“Moskva yeni “Artsax Respublikası” yaratmağa çalışır” – POL QOBL


“Moskva yeni “Artsax Respublikası” yaratmağa çalışır” –       POL QOBL
Amerikalı analitik: “Bakı və İrəvan vasitəçisiz, birbaşa danışıqlara başlaya bilsə, Moskvanın onlar üzərindəki təsiri azalacaq”
 
Məşhur amerikalı politoloq, geosiyasi məsələlər üzrə ekspert, ABŞ dövlət katibinin keçmiş müşaviri Pol Qobl, jurnalist Coan Lisoskinin suallarını cavablandırıb. AYNA videomüsahibənin bölgəmiz və ölkəmizlə bağlı olan hissəsini təqdim edir:
 
- Türkiyə sürətlə dünya liderləri sırasına daxil olur, 2021-ci ildə NATO-nun sürətli reaksiya qüvvələrinin əməliyyatlarına rəhbərlik edəcək. Bu həqiqətin Türkiyənin dünya siyasətindəki roluna hansı təsiri olacaq?
 
- Türkiyə indi dünya siyasətinin nəbzini yoxlamaq mərhələsindədir, yerini və aparıcı ölkələrlə münasibətlərini təyin etməyə çalışır. Özünü güc üçün sınayar və sınaq bir müddət davam edəcək. Türkiyənin mövqeyi NATO ölkələri üçün hər zaman vacib olub və Ankara təsirini artırmaq üçün bu amildən, gücündən və imkanlarından istifadə etmək niyyətindədir. İncirlikdəki hərbi baza NATO üçün xüsusi əhəmiyyət daşıyır, bu səbəbdən Türkiyə şərtlərini müəyyənləşdirə və əvvəlki illərdən daha çox inamla tələblər irəli sürə bilər. Türkiyə müşahidə mövqeyi tutub və ona qarşı konkret addımlar atıldığını görsə, konkret qərarlar da verə bilər.
 
Ağ Evin yeni rəhbərliyinin NATO-nun dirçəlişi ilə bağlı addımlarını izləmək çox maraqlı olacaq. Amerika Birləşmiş Ştatları NATO-nu onları Avropa ölkələri ilə birləşdirən yeganə təşkilat kimi görür və Türkiyə ilə əlaqələrini inkişaf etdirmək istəyir, ancaq Ankaranın hədəfləri NATO ilə məhdudlaşmır, daha genişdir və indiyə qədər dediyim kimi, nəbz yoxlanışı davam edir. Amma bu hələ dünyanın geosiyasi xəritəsində güclü mövqe tutmaq demək deyil.
Пол Гобл об актуальности сегодня «Плана Гобла». Media.Az поговорила с  экс-спецсоветником Госсекретаря США
- İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana təsirli dəstək verdi və bununla da hərbi potensialını dünyaya nümayiş etdirdi. Türkiyənin NATO-da liderliyi bölgəyə nə dərəcədə təsir edəcək?
 
- Türkiyə yalnız Azərbaycanda deyil, daha genişmiqyaslı bir oyunçudur. Artıq dünyada silah ixrac edən ölkələr arasında 5-6-cı yerlərdədir. Türkiyə, geosiyasi baxımdan çox əhəmiyyətli bir bölgədə yerləşir. Ankara, NATO-nun hədəfləri ilə düz gəlməyən öz hədəflərinə çatmaq üçün müəyyən vəziyyətlərdə özünümüdafiə üçün bloka üzvlüyü amilindən faydalana bilər. İnanmıram ki, NATO öz qüvvələrinin Qarabağda və ya Qafqazdakı münaqişələrdə iştirakı məsələsini nəzərdən keçirə bilər, çünki ilk növbədə dünyanın bölgələrinin sabitliyində maraqlıdır. Təbii ki, bütün üzv dövlətlərin maraqları üst-üstə düşürsə və sabitliyi təmin edirsə, bu, mümkündür, ancaq müstəsna olaraq söhbət Ankaranın maraqlarından gedirsə, blokun dəstəyini almayacaq.
 
