İllər uzunu burnunun lap ucunda sevdiyinin başına bombalar yağa. Qollarını bədənindən ayıralar, gözlərini çıxardalar, yaddaşını çilikləyib hər parçasını bir qayanın altında gizlədələr.
Zərurətdən bir gün bomboş qucağına dönəsən. Gövdəsindən budaqları cücərə, həqiqətin parçalarını bir-bir tapıb ciblərinə doldura. Kor gözlərin ovuşdurub, qucağına yaş tökə.
Yanağını silah tüstüsü göynədən şəhərim. Girov canını isitməyə ev tapmayıb, torpağın altında gizlənən şəhərim!
Öz ruhunun uğultusundan sığınmağa Allah tapmayan çarəsiz şəhərim!
Ağ damları viran qalan, güllələrin səsindən buludların altında gizlənən pambıq şəhərim!
Gəlmiş keçmiş, qaşıq-qaşıq zülm yemiş əsirlərin şəhər cildi...
Elə indi zəlzələdən titrəmisən. Dağıntılar altında ümidinə bürünüb, günü 25 saata bölmüsən. Sən dözümün öz adısan. Gör, nə qədər gözləmisən?!
Elə indi son nəfəsini ciyərində gizləmisən. Dərmansız xəstəliyini məzarında boğub, pişik ömrü borc almısan. Sən susmayan ağrıların simvolusan.
Ayrılığın yolunu boza sarı çevirən, sonsuz sevgim.
Hansı səmtə üz tutsam da, kompasımın şimal qütbüsən.
Qorxunu qus, kinini axıt, ağrılarından qurtul.
Ömrümüzü bir birinə calayıb,
Vətən, sənə can verməyə gəlirik.
Ömrümüzü bir birinə calayıb,
Vətən, sənə can verməyə gəlirik.
Leyla Sarabi,
Fotolar: Səfiyar Məcnun