Qarabağda rus-türk müştərək müşahidəsi: Yaxşıdır, amma yarımçıqdır


Qarabağda rus-türk müştərək müşahidəsi:           Yaxşıdır, amma yarımçıqdır
Əziz Əlibəyli: “Münaqişəli vəziyyətin aradan qaldırılması ilə bağlı əsas toqquşma nöqtələri həll edilmədir”
 
Məhəmməd Əsədullazadə: “Birgə Monitorinq Mərkəzi qalıcı sülhün əldə edilməsinə və problemin tamamilə həllinə gətirib çıxarmayacaq”
 
Yanvarın 30-da Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu, işğaldan azad edilmiş Ağdam rayonu ərazisində inşa edilmiş Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak etdilər.
 
Sonra qonaqlar ərazidəki monitorinq mərkəzi və brifinq zalı ilə tanış oldular. Onlara birgə mərkəzin təyinatı, fəaliyyəti, vəzifə və tapşırıqları barədə qısa məlumat verildi. Bildirildi ki, Ağdam rayonu ərazisində yerləşən mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın maddələrinin və əldə olunan razılaşmaların icrasına nəzarət etməkdir.
 
İki ölkənin birgə fəaliyyət göstərəcəyi Monitorinq Mərkəzindən gözləntilər nədir? Mərkəzin fəaliyyəti ilə bağlı ekspertlər nə düşünürlər? AYNA suallara cavab axtarıb.
Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ
Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Monitorinq Mərkəzi ilə bağlı qiymətləndirilməsi mütləq olan əsas nüansın sülhün qorunması olduğunu bildirib: “Çünki noyabrın 10-da imzalanan üçtərəfli ilkin razılaşmada da əsas yanaşma bu idi. Bununla yanaşı, bölgədə hər an terrorçuların fəaliyyətinin baş verməsi də mümkündür ki, bu problemlərin də qarşısı alınmalıdır. Həmçinin, xüsusən də PUA-lar vasitəsi ilə nəzarət mexanizmi tətbiq ediləcək ki, bu mexanizm mütləq həyata keçirilməlidir”.
 
“Digər yanaşma isə bundan ibarətdir ki, həm Türkiyə, həm də Rusiyanın Qafqazda özünəməxsus maraqları var və Türkiyənin bölgəyə gəlməsi sırf Azərbaycanın istəyinə bağlıdır. Çünki illər boyu, xüsusən də son 30 ildə müxtəlif standartlar meydana çıxıb və müharibədə, xüsusən də Türkiyə silahları ilə göstərdiyimiz yüksək nəticəli hərbi əmliyyatlar və bunun sayəsində qələbənin əldə olunması, sonrakı gedişatda da bu qələbənin davamlı olması üçün Türkiyənin də bölgədə mütləq şəkildə fəaliyyət göstərməsini zəruri elədi”, - həmsöhbətimiz vurğulayıb.
 
Bu baxımdan Əlibəyli hesab edir ki, həmin məsələlər öz yerində qalmalı və Monitorinq Mərkəzi də buna görə fəaliyyət göstərməlidir: “Həmçinin, demək olar ki, hər kəsə məlum olan bir həqiqət var ki, bölgədə müəyyən sayda terrorçular qalıb. Düzdür, 10 noyabr razılaşmasına görə, terrorçular bölgəni tərk eməli və bölgəyə sülhməramlılar daxil olmalı idi. Lakin sülhməramlılar bölgəyə daxil olsalar da, terrorçular bölgəni tərk etməyiblər. Digər toqquşma nöqtəsi isə bölgələrin inzibati idaredilməsi və qondarma rejimdən qalan qalıqların özlərini toplama prosesinə keçdiylə bağlıdır ki, bunun da qarşısı mütləq alınmalıdır. Bir sözlə, münaqişəli vəziyyətin aradan qaldırılması ilə bağlı əsas toqquşma nöqtələri həll edilmədir”.
 
Onun sözlərinə görə, Birgə Monitorinq Mərkəzi ilə bağlı digər əsas məsələ marşrutların tikintisinə nəzarət edilməsi ilə bağlıdır: “Çünki bu tikintilər hər bölgəni əhatə edəcək, xüsusən də təhlükəli zonaları. Ona görə də bu tikintilərə xüsusi nəzarət etmək lazımdır. Nəhayət, BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının nazərəti altında Dağlıq Qarabağ və ətraf rayonlara məcburi köçkünlərin qayıdışı məsələsi həll edilməldir. Hesab edirəm ki, bütün bu məsələlərdə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ciddi şəkildə fəaliyyət göstərəcək”.
Nə qədər ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir... - Məhəmməd  Əsədullazadə - ONN İnformasiya Agentliyi
“Cənubi Qafqaz” Araşdırmalar Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullazadə də Qarabağda sülhün və atəşkəsin qorunması istiqamətində Birgə Monitorinq Mərkəzinin yaradılmasının Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini düşünür: “Çünki burada, xüsusən də Türkiyənin proseslərdə hərbi iştirakı rəsmiləşir. Lakin Mərkəzin PUA-lar vasitəsi ilə nazərəti və müşahidələrin aparlması həm Laçın dəhlizi üzərində olmalı, həm də Xankəndi, Xocavənd və Xocalı istiqamətində. Yəni, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasındakı ərazilərdə müşahidələr aparılmalıdır. Türkiyə də bu prosesi ciddi şəkildə izləməlidir. Hamıya məlumdur ki, hələ də Qarabağda erməni silahlı birləşmələrinin qalıqları qalıb və buna görə də Ermənistan tərəfindən Qarabağa silahların ötürülməsi baş verə bilər. Ki, bu da gələcəkdə növbəti erməni təxribatlarının baş verməsinə səbəb olar”.
 
