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Boris Avaqyan bu barədə Ermənistanın “24News” portalına danışıb.
“Etibarlı mənbələrdən, bir ingilis xeyriyyə təşkilatının pərdəsi altında fəaliyyət göstərən və minaların təmizlənməsi ilə məşğul olan “HALO Trust”-ın Artsaxda işləyərkən erməni tərəfindəki minalanmış ərazilərin xəritələrini alaraq, Türkiyə xüsusi xidmət orqanlarına təhvil verdiyini öyrəndim. Bunun sayəsində müharibə zamanı düşmən minalanmış ərazilərdən uğurla keçə bildi. Təhlükəli zonaları öyrənmək adı altında bu şirkət Artsax boyunca kəşfiyyat işləri aparıb. Bu təşkilat 1988-ci ildə Britaniya Parlamentinin üzvü və İngiltərə Ordusunun keçmiş üzvü Kolin Kampbell Mitçell tərəfindən qurulub”, - deyə o, iddia edib.
Prinsipcə, hətta axmaq adama da bunun mütləq bir yalan olduğu aydın olmalıdır. Niyə onda Azərbaycanın yüksək rütbəli rəsmiləri mütəmadi olaraq Ermənistan tərəfinin hələ minalanmış ərazilərin xəritələrini heç kimlə bölüşmədiyini bəyan edirdilər? Sonda Türkiyənin bu xəritələri olsaydı, Azərbaycan hərbçiləri və inşaatçıları azad edilmiş torpaqlarda mina partlayışlarından həlak olmazdılar. Və bu hallar, demək olar ki, hər həftə təkrarlanır.
Üstəlik, ingilislər özləri bu ittihamlara cavab verdilər. Mina və partlamamış hərbi sursatların təmizlənməsi ilə məşğul olan ingilis yardım təşkilatı olan “HALO Trust”, Dağlıq Qarabağdakı minalanmış ərazilərin xəritələrini müharibə dövründə və ya ondan əvvəl Türkiyə qüvvələrinə ötürdüyü barədə şayiələri təkzib etdi.
“Armenpress”-in verdiyi məlumata görə, bu barədə təşkilatın açıqlamasında deyilir: ““HALO Trust” 2020-ci il Qarabağ müharibəsi zamanı və ya bundan əvvəl Türkiyə qüvvələrinə minalanmış ərazi xəritələri təqdim etdiyi iddialarından xəbərdardır. 20 ildən çoxdur ki, “HALO Trust” yerli əhalinin həyatını daha təhlükəsiz etmək üçün Qarabağda çalışır. “HALO Trust”, yalnız siyasi olmayan və bitərəf bir təşkilat olduğu üçün dünyada münaqişə bölgələrində işləməyi bacarır. Bu ifadə qətiliklə yalandır”.
Bənzər simptomlarla başqa bir vəziyyət. Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan jurnalistlərə “Ölkənin başında Nikol Paşinyanın dayanmasına dözməyə davam etsək, müharibə uzaqda deyil və bunun nəticəsində Ermənistan ərazisindən də torpaq – Sünik bölgəsini itirə bilərik” dedi.
“Müharibə olacağına əminəm. Bakı və Ankaranın Ermənistana olan iştahı azalmır. Görün Əliyevin dilindən hansı hədələr eşidilir. Demək istəyir ki, bacarırlarsa, Zəngəzur dəhlizini verməsinlər. Türkiyə rəhbərliyinin Paşinyana dəstək bəyanatı onun fəaliyyətinin Ermənistanın maraqları ilə əlaqəli olmadığını göstərir”, - deyə Zakaryan bildirdi.
Keçmiş dövlət məmuru anlamalıdır ki, söhbət Ermənistan ərazisindən, eyni Sünikdən (Zəngəzur) keçən kommunikasiya məsələsinə gəldikdə, bu, yalnız Ermənistanın da razılıq verdiyi Üçlü Bəyannamənin bəndlərində nəzərdə tutulur - hansına ki, imzalayan dövlətlər riayət etmək məcburiyyətindədir. Ancaq, nədənsə Zakaryanın başında bu, Azərbaycan və Türkiyənin Ermənistan ərazilərini ələ keçirməyə başlamaq istəyi kimi yozulur.
Niyə belə miflər ortaya çıxır - ötürülmüş xəritələr haqqında, Sünikə yaxınlaşan hücum barədə? Bunu necə izah etmək olar? Bu, qəsdən yayılan yalan, yoxsa bir növ psixoloji problemdir?