- Türkiyə Parlamenti, Türk hərbi kontingentinin Qarabağdakı birgə monitorinq üçün Azərbaycan ərazisinə gətirilməsinə qərar verdi. Türkiyə ilə Rusiya arasında Qarabağda əməkdaşlığı qəbul etməyə hazırıqmı?
 
- Türkiyənin ortaq bir sülhməramlı missiyada iştirak edəcəyini düşünmürəm. Ankaranın öz hədəfləri var. Və Türk ordusu Moskvanın deyil, Bakının qərarı ilə Azərbaycandadır və bunun məqsədi Rusiyanın istənilməyən hərəkətlərinin qarşısını almaq üçün güclər balansını yaratmaqdır. Ankara ilə Moskva arasında bir monitorinq mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunsa da, Bakının bu qərarı Kremlin icazəsi ilə qəbul etməsi fikrinin yanlışlığı başa düşülməlidir. Rəsmi Bakı Azərbaycanın başqa bir yerində bir Türk hərbi bazası yaratmaq istəyirsə, bunun üçün heç bir maneə yoxdur, Bakının buna tam hüququ var. Yəni Azərbaycan ərazisindəki sülhməramlı mərkəz və hərbi baza - iki fərqli prosesdir. Azərbaycan Türkiyənin rusların sülhməramlı missiyasına kömək etmək üçün deyil, Moskvaya qarşı qabaqlayıcı tədbir olaraq Türkiyənin Qarabağda olmasını istəyirdi.
 
Təəssüf edirəm ki, bir çox dünya mediası Moskvanın tamamilə tərəf olmadığı bu məsələni səhv yozur. Bu, yalnız Bakı və Ankaranın səlahiyyətidir. Hər iki ölkə də yalnız Bakının tələbi ilə oradadır, bunu vurğulamaq lazımdır.
 
- Rusiya sülhməramlı kontingent sayının artırılması barədə danışıqlar gedir. 10 noyabrda imzalanan Üçtərəfli Sazişə görə, onların sayı 1960 nəfər olmalıdır. İndi 5000 nəfərin yerləşdiriləcəyi barədə məlumatlar var və Rusiya Müdafiə Nazirliyi bu sayı 10 000-ə çatdırmağı planlaşdırır. Sizin fikrinizcə, kontingent sayının artmasının arxasında nə dayanır?
 
- Birincisi, qeyd etmək lazımdır ki, 10 noyabrda yalnız bir bəyannamə imzalandı, bu, hərtərəfli bir sülh müqaviləsi deyil, bir çox sual açıq qalıb. Hər hansı bir qarşıdurmada ən böyük səhv qalibin onu tam qələbə hesab etməsidir. Azərbaycan və onunla birlikdə Türkiyə müharibədən sonra böyük nəticələr əldə etdi, 10 noyabr razılaşması qələbə ilə yanaşı, eyni zamanda çox boşluqlar buraxdı. Hansı ki, bu boşluqlar öz məqsədləri üçün qaydalarla oynamaq istəməyən imza edənlərdən biri tərəfindən istifadə olunur. Orada 1960 hərbi qulluqçudan əlavə ağır hərbi texnikanın nəzarətsiz daşınması üçün istifadə ediləcək Xocalı hava limanının tikintisində onsuz da yüzlərlə inşaatçı iştirak edir. Ancaq razılaşmada Xocalı hava limanı haqqında bir söz deyilmirdi. Bundan əlavə, ruslar sərhədləri - Ermənistanla İran arasında və İran, Naxçıvan və Azərbaycan arasındakı sərhədləri qoruyacaq 4500 nəfərlik sərhəd qüvvələrinin yerləşdirilməsindən danışırlar. Unutmayın ki, ruslar Gümrüdəki hərbi bazada da əlavə qüvvələr yerləşdirə bilərlər.
 
