“Rus ordusu heç vaxt sülhməramlı ola bilməz. Tarixi vərəqləsək, rus hərbçisi haraya ayaq basıbsa, orada mütləq qan, qırğın, ərazi işğalı olubdur. Rusiya imperiyası daim öz ərazisini başqa xalqların torpaqlarını zəbt etmək hesabına genişləndirib. Uzaq keçmişə getmək lazım deyil. Yaxın tariximizin Gürcüstan, Dnestryanı, Ukrayna, Krım olayları buna sübutdur. İndi də Qazaxıstana qarşı ərazi iddiaları irəli sürməyə başlayıblar. Ermənilər harda bir kilsə görsə, “bura bizim torpaqdır” dediyi kimi, bunlar da harada 5-6 min rus yaşayırsa, “orada soydaşlarımıza təzyiq edirlər, onları qırırlar” “arqument”ləri ilə həmin ərazini özününküləşdirməyə çalışırlar...”
Azərbaycan dövlətçiliyinin, ordusunun yenicə formalaşdığı “körpəlik” çağlarında olduğu 1990-cı illərin çox mürəkkəb, ziddiyyətlli şəraitində Müdafiə naziri və digər hərbi vəzifələrdə çalışmış, həm sovet ordusunda xidməti boyu, həm də 1-ci Qarabağ savaşı zamanı Rusiya hərbçiləri ilə kifayət qədər ünsiyyətdə olmuş general-mayor Tacəddin Mehdiyev Moderator.az-a açıqlamasında məlum 10 Noyabr razılaşmasından keçən son iki aya yaxın dövrdə Rusiya sülhməramlı kontingentinin Qarabağdakı davranışlarını təhlil edərkən söyləyib.
“Dünən - yanvarın 6-da Ali Baş Komandan, Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çox diplomatik şəkildə Rusiya sülhməramlılarının Qarabağda öz funksiyalarından kənara çıxmasını tənqid etməsi məni bu mövzuda ciddi düşünməyə vadar etdi...
Uzun illər sovet ordusunda hərbi xidmətdə olduğum dövrdə, eləcə də 1-ci Qarabağ müharibəsi zamanı onlarla kifayət qədər ünsiyyətdə olduğumdan rus hərbçilərinin psixologiya və xarakterinə gözəl bələdəm. Bunların qabağından qaçdıqca daha da azğınlaşırlar. Elə ki, gücünü, “dişi”ni göstərirsən, başlayırlar “zadni xod” edib geri çəkilməyə...
Yəni Rusiya qarşısında bu qorxu hissini birdəfəlik atmaq lazımdır. 1 milyonluq çeçen xalqı bunlarla illərlə döyüşdülər. Şeyx Şamil bu imperiya ilə 30 ilə yaxın vuruşdu... Onu nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan dövləti də, ordusu da artıq 1990-cı illərdəki kimi zəif deyil, kifayət qədər güclüdür. Üstəlik, Türkiyə kimi qardaşımız, arxamızda dayanıbsa, biz nədən qorxmalıyıq...
Konkret Qarabağdakı Rusiya sülhməramlılarına gəldikdə, öncə sual yaranır ki, necə oldu, məhz razılaşmanın imzalandığı 10 noyabr gecəsi artıq Ulyanovskda rus ordu birləşmələrinin Azərbaycana gəlməyə hazır vəziyyətdə dayandığı bilindi? Belə çıxır ki, bu, Putinin öncədən qurduğu senari olub...