Mövzunu AYNA-ya Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, hərbi ekspert Cavanşir Hüseynov şərh edib:
“Şübhəsiz ki, bütün bu ittihamlar gülüncdür. Müharibədən əvvəl Dağlıq Qarabağda hansı xarici şirkət çalışsa da, mina təmizlənməsi ilə məşğul olsa da, söhbət o zaman erməni ordusunun orada nəzarət etdiyi ərazilərdən gedir. Bu, o deməkdir ki, ilk növbədə xəritələr işğal olunmuş ərazilərdəki yaşayış məntəqələrinə aiddir. Yəni söhbət 90-cı illərin Birinci Qarabağ müharibəsində minalanmış ərazilərindən gedir. O zaman minalanma işləri hər iki tərəfdən davam edirdi. Bundan əlavə, 1993-cü ilin sonuna qədər hər iki tərəfdə minalanma, əsasən yerli özünümüdafiə bölmələri tərəfindən aparılırdı, mina sahələrinin xəritələri mövcud deyildi.
Əslində, minalanmış ərazilər, təxminən 1993-cü ilin sonlarından xəritələrə salınmağa başlandı. Bu səbəbdən ingilis şirkəti yüksək bir ehtimalla Birinci Qarabağ müharibəsinin (1991-94) partlamamış hərbi sursatlarının, minalardan təmizlənməsi ilə məşğul idi.
Xarici bir şirkətin cəbhə xəttinə girməsinə və ona cəbhə bölgəsindəki minalanmış ərazilərin xəritələrini təqdim etməsinə icazə vermək Ermənistan hərbçilərinin ağılsızlığı olardı. Birincisi, ingilis şirkətinin özü bu ərazilərin minalardan təmizlənməsində iştirak etməzdi, xüsusən də ərazilər sözdə “təhlükəsizlik kəməri”nin bir hissəsi olduqları üçün və xaricilərin bu bölgəni minalardan təmizləmək planları əsla yox idi. Bu, müvafiq olaraq, bəzi minalanmış ərazilərin xəritələri olsaydı belə, çox güman ki, bunların Ağdam və Əsgəran bölgələri, Cəbrayıl və Füzuli bölgələri ilə Hadrut və Xocavənd (Martuni) arasındakı sərhədlərlə əlaqəli xəritələr olduğunu ehtimal etmək olar.
Heç düşünmürəm ki, ermənilər Dağlıq Qarabağla Laçın və Kəlbəcər arasındakı ərazini minalasınlar. Yəni minalar mövzusunda yalnız keçmiş DQVM-nin mərkəzi və cənub sərhədlərindən danışa bilərik.
90-cı illərin əvvəllərindəki bu minalar erməni ordusu və Qarabağdakı erməni əhalisi üçün bir problem idi və indi bu bölgələrdə yerləşməyə və məcburi köçkünləri evlərinə qaytarmağa başladığımızda, Azərbaycan üçün də problem olacaq. Bu problem yalnız texniki vasitələrlə, mərhələli, yavaş-yavaş, minalardan təmizlənərək həll edilə bilər. Bu mina sahələrinin xəritəsi yoxdur.
Bu gün Azərbaycan 27 sentyabr tarixindən etibarən zona boyunca minalanmış ərazilərin cəbhə xəttinə qədər xəritəsini tələb edir. Yəni 27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun demək olar ki, bütün möhkəmləndirilmiş ərazilərinin qarşısında dərin eşelonlu, geniş miqyaslı minalanmış ərazilər var idi. İndi bütün bunları var gücümüzlə minalardan təmizləməyə, zərərsizləşdirməyə çalışırıq. Düşünürəm ki, rusiyalı sülhməramlıları özlərinin məsuliyyət dairələrinə düşən ərazilərin mina xəritələrini ala biliblər və odur ki, onlarda minatəmziləmə prosesi daha sürətli və az itki ilə gedir.
Üçtərəfli sazişin imzalanmasından sonra Ağdam, Laçın və Kəlbəcər bölgələrini tərk edən Ermənistan ordusunun bölmələrinin də əlavə olaraq, bu əraziləri minaladıqlarını düşünmək olar. Bu, o deməkdir ki, həmin yeni xəritələri ermənilərdən tələb etməli olacağıq.
Beləliklə, Avaqyanın söylədiyi bu ittihamların da bir qədər təxribat olduğunu düşünürəm. Erməni təbliğatı indi Böyük Britaniyanın üzərinə getməyə başlayır. Onlar hesab edirləri ki, London son müharibədə Azərbaycanı dəstəkləyib. Təsadüfi deyil ki, indiki anti-ingilis açıqlamaları ilə yanaşı, bir neçə gün əvvəl UNICEF ofisinin rəhbərinin İrəvandan qovulması ilə bağlı bir qalmaqal yaşandı - ingilis qadını Böyük Britaniyaya casusluqda günahlandırdılar. Yəni indi Ermənistanda hər tərəfdə Böyük Britaniyanı nüfuzdan salmaq, onun imicinə ziyan vurmaq cəhdləri edilir”.
Tarix: 15-03-2021, 21:23