Ermənilər Kəlbəcərdən yol istəyirlər, nə etməli – Rəylər fərqlidir
Rasim Musabəyov: “Bu, onlara Azərbaycan hakimiyyətinə daha çox güvənmək imkanı verəcək”
Rinat Kovbasyuk: “Bakının bu tələblə razılaşacağı təqdirdə, yeni tələblər ortaya çıxacaq”
Göründüyü kimi, Dağlıq Qarabağ erməniləri rus sülhməramlılarının arxasında özlərini getdikcə daha inamlı hiss edirlər. Bazar ertəsi günü bəzi yerli fəallar, bir müddət magistral yolun Qarabağın Heyvalı (Drmbon) kəndi yaxınlığındakı bir hissəsini bağladılar və sülhməramlıların müşayiəti ilə oradan keçən Azərbaycan yük maşınları karvanını saxladılar. Bu barədə “Qafqazskiy uzel” xəbər verir.
Azərbaycan Şuşanın bərpasında fəal iştirak edir. Yol hələ də tikilməkdədir, lakin lazımi materiallar və avadanlıqlar artıq torpaq yolla, eləcə də sülhməramlıların müşayiəti ilə Rusiya kontingentinin nəzarət etdiyi ərazidən daşınır.
Yuxarıda sözügedən videoda sülhməramlılar magistral yolu bağlayan qrupa yaxınlaşdılar və onlardan imzalı bir məktub aldılar. Məktubun Rusiyanın Qarabağdakı sülhməramlı kontingent komandiri, general Rüstəm Muradova ünvanlandığı və Ağdərə (Mardakert) bölgəsi sakinlərinin Ermənistana, Vardenis-Mardakert şossesi boyunca maneəsiz hərəkəti ehtimalına kömək istəyi olduğu ortaya çıxdı.
Bildiyimiz kimi, müharibədən sonra Ermənistanla sülhməramlıların nəzarəti altındakı zona arasında yeganə əlaqə yolu Laçın dəhlizidir. Bundan əvvəl Ermənistan və Dağlıq Qarabağ həm də Kəlbəcər bölgəsindən keçən yolla birləşdirilmişdi. Azərbaycan hərbçiləri ərazidəki qanunsuz erməni köçkünlərini əvəz etdikdən sonra, yol bağlanıb. İndi isə magistral yoldakı etirazçıların Rusiya sülhməramlı kontingentinin nümayəndələrinə dediyi kimi, Dağlıq Qarabağda yaşayan ermənilər Ermənistana yalnız Laçın dəhlizi boyunca deyil, Azərbaycanın nəzarət etdiyi ərazidən də keçə bilməlidirlər.
Drmbon kəndinin sakinləri sülhməramlıların “öz” ərazilərindən keçən Azərbaycan yük maşınlarını müşayiət etdiklərini və onlara bənzər bir fürsət verilməsində israr etdiklərini bildirdilər. “Etirazçıların əsas tələbi, Dağlıq Qarabağ ermənilərinin də Azərbaycanın nəzarətinə keçən yolların bu hissələrində sülhməramlıların müşayiəti ilə sərbəst hərəkət etmə imkanı olmasıdır”, - deyə oradakı “fəallardan” biri David Qalstyan “Qafqazskiy Uzel”-ə bildirib.
O, yerli sakinlərin ancaq Laçın dəhlizindən keçərək, Ermənistana böyük bir dövrə vurub getməli olduqlarına görə qəzəbini dilə gətirib: “Niyə Mardakert bölgəsinin Getavan kənd sakini Vardenisdəki qohumlarını görmək üçün birbaşa Karvaçar (Kəlbəcər) bölgəsindən keçən yol boyunca ora gedə bilməz, amma Laçın dəhlizi boyunca böyük bir dairə vurmalıdır? Niyə Azərbaycan tərəfi üçün yollar açıqdır, Ermənistan tərəfi üçün bağlı? Niyə Əsgəran sakinləri Mardakertə getmək üçün 100 kilometrdən çox yol qət etməli olurlar, amma müharibədən əvvəl işləyən yoldan istifadə edə bilmirlər? Məktubumuzda bütün bu məsələlərə diqqət çəkirik. Unutmayaq ki, üçtərəfli atəşkəs razılaşmasına görə bütün nəqliyyat kommunikasiyalarının bütün tərəflər üçün açıq olması barədə bir bənd var”.
Qalstyanın sözlərinə görə, Drmbon sakinləri səhər tezdən 14.00-a qədər Azərbaycan yük maşınları karvanını gözləyirlər: “Məktub təhvil verildiyi zaman, təxminən 50 sakin və 15-ə qədər maşın toplaşmışdı. Təəssüf ki, Ermənistan hakimiyyəti bu problemi qaldırmır. Bu səbəbdən biz - Artsaxın adi sakinləri bunu edirik”.
Əlbəttə ki, rəsmi Bakının müvafiq reaksiyasına ehtiyac var. Axı, bu insanlar Azərbaycan ərazisində yaşayırlar və ölkəmizlə Ermənistan arasında əlavə nəqliyyat marşrutlarının açılması məsələlərini həll etmək onların səlahiyyətlərinə aid deyil.
