Artıq Ermənistan “yeni torpaqlar uğrunda yeni müharibələr” xülyasında idi – III yazı (
Birinci yazı;
İkinci yazı)
XX əsrin 80-ci illərində SSRİ rəhbərliyində gedən iç böhran İttifaq ölkələrinə də təsir edirdi. Xalqlar artıq SSRİ tərkibindən ayrılıb, müstəqil olmağa can atırdı. Cənubi Qafqazda isə ermənilər müstəqillikdən çox işğalçılıq siyasətinə başladılar. Onlar öncə SSRİ rəhbərliyindən tələb etdilər ki, Tovuz və Qazax rayonlarının bir sıra kəndləri Ermənistana birləşdirilsin. Hətta, o zaman rəhbərlikdə olan Kamran Bağırov da ona Sovet rəhbərliyiindən bu haqda göstəriş gəldiyini, Qazaxın bəzi kəndlərinin Ermənistana veriləcəyini etiraf etmişdi.
Ermənilər bu istəklərinə nail olduqdan sonra Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı təxribatlar törətdilər. Onları sıxışdırır, evlərə basqın edir, qız-gəlini təhqir edir, kişiləri təxribata çəkərək küçə qətlləri törədirdilər. Onlar hazırda buna haqq qazandıraraq, guya Sumqayıt hadisələri ilə bağlayırlar. Halbuki həmin hadisələr ermənilərin Qərbi Azərbaycanda törətdikləri qətllərdən daha sonra baş vermişdi.
80-ci illərin məlumatına görə, Bakı şəhərində 220 min erməni yaşayırdı ki, onları himayə edənlər də o zaman Azərbaycan SSRİ-nin yüksək vəzifələrində təmsil olunan ermənilər idi. Hətta, M.Şaginyan Bakıda yaşayan erməniləri “yağ içərisində saxlanmış böyrək” adlandırmışdı.
Ermənilərin 80-ci illərin sonlarından baş qaldırmış haqsız hərəkatlarına təkan verən amillərdən biri Zori Balayanın “Ocaq” kitabında yazdığı uydurma torpaq iddiaları, “Böyük Ermənistan” ideologiyasını şişirtməsi idi. Bu kitabı daşnaklar Dağlıq Qarabağ erməniləri arasında yayırdılar və kitabdan bəzi hissələr vərəqələr şəklində vilayət erməniləri arasında paylanılırdı. Ardınca daşnaklar “Krunk” adlı terrorçu təşkilat yaradaraq, güc yolu ilə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının və Ermənistana birləşdirilməsinin vacibliyini aşılayırdılar.
1988-ci ilin ilk günlərində “Türksüz Ermənistan” süarları ilə hərəkatlara start verildi. 1988-ci il 25 yanvar tarixində 185 kənd və digər qəsəbələr olmaqla, 230 min nəfərdən çox azərbaycanlı öz dədə-baba yurdundan - Azərbaycanın qərb torpaqları olan hazırkı Ermənistandan qovuldu. Bundan sonra terrorçu hərəkatlar Xankəndidə baş qaldırdı. Belə ki, ilk dəfə 1988-ci il fevral ayında tələbə yataxanasında və Pedaqoji İnstitutda təxribatlar başladı. Erməni tələbələr azərbaycanlı tələbələri kütləvi şəkildə döyməyə, yaşadıqları otaqlara hücum edib dağıtmağa başladılar. Onlara dükanlardan belə, heç nə satılmırdı. Sonra azərbaycanlılar yaşayan evlərə hücum edərək yandırır, qız-gəlinə hücum edib təhqir edirdilər. Onlar vahimə yaratmaqla məcbur edirdilər ki, türklər Dağlıq Qarabağı tərk etsinlər.
Həmin ilin yayına kimi yüzə yaxın azərbaycanlı evi yandırıldı və dağıdıldı. O zaman Azərbaycan təhlükəsizlik xidməti isə ermənilərə qarşı hər hansı ciddi tədbir görmürdü. Yalnız Moskvanın əmrini gözləyirdilər. Moskva isə susurdu. Azərbaycan rəhbərliyindən də ciddi müqavimət görməyən ermənilər, 1988-ci ilin 20 dekabr tarixində Muxtar Vilayətin Xalq Deputatları Sovetinin iclasını çağırdılar. Həmin gün qəbul edilən qanuna görə, DQMV Azərbaycan SSRİ-nin tərkibindən çıxaraq Ermənistan SSRİ-nin tərkibinə keçirdi. Bir il ərzində Ermənistanla yanaşı Dağlıq Qarabağdan da azərbaycanlıların zor gücünə çıxarılması prossesi gedirdi.