İkincisi, məlum bəyanatda Laçın “dəhlizi”nin hava ilə 5 km enində nəzərdə tutulması ilə də razılaşmaq olmur. Gorus-Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin etmək üçün bu qədər məsafəyə ehtiyac yoxdur. Eyni zamanda bu halda uzaqda qalan Azərbaycan ordusu həmin yolla keçirilənlərə nəzarət edə bilmir... Yəni, ermənilər də, ruslar da buradan Qarabağa, Xankəndinə, kimi, yaxud nəyi istəsələr, keçirə bilərlər... Odur ki, Laçın yolunun Ermənistanla sərhəd məntəqəsindən keçən hissəsində Rusiya hərbçiləriylə yanaşı, mütləq Azərbaycanın Sərhəd və Gömrük xidməti əməkdaşları da dayanmalı və oradan keçən adamların şəxsiyyətinə, texnika və yüklərə nəzarət etməlidirlər. Rusiya hərbçiləri isə yalnız həmin yolla Ermənistana və Qarabağa qanuni şəkildə, yəni Azərbaycan sərhədçi və gömrükçülərinin razılığıyla gedib-gələn erməni və ya xarici vətəndaşların təhlükəsizliyini təmin etməli, gizli silah-sursat və ya digər qanunsuz əşyalar keçirildiyi müəyyən olunduğu halda bunun qarşısını almaqda Azərbaycan tərəfinə dəstək olmalıdır...
Üçüncüsü, bu günədək niyə Türk əsgərləri də ruslar kimi Qarabağa yerləşməyib? Və ümumiyyətlə, anlamaq olmur ki, Ermənistanın strateji, hərbi müttəfiqi olan, bu ölkədə bazası yerləşən, KTMT-nin üzvü olan Rusiya ordusu sülhməramlı adıyla Azərbaycan torpağına gələ bilir, ancaq Türkiyə gələ bilmir? Azərbaycan nədən Türkiyə ilə birbaşa hərbi saziş bağlayıb bu dövlətin burada bazasını yaratmır? Axı Ermənistanı sözsüz müdafiə edəcəyi bəlli olan Rusiyanın Qarabağa 1960, ancaq Türkiyənin cəmi 36 hərbçisi gəlirsə, burada tarazlıq, ədalət pozulur? Niyə Türkiyə əsgərləri də eyni sayda gəlməli deyil? Yəni əgər biz müharibəni dayandırırdıqsa, Azərbaycan torpağında - Qarabağda Rusiya ilə eyni funksiyanı, özü də bərabər nisbətdə Türkiyə də daşımalıydı...
Dördüncüsü, 10 Noyabr bəyanatına əsasən Rusiya hərbçiləri Dağlıq Qarabağa həm erməni, həm də azərbaycanlı sakinlərin qaytarılmasını və onların Azərbaycan yurisdiksiyası altında yanaşı yaşamasını təmin etməli idi. Amma iki aya yaxın müddətdə Rusiya Müdafiə Nazirliynin yaydığı rəsmi rəqəmlərə görə, artıq 48 minə yaxın erməni qaytarılıb. Bəs bizimkiləri oraya nə vaxt və kim qaytaracaq?.. Bu günədək bir nəfər də azərbaycanlı Qarabağa qaytarılmayıb...
Beşincisi, razılaşmada Azərbaycan ərazisinə daxil olacaq Rusiya hərbçilərinin sayı 1960 nəfər nəzərdə tutulmuşdu. Halbuki, reallıqda digər minaaxtaran hərbçiləri, fövqəladə hallar əməkdaşları, hərbi həkimləri və s. də götürsək, torpaqlarımızda 5 mindən artıq rus yetkilisi yerləşib...
Altıncısı, Rusiya ordusunun ərazilərimizə gətirdiyi hərbi texnikalar sülhməramlı yox, hücum texnikalarıdır...
Yeddincisi və bəlkə də ən əsası, 10 Noyabr razılaşmasına uyğun olaraq Rusiya ordusunun Azərbaycan torpaqlarına daxil olmasıyla paralel oradakı erməni silahlıları da çıxarılmalıydı. Ancaq bu günədək Ermənistan rəsmilərinin və Xankəndindəki separatçıların özlərinin də etiraf etdiyi kimi erməni hərbi qüvvələri pərakəndə şəkildə ərazilərimizdə qalmaqdadır. Üstəlik, dəfələrlə Xocavənd rayonu ərazisində, Hadrutda, Şuşanın kəndlərində təxribatlar törədirlər. Deməli, Rusiya sülhməramlıları Qarabağda heç bir funksiyalarını yerinə yetirmirlər...