Burada başqa bir maraqlı məqam - məktubun rus sülhməramlı zabitinə ötürülməsi videosunun “Youtube”-da ortaya çıxmasıdır. Zabitin adı çəkilmir, amma maraqlıdır ki, ermənilərlə ünsiyyətdə Dağlıq Qarabağ yox, “Artsax” ifadəsini işlədir. Bundan əlavə, ermənilərə konvoyun müşayiəti ilə hərəkət edən azərbaycanlıların mobil telefonlarından istifadə etmələrini qadağan etdiyini, çünki “göstərilməsinə ehtiyac olmayan” şeylərin şəkillərini çəkə biləcəklərini bildirir. Kimə lazım deyil? Azərbaycan vətəndaşları bu yük maşınları ilə Azərbaycan Respublikasının ərazisindən keçmirlərmi?
AYNA mövzuya dair tanınmış ekspertlərin fikirlərini öyrənib.
Deputat, politoloq Rasim Musabəyov:
“Bu sualları birmənalı qiymətləndirmək çətindir. Bir tərəfdən sənədlərə baxsanız, Qarabağ ermənilərinin Ermənistanla əlaqəsi üçün Laçın dəhlizi var və orada əlavə yoldan söhbət gedə bilməz. Digər tərəfdən, kommunikasiyaların deblokadası ilə bağlı bir maddə də var. Və bu mənada, ermənilər ən azı öz gündəlik problemlərini həll etmələrini xahiş edə bilərlər (və onlar tələb etməyiblər, ancaq vəsatətlə çıxış ediblər). Həqiqətən də, Ermənistanın bu coğrafi baxımdan yaxın hissəsinə çatmaq üçün əgər Laçından keçsən, demək olar ki, 400-500 km-lik dolanmağa ehtiyac var.
Düşünürəm ki, Azərbaycan avtomobillərinin Ağdərədən keçən yoldan istifadə etdiyini nəzərə alsaq, onda bəzi cədvəllərə əsasən, şərti olaraq (məsələn, gündə bir və ya iki dəfə) sülhməramlıların müşayiəti ilə bu kəndlərin sakinlərinin kiçik bir karvanı Kəlbəcər ərazisindən Vardenisə və geri keçə bilər. Bu, ilk növbədə, həmin ərazinin Azərbaycan məkanına yenidən inteqrasiyası istiqamətində bir addım olacaq. Bu, onlara Azərbaycan hakimiyyətinə daha çox güvənmək imkanı verəcək.
Eyni zamanda, bu fürsət erməniləri Ağdərədən Kəlbəcərə gedən eyni yoldan Azərbaycan maşınları tərəfindən istifadə edilməsini daha rahat qəbul etməyə vadar edəcək. Axı, Kəlbəcərdə bərpa işləri və inşaat işləri başlayacaq və Ağdərədən keçən bu qısa yoldan istifadə bizim üçün çox faydalı olardı. Və bu yolun təhlükəsizliyi çox artacaq – axı, həm Qarabağ ermənilərinin, həm də azərbaycanlıların bu yola həqiqətən ehtiyacı var. Buna görə inanıram ki, məsələyə konstruktiv şəkildə baxıla bilər.
Bundan əlavə, Laçın dəhlizindən fərqli olaraq, Ermənistanla sərhədin yerli hissəsi kimi, Kəlbəcərdən keçərək Vardenisə gedən yol tamamilə Azərbaycan hərbçilərinin və sərhəd mühafizəçilərinin nəzarətindədir. Deməli, ermənilər bizim nəzarətimizə keçidi nə qədər çox etsələr, bir o qədər yaxşıdır”.
Frensis Fukuyama adına Ukrayna Siyasi Elmlər Asosasiyasının rəhbəri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin siyasi eksperti Rinat Kovbasyuk:
“Düşünürəm ki, əvvəlki razılaşmalardan kənarlaşmağa ehtiyac yoxdur. Qarabağ bölgəsində marşrut şəbəkələrinin planlaşdırılması ilə bağlı hər hansı bir dəyişiklik, yalnız Bakı bölgəni tam nəzarətə götürdükdən sonra mümkün ola bilər.
Mənə gəldikdə, baş verənlər münaqişə vəziyyətinin yeni bir mərhələsini yaratmaq və gələcəkdə bu əsasda Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən geri çəkilmək üçün Azərbaycana qarşı növbəti bir təxribata bənzəyir. Bakının bu tələblə razılaşacağı təqdirdə, yeni tələblər ortaya çıxacaq, buna görə də mən Azərbaycan hakimiyyətinə əvvəlki razılaşmalar formatını möhkəm qorumağı və heç bir halda bu vəziyyətdə heç nəyi dəyişdirməyə çalışmamağı tövsiyə edirəm.
Ermənistan üçün çıxılmaz vəziyyətdə olan, heç nəyi dəyişə bilməyən bir sülh müqaviləsi imzalayan Paşinyan, bölgədə yeni bir qarışıqlıq yaratmaq üçün yerli əhalidən insan qalxanı kimi istifadə etməyə çalışdığı, beləliklə yaxın gələcəkdə erməni tərəfinin sülh danışıqlarının şərtlərini dəyişmək üçün yaxşı bir səbəbi olacağı aydındır. Daha əvvəl qeyd etdiyim kimi, ermənilər yüksək səsli bəyanatlara baxmayaraq, həqiqi sülhə hazır deyillər, buna görə də Azərbaycan Ordusunun daim hazır vəziyyətdə olması lazımdır”.