Nəhayət, 1989-cu il dekabr ayının 1-də Ermənistan SSRİ Ali Soveti Dağlıq Qarabağı öz ərazisinə birləşdirmək haqqında sənədi ratifiksiya etdi. 1989-cu il 12 yanvar tarixində xüsusi hərbi idarəçilik rejimi yaradıldı. Həmin il noyabr ayının 20-də M.Qorbaçovun fərmanı ilə SSRİ Daxili İşlər Nazirliyinin xüsusi qoşun hissəsi Dağlıq Qarabağa yerləşdirildi. Bu, erməniləri qorumaq üçün idi. Təhlükəsizlik qüvvələri Dağlıq Qarabağda ermniləri qoruyarkən, Sovet ordusu 1989-cu il dekabr ayının 5- də Bakının Azadlıq Meydanında Xalq Hərəkatının mitinqini vəhşicəsinə dağıtdı.
Bundan sonra, 1990-cı il 20 yanvar tarixində Bakı şəhərində böyük qırğın aktı törədildi. Bu hadisə erməniləri daha da ruhlandırırdı. Onlar artıq Dağlıq Qrabağdan da kənara çıxaraq bütöv Qarabağın işğalı planlarını qurdular.
Bu özbaşınalıqdan sonra, 1990-cı ildə keçirilən seçkilərdə Dağlıq Qarabağdan Ermənistan Ali Sovetinə 12 deputat da seçildi. Bununla da qane olmayıb, 1991-ci ildə Dağlıq Qarabağı “müstəqil respublika” elan etdilər.
Bütün bunlar dünyanın gözü qarşısında baş verirdi. Başda BMT olmaqla, beynəlxalq təşkilatlar isə Moskva kimi susurdu və Ermənistanın işğalçı siyasətini pisləyən heç bir qətnamə qəbul etmirdi. 1991-ci ilin payızında Xocavəndin kəndlərinə hücum edən, Azərbaycan vətəndaşı olan erməni terrorçuları bir sıra kəndləri yandırdılar. Hər kəs özünə borc bilirmiş kimi, qonşusu olan Azərbaycan türkünə qarşı qəfl, amansız qırğınlar, basqınlar törədirdi.
Xocavəndə törədilən bu qanlı hadisələri araşdırmaq üçün bölgəyə ezam edilən dövlət xadmləri Xocavənd rayonunun Qarakənd səmasındaykən, içərisində olduqları “N72 Mİ-8” helikopteri bilərəkdən vuruldu. 22 nəfər görkəmli dövlət xadimi terrorun qurbanı oldu.
Lakin yenə də dünya susdu və ermənilər cəzasız qaldılar. 1992-ci ilin yanvar ayında da eyni hal davam edirdi. Azərbaycanlı gənclər, yaşlılar yolda , mağazalarda, evlərində öldürülürdülər. Daha da ruhlanan ermənilər 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə tarixin ən dəhşətli soyqırımını törətdilər. 366-cı alayın köməyi ilə, S.Ohanyan, V.Çiçiyan və digərlərinin rəhbərliyi ilə Dağlıq Qarabağın erməni əhalisi Xocalıda görünməmiş soyqırım törətdi. Bundan sonra ardıcıl olaraq Qarabağın digər rayonları də sıra ilə işğal edildi.
1994-cü il may ayının 12-də cəbhəboyu atəkəs elan edildi, müharibə “donduruldu”. Dağlıq Qarabağ məsələsi ilk dəfə 1994-cü ilin 5-6 dekabrında Budapeşt sammitində müzakirəyə çıxarıldı. Sammitdə Azərbaycanı təmsil edən Prezident Heydər Əliyev dünyanın aparıcı ölkələrinin rəhbərlərinə Qarabağda azərbaycanlılara qarşı törədilmiş cinayətləri xatırlatdı. Bundan əlavə, Azərbaycanın sülh tərəfdarı olaraq bütün torpaqların sülh yolu ilə geri qaytarılması üçün çalışacağını bildirdi. Dağlıq Qarabağın isə yalnız Azərbaycan daxilində hər hansı ststusu ola biləcəyini, heç zaman müstəqil dövlət kimi, ya da Ermənistanın tərkib hissəsi kimi qəbul edilməyəcəyini diqqətə çatdırdı.
Bundan sonra Qarabağ məsələsi ATƏT-in tərkibində 1992-ci ildə yaradılmış Minsk Qrupuna həvalə edildi. 1997-ci ildən Minsk Qrupuna təyin edilmiş Amerika, Fransa və Rusiyadan olan həmsədrlər yalnız Ermənistanın maraqlarına xidmət etdilər. 1996-cı ildə keçirilmiş Lissabon sammitində isə Dağlıq Qarabağ münaqişəsi geniş müzakirə edildi. Burada da Azərbaycan tərəfi Qarabağın tarixi Azərbaycan əraziləri olması barədə faktlar səsləndirdi və Dağlıq Qarabağın yalnız Azərbaycan tərkibində olacağı təqdirdə statusu ilə razılaşacağı bəyan etdi. Sammitin yekununda, 54 ölkədən 53-cü Azərbaycanı dəstəkləyən bəyanata imza atdı.