“Təbii ki, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra Rusiya ilə Türkiyə arasında intensiv danışıqlar gedir, hətta, Türkiyə Suriyada və Liviyada olduğu kimi, Laçın dəhlizi istiqamətində də birgə patrul sistemini nəzərdə tuturdu, lakin Rusiya bu təklifə qarşı çıxdı və Türkiyənin əyani şəkildə Laçın dəhlizi və məsuliyyət zonalarındakı fəaliyyətinə mane oldu. Nəticədə Monitorinq Mərkəzi Ağdamda yerləşdirildi. Əlbəttə ki, Rusiyanın burada çox ciddi maraqları var və türklər ruslarla birlikdə patrul sistemi formalaşdırsaydı, Qarabağa ermənilərin kütəvi şəkildə axını baş verməyəcək, erməni silahlı birləşmələrinin Qarabağda mövcudluğu olmayacaqdı. Çünki Türkiyə 10 noyabr Bəyanatının 4-cü bəndinə əməl edilməsi üçün xüsusi ilə çalışacaqdı”, - politoloq bildirib.
 
Əsədullazadənin fikrincə, erməni silahlı birləşmələrinin varlığı gələcək perspektivdə təhlükəsizliyimizə təhdid olduğu üçün, Monitorinq Mərkəzi fəaliyyətə başlayandan sonra Azərbaycan və Türkiyə mütləq şəkildə onların ərazidən çıxarılmasını təmin etməlidir: “Lakin bir məsələ var ki, Rusiya Laçın dəhlizi istiqamətində Türkiyə PUA-larının gedişinə, nəzarətinə imkan verməyəcək və Türkiyə də elə bir istiqamət tutmalıdır ki, Rusiya buna mane olmasın. Nəticədə də Türkiyə ermənilərin Qarabağa gediş-gəlişinə, silahların ötürülməsinə nəzarət edə bilsin”.
 
O, Rusiya və Türkiyənin Birgə Monitorinq Mərkəzi çərçivəsində əməkdaşlığının müəyyən qədər Azərbaycanın maraqlarının qorunmasına gətirib çıxaracağını da əlavə edib: “Bu da gələcək perspektivdə Qarabağdan erməni silahlı birləşmlərinin çıxarılmasının tələb edilməsi üçün əhəmiyyətli olacaq. Həmçinin, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətlərinin tənzimlənməsi məsələsi də həll edilə bilər. Bundan əlavə, Moskva-Ankara münasibətlərindəki etimad da yüksək şəkildə formalaşa bilər ki, nəticədə Türkiyə Ermənistan rəsmilərinin qeyri-qanuni şəkildə Qarabağa gəlmələrinin qarşısının alınmasını tələb edə bilər”.
 
“Lakin düşünürəm ki, ilkin mərhələdə bu cür mərkəzlərə heç də ehtiyac yox idi və ilk növbədə elə bir mərkəz qurulmalı idi ki, məcburi köçkünlərin Xankəndiyə, Xocalıya, Xocavəndə qayıtmalarını təmin etsin və Rusiya sülhməramlılarının da gerçək sülhməramlı kimi fəaliyyətinə nəzarət etsin. Amma bu Mərkəzdən görünür ki, yenə də təmas xətti var, yenə də atəşkəs qorunur, azərbaycanlı məcburi köçkünlər həmin sözügedən ərazilərə qaytarılmır və de-fakto olaraq həmin ərazilərdə separatçı rejim fəaliyyət göstərir və rus sülhməramlıları da onlarla əməkdaşlıq edir. Nəticə etibarı ilə bu proses daha da dərinləşməyə doğru gedir. Ona görə də bu Monitorinq Mərkəzi qalıcı sülhün əldə edilməsi və problemin tamamilə həll edilməsinə gətirib çıxarmayacaq. Bu Mərkəz, sadəcə olaraq müvəqqəti xarakter daşıyır və bu da indiki vəziyyətin gələcəkdə də davam etməsinə gətirib çıxara bilər”, - deyə ekspert fikrini yekunlaşdırıb.
Tarix: 2-02-2021, 14:09
Xəbəri paylaş



Xəbər lenti