“10 noyabrda imzalanan üçtərəfli bəyanatın bəndlərindən biri də Qarabağdan bütövlükdə erməni silahlılarının çıxarılmasını nəzərdə tutur. Amma biz 10 noyabr bəyanatından sonra orada olan qondarma rejimin fəaliyyət göstərdiyini görürük”.KONKRET.az xəbər verir ki, bu barədə Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov bildirib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi tərəfindən bir neçə dəfə bəyanatlar səslənib ki, yaxın zamanda orada olan bütün silahlar təhvil verilməlidir:
“Araik Arutunyanın son bəyanatında da yanvarın 10-na qədər silahların təhvil verilməsinin guya nəzərdə tutulduğu bildirilirdi. Amma zaman keçdi və biz hələ də ermənilərin silahları təhvil verməsinin şahidi olmuruq”.
A.Abdulkərimov qeyd edib ki, müharibədən sonrakı dövr üçün artıq həmin silahlı ermənilər terrorçular hesab olunur:
“Azərbaycanın güc strukturları və silahlı qüvvələri də terrorçuya qarşı necə davranmaq tələb olunursa o cür davranırlar və davranacaqlar. Sağ ələ keçirilən terrorçular qətiyyən hərbi əsir deyillər və ola bilməzlər. Son vaxtlar keçmiş Ağdərə rayonu ərazisində erməni silahlılarının aktivliyinin müşahidə edildiyi barədə xəbərlər alırıq. Rusiya sülhməramlıları öz üzərilərinə düşən məsuliyyəti yerinə yetirməli və erməni silahlılarının aktivləşməsinin qarşısını almalıdır. Onların silahlarını ya almalı, ya da onları Ermənistana göndərməlidirlər. Təəssüf ki, hələlik biz bunu görmürük. Sülhməramlılardan gözləntilər təəssüf ki, özünü doğrultmur.
Ermənilər o qədər arxayınlaşıblar ki, hətta Ağdərədə sülhməramlıların qarşısını kəsib, yolu bağlayıblar. Tələb edirlər ki, Ermənistana gedib-gəlmələri üçün Kəlbəcərdən keçən yoldan istifadə etmələrinə şərait yaradılsın. Həmin ermənilərə rus komandir deyir ki, gərək bu məsələni Azərbaycan rəhbərliyi və “artsax nümayəndələri” ilə razılaşdıraq. Rus zabit yenə Qarabağ yox, “artsax” sözünü ifadə edir. Bununla da faktiki olaraq Azərbaycan qanunlarını pozur. Erməninin biri hətta məhz “artsax” sözünü işlətdiyi üçün rus komandirə təşəkkürünü bildirir. Yəni rus sülhməramlıları bu cür davranışlarla faktiki olaraq, ermənilərə stimul verirlər. Belə olduğu halda isə əlbəttə, silahlı ermənilər daha da arxayınlaşır və ərazini tərk etmək istəmirlər. Ona görə də düşünürəm ki, rus sülhməramlılardan silahlı erməni terrorçuların Ağdərədən və digər ərazilərdən çıxarılmasını gözləmək, özünü aldatmaq olar. Belə görünür ki, problemi yenə də Azərbaycanın hüquq-mühafizə orqanları, güc strukturları həll etməli olacaqlar”.
Partiya rəsmisi hesab edir ki, anti-terror əməliyyatları davam etdirilməlidir. Ən ciddi anti-terror əməliyyatları Ağdərədə həyata keçirilməlidir: “Çünki həmin ərazidə erməni silahlı terrorçuların olması faktiki olaraq, Kəlbəcərə gedən yoldan istifadə etməyimizə imkan vermir. Erməni silahlıları oradan təmizlənməlidir ki, yoldan təhlükəsiz istifadə edə bilək. Ara-sıra belə xəbərlər yayılır ki, rus sülhməramlılar Ağdərədəki erməni silahlılarını Xankəndiyə geri çəkmək istəyirlər. Azərbaycan məsələ qoymalıdır ki, erməni silahlılar Ağdərədən Xankəndiyə yox, Ermənistana göndərilməlidir. Azərbaycan ərazisində erməni silahlısı qalmamalıdır”. Musavat.com
Tarix: 20-01-2021, 21:28