11 noyabrdan bəri imzalanan sazişin sülh müqaviləsi olmadığını dəfələrlə söylədim. Müqavilə sülhməramlı missiyanın funksiyaları və sayı, yerləşdirilməsi, addımları və digər vəzifələri ilə bağlı hər şeyin ən kiçik təfərrüatına qədər yazılmalı olduğu bir çox səhifədən ibarət olmalı idi. Bu razılaşma, əlbəttə ki, Bakıda böyük sevinc yaratdı, möhtəşəm Zəfər Paradı ilə qeyd olundu, lakin bu qələbənin Azərbaycandan oğurlanması ehtimalı var. Həmişə demişəm ki, döyüş əməliyyatları bitdikdən sonra qalib döyüş meydanında qazandığını itirməyə başlaya bilər. Rusiyanın yalnız orada mövcudluğunu gücləndirməməsi, eyni zamanda bu ərazilərdəki etnik ermənilərin məskunlaşmasına böyük maliyyə ayırması məni narahat edir ki, bu da Moskvanın orada yenidən “Artsax Respublikası” yaratmağa çalışdığını göstərir. Azərbaycanda 10 noyabr razılaşmasının bu məsələyə son qoyduğuna inanırdılar. İndi Qarabağa, 1995-ci ildən sonra bu ərziyə köçən ermənilər qayıdır: yəni, “Artsax əhalisinin” artması üçün oraya köçürülənlər, Azərbaycan ərazisində yaşamayıblar. Və bu, böyük və ciddi bir problemdir.
 
Bir məsələdən də çox narahatam. 10 dekabrda bir qrup erməni siyasətçi Ermənistanı Rusiya-Belarus İttifaqı Dövlətinə qatmaq təşəbbüsü ilə çıxış etdi. Bəli, Ermənistan ictimaiyyəti və parlamentdəki əksəriyyət arasında onların dəstəyi yoxdur, amma başa düşülməlidir ki, 10 noyabrda imzalanan razılaşmanı tərəflərindən biri - Rusiya bunu öz mülahizəsinə görə şərh edir. Və əgər dekabr ayında Bakı bu razılığa qalib gələn bir müqavilə kimi baxırdısa, onda artıq tamamilə fərqli bir mənzərə görünür - Moskva Qarabağdakı konfiqurasiyanı öz xeyrinə dəyişir.
 
- Bəs Moskvanın Qarabağı ermənilərlə məskunlaşdırmaqda marağı nədir?
 
- Niyə Minsk Qrupu on illərdir münaqişəni həll edə bilmirdi? Çünki həmsədr ölkələr bununla maraqlanmırdı. Davam edən münaqişədən bir neçə ölkə faydalanırdı. Beləliklə, Moskva regional layihələrdəki mənafelərini artırmaq üçün Bakı ilə İrəvan arasındakı münaqişədən istifadə etdi - bunlar neft kəmərləri, yollar, rabitə, Şərq ilə Qərb arasındakı nəqliyyat və bu ölkələrə təsir göstərmək üçün digər rıçaqlar idi. Moskva Ermənistana üstünlük verdi, müttəfiqi idi, baxmayaraq ki, həmsədr olaraq bitərəfliyi qorumaq məcburiyyətində idi. Cənubi Qafqazdakı sülh heç bir halda Rusiyanın maraqlarına uyğun deyildi.
 
Gəlin, bir anlığa təsəvvür edək: sabah Bakı ilə İrəvan münasibətlərin uzlaşması və normallaşması, normal dövlətlərarası sərhədlərin yaradılması, Şərq-Qərb daxil olmaqla, birgə regional layihələrdə iştirak barədə öz aralarında razılığa gəlsə, o zaman Rusiya böyük itki ilə üzləşəcək, çünki hər iki ölkəyə təsir gücünü itirəcək. Buna görə də Moskva çalışacaq ki, əvvəlki status-kvonu qaytarmasa belə, heç olmasa, mümkün qədər həmin situasiyaya yaxınlaşsın.
 
- Niyə bu halda Bakı susur?
 
