Reaksiya: “Laçın dəhlizini "terror dəhlizi"nə çevirmək istəyirlər” – Hədəflər vurulacaq!





“Buna imkan vermək olmaz. Güman edirəm ki, Türkiyə prosesdə aktiv iştirak edəcək"

“Sülhməramlıların səriştəsizliyi qarışdurmanın yaranmasına səbəb ola bilər”

"Azərbaycan da qətiyyətli mövqe tutmalıdır"

“Qanunsuz fəaliyyət davam edərsə, Azərbaycan Ordusu hərəkət edən hədəfləri vurmaq hüququ əldə edəcək”



10 Noyabr bəyanatından sonra sülhməramlı missiyasını yerinə yetirmək üçün rus hərbçilər Qarabağ bölgəsinə yerləşdirilib. Bu mənada sülhməramlılar üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidirlər. Yəni rus hərbçilərin Azərbaycan torpaqlarında sülməramlı missiyasına və ölkəmizin maraqlarına zidd addım atmaları yolverilməzdir. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəsmilərinin ərazilərimizə qanunsuz səfərləri ilə bağlı nota verib. Prezident İlham Əliyev də işğalçı ölkənin xarici işlər naziri Ara Ayvazyanın yanvarın 5-də Xankəndiyə qanunsuz səfəri barəsində  İrəvana sərt xəbərdarlıq edib. İndi də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib ki, əsas məsələ Rusiyanın Laçın dəhlizinə icazə vermə roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır.

M.Çavuşoğlunun sözlərinə görə, sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır.



Mövzu ilə bağlı "Sherg.az"a danışan “Ağ” Partiya sədri Tural Abbaslı bildirib ki, Rusiya sülhməramlıları qısa müddət ərzində bitərəf olmadıqlarını, tərəflər arasında obyektiv mövqe tuta bilmədiklərini sübut ediblər. Onların Qarabağ ərazisindəki fəaliyyətləri erməniyönümlüdür:

"Məktəb açılışlarında iştirak etməkləri, Beynəlxalq Təşkilatların da tanımadığı terrorçu qurumun bayrağı ilə öz bayraqlarını yanaşı qoymaları, buna göz yummaları, eyni zamanda Qarabağ ərazisindən qaçan erməni əsilli vətəndaşların geri qaytarılmasını təmin etmələri ilə tərəf olduqlarını göstəriblər. Regionda ədalətin bərqərar olmasını və rusların sülhməramlı missiyasını uyğun fəaliyyət göstərməklərinin gözləməyin yeri yoxdur. İndi üçtərəfli bəyanata əsasən Laçın dəhlizinə rus sülhməramlıları nəzarət edir. Lakin səhv etmirəmsə, Laçın dəhlizinin girişində yalnız rusların olması ilə bağlı xüsusi bənd yoxdur. Azərbaycan tərəfi Türkiyə ilə birlikdə Laçın dəhlizinə gediş-gəliş nəzarətini əlinə almalıdır. Çünki istənilən halda xarici dövlətlərdən ərazilərimizə gəliş-gedişə Azərbaycan özü nəzarət etməlidir".

T.Abbaslı əlavə edib ki, ruslar özlərini ev sahibi kimi aparırlar:

"Rus sülməramlılarının nəzarətinə rəğmən Azərbaycanın icazəsi olmadan Ermənistan rəsmiləri, Fransa Senatının nümayəndələri və bəzi insanlar Laçın dəhlizi ilə Azərbaycanın ərazisinə daxil olurlar. Bu beynəlxalq hüquqa, sülhməramlılar haqqında konvensiyaya, tərəflər arasında bərabərlik yaratmaq və barışı təmin etmək funksiyasına ziddir.

Təbii ki, Azərbaycan prezidenti sülhməramlılarla bağlı ilin yekun müşavirəsində etirazını bildirmişdi. Artıq Türkiyənin də prosesdə olduğunu xatırlatmaq lazım imiş. Mən yaxın zamanlarda bu məsələ ilə bağlı Ərdoğanın da bəyanat verməsini gözləyirəm.

Biz Laçın dəhlizini erməni əsilli Azərbaycan vətəndaşlarının istifadəsi üçün açıq buraxmışıq. Erməni terrorçuları və yaxud erməni rəsmiləri Laçın dəhlizini "terror dəhlizi"nə çevirə bilməzlər. Buna imkan vermək olmaz. Güman edirəm ki, Türkiyə prosesdə aktiv iştirak edəcək. Azərbaycan da qətiyyətli mövqe tutmalıdır".

Sonda Tural Abbaslı onu da diqqətə çatdırıb ki, sülhməramlıların səriştəsizliyi qarışdurmanın yaranmasına səbəb ola bilər:

"Tutaq ki, Azərbaycan rəsmi dairələri buna göz yumdu. Amma xalq bu məsələdə çox həssasdır və kəskin reaksiya verir. Odur ki, Azərbaycan iqtidarı məcburdur ki, məsələyə diqqət ayırsın. Rusiya iqtidarı da Azərbaycan iqtidarını pis vəziyyətdə qoymamaq üçün Azərbaycanın iradlarını qəbul etməlidir.

Əgər qanunsuz fəaliyyət davam edərsə, Azərbaycan Ordusu hərəkət edən hədəfləri vurmaq hüququ əldə edəcək. Əks təqdirdə 44 günlük müharibə ərzində əldə olunan siyasi dividentlər itirilmiş ola bilər".
Tarix: 18-01-2021, 21:44
Xəbəri paylaş



Xəbər lenti