Ümumiyyətlə, görünən odur ki, Rusiya rəhbərliyi Qarabağda Azərbaycanın dövlət siyasətinə qarşı konkret addımlar atmaqdadır. Prezident İlham Əliyev deyir ki, Dağlıq Qarabağda sentyabrın 27-dək, uzağı, 50-60 min erməni yaşayıb; Lavrov isə bəyan edir ki, Dağlıq Qarabağdan 90 min erməni qaçqın düşüb... Bizim dövlət başçısı deyir ki, Qarabağda ermənilərə heç bir statusdan söhbət gedə bilməz, Putin də, Lavrov da öz çıxışlarında ermənilərə “pas atırlar” ki, gələcəkdə status məsələsinə baxılacaq... Və s. və i.a. Demək, bunların məqsədləri tamam başqadır...
Bəlkə elə məsələlər var ki, bizim məlumatımız yoxdur, dövlət hansısa işlər aparır. Odur ki, səbir, təmkin nümayiş etdirməliyik... Ancaq 44 günlük savaşdakı bu boyda qələbədən, xalqda yaranan bu ruh yüksəkliyindən sonra Moskva və İrəvanın ortaya çıxan belə oyunları hamını narahat edir, cəmiyyətdə əsəb gərginliyi yaradır. Bu gün biz qələbə çalmışıqsa, nəyə görə Xankəndindəki separatçı xunta rəhbərləri Rusiya sülhməramlılarının komandanlığı ilə sərbəst görüşür, müzakirələr aparır, özlərinə təzə “hökumət” qurur, nazirlər təyin edir, “yeni müharibəyə hazırlıqdan, ordu quruculuğu”ndan danışırlar. Üstəlik, Ermənistan nazirləri Azərbaycanın dövlət sərhəddindən sərbəst keçərək Qarabağa gəlir. Bəs o halda bizim Azərbaycan ordusu niyə Laçın şəhərindən – öz ərazisindən keçərkən dövlət bayrağımızı gizlətməlidir? Biz nəyə görə öz torpağımızda Rusiyanın şərtləriylə oturub-durmalıyıq?.. Deməli, separatçı, terrorçu ermənilər Rusiyanın dəstəyi ilə yenidən torpaqlarımızın işğalı senarisinə qayıtmağa çalışırlar. Demək istəyirlər ki, qondarma “DQR”, nə bilim, “Artsax respublikası” hələ də var, mövcuddur... Belə çıxır ki, biz yenə sovet-rus ordusunun Qarabağda hökmran olduğu və separatçı, işğalçı ermənilərə əsl mənada arxa durduğu 1988-1991-ci illərə qayıdırıq?..
Bütün bu məsələlərlə bağlı dövlətimiz qəti mövqe ortaya qoymalı və Rusiya sülhməramlılarına yerləri göstərilməlidir. Əgər onlar suverenliyimizə qarşı təxribatlarını davam etdirəcəklərsə, deməli, 10 Noyabr bəyannaməsinin sülhməramlılarla bağlı maddəsi mənasını itirir. O halda bundan imtina edərək Rusiya ordusunu ərazimizdən çıxarmalıyıq...
Ancaq bütün bu deyilənlərlə bərabər bu günkü vəziyyətdə bəzi müxalif qüvvələrin Azərbaycanın dövlət rəhbərliyinə qarşı radikal mövqe nümayiş etdirməsinə qarşıyam. Çünki belə bir situasiyada 44 günlük savaş boyu olduğu kimi, xalq-dövlət-ordu birliyi çox gərəkdir. Rusiya ordusunun torpaqlarımızdakı davranışlarına ictimai etirazla yanaşı, xalqın xarici, xüsusən Rusiyadan olan təzyiqlərə qarşı dövlətin, Ali Baş Komandanın arxasında olması ifadə olunmalı, Prezident də bu ümummili dəstəkdən yararlanaraq geri çəkilməməli və tezliklə Xankəndində və keçmiş Dağlıq Qarabağ vilayətinin bütün ərazisində Azərbaycanın suverenliyini bərpasına nail olmalıdır...”
Tarix: 8-01-2021, 21:22