“Vaşinqton Post” qəzetinin 1997-ci il 10 yanvar tarixli buraxılışında ABŞ dövlət katibi Madlen Olbraytın çıxışı yayımlandı. O bildirirdi: “İki ildən çoxdur Qarabağda atəşkəs rejimi var. ATƏT-in Minsk Qrupu çox ləng işləyir. Bizim bölgəyə dair humanitar və iqtisadi maraqlarımız mövcuddur. Konqresə təklif edərdim ki, Azərbaycana qoyulan qeyri-hərbi yardım məhdudiyyətinə son qoysun”.
Bundan sonra Amerikadakı erməni lobbi və missioner təşkilatları mətbuatda çıxış edərək bildirdilər ki, ABŞ erməniləri məyus edir və birtərəfli mövqe tutaraq Azərbaycanı dəstəkləyir. Onlar bunu yəhudi lobbisinin ABŞ dövlət katibinə təsiri ilə də əlaqələndirmişdilər. Bundan sonra ABŞ Konqresində ermənipərəst mövqeyə malik olan F.Pallone Azərbaycana və Ermənistana səfər etmişdi. O, qanunsuz olaraq Ermənistandan Dağlıq Qarabağa gəlmiş və qondarma “Respublika”nın “parlamentində” çıxış edərək bu sözləri demişdi: “Siz öz torpaqlarınızın və xalqınızın qanuni nümayəndələri kimi beynəlxalq ictimaiyyətin hörmətindən istifadə etmək hüququ qazanmısınız”.
Bu çıxışdan sonra Azərbaycan hökuməti ABŞ- a nota versə də, cavabında Amerikanın konqresmen Pallone ilə mübahisə etmək fikrində olmadığı bildirildi. Bundan sonra Minsk Qrupunun gecikdirmə, yola vermə fəaliyyətləri davam etdi.
Lakin 2005-ci ildən sonra Azərbaycanda Dağlıq Qarabağla bağlı siyasət dəyişdi. Beynəlxalq təşkilatların qətiyyətsizliyi, məsələni uzatması və Azərbaycanın qondarma “Respublika”nın ststusunu tanımaq müqabilində 5 rayonun qaytarılması şərtləri irəli sürüldü. Bunun Azərbaycan xalqının iradəsinə zidd olacağını hökumət də yaxşı bilirdi. Danışıqlar sərtləşdi və iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Prezident İlham Əliyev Dağlıq Qarabağın heç bir şərtlə statusunun qəbul olunmayacağını, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini, lazım olarsa, hərbi yolla bunu edəcəklərini beynəlxlaq ictimaiyyətin nəzərinə çatdırdı. Bu yolda ordunun komplekləşdirilməsi, silahlanması üçün də addımlar atıldı. Ermənistan isə son illərdə Goranboy, Göygöl və Gəncə şəhərlərinə iddialı olduqlarını, “yeni torpaqlar uğrunda yeni müharibələrə hazırlaşırıq” kimi fikirlər irəli sürürdülər.
Nəhayət, 2020-c il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı müzəffər ordumuz qondarma “Dağlıq Qarabağ Respublikası”nın “sərhədlərini” yardı, Şuşa şəhəri də daxil, bütün strateji yüksəkliklər, qəsəbələr azad edildi. Ermənilərin qurduqları saxta status ləğv edildiyini həm ölkə başçısı, həm də rəsmi nümayəndələr xalqa bəyan etdilər.
Lakin atəşkəs bəyannaməsinin bir tərəfi olan Rusiyanın Prezidenti 17 noyabr çıxışında bildirdi ki, “biz bu gün mövcud olan status-kvonun saxlanılması ilə bağlı razılığa gəlmişik”. V.Putinin bu açıqlaması, qondarma “Respublika”nın keçmiş rəhbərlərinin fəaliyyəti, eyni zamanda Ermənistan dövlət rəhbərlərinin Dağlıq Qarabağa səfərləri Azərbaycan xalqının haqlı olaraq narahatçılığına səbəb olur. Əgər mövcud status-kvo saxlanılarsa, o zaman beş il sonra Dağlıq Qarabağ, sadəcə Azərbaycan Respublikasının tərkib hissəsi olacaq...
Tarix: 11-01-2021, 08:27