- Yalnız təxmin edə bilərəm. Görünən budur ki, rəsmi Bakı sadəcə müşahidə edir və gözləyir. Ola bilər ki, bunu kiçik bir hadisə hesab edir, əsas odur ki, bir qələbə qazanılıb və bir dəhliz açılacaq. Həqiqətən, Azərbaycan bu müharibə nəticəsində çox şey qazandı - işğal olunmuş ərazilərin əksəriyyətini geri qaytardı və tranzit dəhlizini aldı. Əgər ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı bufer zonası olmasaydı, Azərbaycan Xankəndini çoxdan ələ keçirərdi. Azərbaycan Ordusu güclüdür və döyüşə hazırdır. Bəlkə də imza atan tərəflərdən biri çirkli oyunlara müraciət edərsə, bufer zonasının olmaması səbəbindən bu seçim Bakıda olduqca mümkün hesab olunacaq.
 
- Moskvada Azərbaycan və Ermənistan liderləri arasında görüşün baş tutacağı barədə məlumatlar var. Nəticələri nə ola bilər?
 
- İnanıram ki, Putin bu görüşdən özü üçün vasitəçi-barışıq obrazı yaratmaq üçün bir fürsət kimi istifadə edir ki, bu da Bakının Moskvaya müqavimət göstərmək qabiliyyətini daha da aşağı salacaq. Ancaq Əliyev və Paşinyan gələcəkdə vasitəçilər olmadan, mövcud problemləri həll etmək üçün nazirliklər və idarələr səviyyəsində birbaşa ikitərəfli danışıqlara və məsləhətləşmələrə başlamaq barədə razılığa gəlsələr, daha yaxşı olardı. Bu, həqiqətən böyük bir iş olardı. Bu, Azərbaycanın qələbəsini gücləndirər və Rusiyanın onu oğurlamasının qarşısını alardı.
 
- Rusiya, əvvəlcə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 351-ci maddəsi (uçuş qaydalarını pozma və ya onlara hazırlıq, ehtiyatsızlıqdan ölümlə nəticələnmə) ilə başlanılmış cinayət işini 9 noyabrda Ermənistan və Azərbaycan sərhədində Mi-24 hərbi helikopterin vurulması və heyətin ölümü faktı ilə əlaqədar daha ağır bir maddəyə (qəsdən adam öldürmə) çevirdi. Bakı dərhal üzr istədi və təzminat ödəniləcəyini elan etdi. Bəs, niyə Moskva yenidən bu məsələyə qayıdır?
 
- Bu, Rusiyadan tamamilə gözlənilən bir addımdır. Bu, Azərbaycana Qarabağdakı sülhməramlıların sayının və ya səlahiyyətlərinin aşılması məsələsini gündəmə gətirməməsi üçün bir siqnaldır. Bu, Azərbaycanın imicinə zərbə endirilə biləcəyi barədə xəbərdarlıqdır. Moskva vurulan helikopterdəki vəziyyətdən Bakıya təzyiq amili kimi istifadə edir.
 
- ABŞ-da idarəetmə dəyişir. Bu, Rusiyanın, məsələn, Moldovada yeni Prezidentin Rusiya sülhməramlılarının Dnestryanıya bölgədən geri çəkilməsini tələb etməsi fonunda, addımlarına necə təsir edəcək? Eləcə də Qarabağda.
 
- Yeni rəhbərlik beynəlxalq hüquqa hörmət edəcək. Tramp da Putin kimi, güclünün haqqı ilə hərəkət edirdi. Ağ Evdə, Trampdan fərqli olaraq, beynəlxalq hüquqa riayət etməyə sadiq olan Co Bayden rəhbərliyi olsaydı, şübhəsiz ki, Türkiyənin Azərbaycanda olması məsələsinin Bakının səlahiyyətində olduğu və Moskva ilə Ankara arasındakı razılaşmanın yalnız bir monitorinq mərkəzinin yaradılması ilə bağlı olduğu açıqlanardı. Və əmin ola bilərsiniz ki, Baydenin rəhbərliyi altında, ABŞ bu məsələdə mütləq öz sözünü deyəcək və bu da Moskvanın coşqusunu azaldacaq.
Tarix: 9-01-2021, 11:46
Xəbəri paylaş



Xəbər lenti