Ermənistan 10 noyabr bəyannaməsinə zidd davranışlar sərgiləməkdə, Azərbaycanı növbəti dəfə sərt tədbirlərə əl atmağa vadar etməkdədir.KONKRET.az xəbər verir ki, humanitar yol kimi razılaşmada nəzərdə tutulmuş “Laçın dəhlizi” vasitəsilə Ermənistandan Qarabağa hərbçilərin gətirilməsinə yenə də cəhd göstərilməsi rəsmi İrəvanın qeyri-konstruktiv davranışlarının davamıdır.Bugünlərdə Azərbaycan hərbçilərinin dəhliz vasitəsilə Qarabağa gəlmək istəyən erməni hərbçiləri geri qaytarması və hətta bu məsələdə düşmənə Rusiya sülhməramlılarının belə kömək edə bilməməsi Ermənistanda hay-küy doğurdu. Lakin ötən həftə 100-dən çox erməni hərbçisinin əsir götürülməsi faktı yeni təfərrüatları üzə çıxartdı. Erməni mənbələri əsir düşən erməni yaraqlıları haqda yazarkən iddia edir ki, onların bir çoxu «Laçın dəhlizi» vasitəsilə Qarabağdakı ermənilər yaşayan bölgəyə gəlibmişlər. Hətta erməni hərbçilərindən birinin azərbaycanlı əsgərlərə qarşı işgəncə hərəkətlərinə yol verdiyi faktı ortaya çıxdı və onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildi.
Sual olunur: yeganə yol – “Laçın dəhlizi” Rusiya sülhməramlılarının nəzarətində olduğu halda Qarabağda qeydiyyatı olmayanları necə Qarabağa buraxırlar? KİV və sosial şəbəkələrdə erməni müəlliflər yazırlar ki, yoxlama simvolikdir, əsgərlər “necəsiniz, hara gedirsiniz” kimi suallar verir. Nadir hallarda avtomobillərin saxlanc yerində silah axtarılır.
Amma bu faktdır ki, erməni quldurlarının Ermənistandan Qarabağa silahla və hərbi formada getməsinə gərək yox, yerində hər şey var. Ermənilər özləri də vaxtaşırı burada sahibləndikləri silah-sursatı nümayiş etdirirlər. Elə Paşinyan özü etiraf etmişdi ki, əgər kapitulyasiya sənədinə imza atmasaydı, 20-25 min hərbçi Azərbaycan Ordusunun mühasirəsinə düşüb məhv ediləcəkdi. Deməli, qaçıb canını qurtaranları bir kənara qoysaq, hələ də Qarabağda kifayət qədər qanunsuz silahlılar, cinayətkar ünsürlər var. Üstəlik, Ermənistandan Qarabağa keçmək istəyənlərin olması faktdır.
Bu cür sızmalar çox təhlükəlidir, heç şübhəsiz. Bu, həm də üçtərəfli bəyanatın dördüncü – Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan Silahlı Qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilir bəndinin pozulması, ona əməl edilməməsi deməkdir. Bəs rəsmi Bakı bunların qarşısını necə almaq üçün nələr etməlidir?Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında bunları bildirib: “Rusiya sülhməramlıları öz öhdəliklərini demək olar ki, yerinə yetirmirlər, daha çox ermənilərin qanunsuz hərəkətlərinə şərait yaradırlar.
Biz bu, ”sülhməramlı” deyilənlərdən çox şey gözləyə bilmərik. Rusiya sülhməramlıları oradakı qondarma, quldur rejimin qorunması ilə məşğuldur”.A.Nağı hesab edir ki, bunun qarşısını almaq üçün Türkiyə əsgərlərinin bölgəyə daha tez gəlməsi təmin olunmalıdır: “Bundan başqa, Azərbaycan bu pozuntuları qeydə almalı, Rusiya rəhbərliyi qarşısında məsələ qaldırıb, Azərbaycanın hərbi qüvvələrinin rus sülhməramlıları ilə birlikdə növbə çəkməsinə nail olmalıdır.
Əks halda, Azərbaycan üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərindən imtina etməlidir”.
Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyevin fikrincə, əslində hamılıqla anlamalıyıq ki, Rusiya Ermənistanın strateji müttəfiq olduğu üçün bölgədəki siyasətini ilk öncə özünün və strateji müttəfiqinin maraqlarına uyğun həyata keçirir: “Bunu ən yüksək səviyyədə etiraf da edirlər.
«Laçın dəhlizi» deyilən 3 min kv.km-lik işğal olunmuş əraziyə Azərbaycanın Sərhəd Xidməti, gömrük orqanları nəzarət etmədiyi sürəcdə o dəhlizdən dinozavr da keçsə, xəbərimiz olmayacaq. Azərbaycan hakimiyyəti təcili olaraq oradakı keçid məntəqəsini öz nəzarətinə götürməlidir”.F.Hacıyevin sözlərinə görə, ümumiyyətlə, hansı istiqamətdən gəlməsindən asılı olmayaraq, Qarabağa göndərilən bütün yüklər, istisnasız olaraq gömrük nəzarətinə tabe edilməlidir: “Əks halda, ölkəmizin suveren hüquqları pozulacaq. Silahlıların Qarabağa və işğaldan azad olunmuş ərazilərə sızdırılmasını da rus silahlıları təşkil edir. Mən, ümumiyyətlə, dəhlizin əleyhinəyəm. Onlara təhlükəsiz yol verilə bilər. Bir şərtlə ki, ermənilər Azərbaycanın sərhədlərindən ümumi, beynəlxalq normalara tabe olmaqla keçsinlər”.
Qeyd edək ki, son zamanlar Rusiyanın sülhməramlı sayında artım etmək planları barədə qeyri-rəsmi söhbətlər aparılır. Hələlik Azərbaycanın rəsmi qurumları bu barədə açıqlamalara münasibət bildirməsələr də, say artımının olmayacağı barədə xəbərlər var. Xatırladaq ki, Mərkəzi Hərbi Dairənin 15-ci briqadasının bölmələrindən ibarət olan Rusiya sülhməramlılarının ümumi sayı 1960 hərbçi, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarətdir. Sülhməramlı tapşırıqların yerinə yetirilməsini təmin etmək üçün hərbi aviasiya və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməsi də nəzərdə tutulur.
Ankara isə bəyan edib ki, Türkiyə sülhməramlılarının sayı Rusiya sülhməramlıları ilə eyni olacaq. Deməli, Rusiya üçün say artımına getmək faydalı perspektiv vəd etmir. Mövcud kontingentlə də Qarabağda sülhü bərqərar etmək, qanunsuz silahlı birləşmələri sıradan çıxartmaq olar. Düzdür, artıq Ermənistan hakimiyyəti və Rusiya sülhməramlılarının erməni silahlılarına əllərdəki silahları təhvil vermək xəbərdarlığı edilib, ancaq gedişatın ləngliyi narahatlıq doğurur.
Hər halda, Azərbaycan mövqeyini açıq şəkildə ifadə edib. Bu mövqe ondan ibarətdir ki, dövlətin qanunları ilə yaşamaq istəyən ermənilərə bərabər imkanlar tanınacaq və heç bir problem olmayacaq. Ancaq əgər erməni faşizmi növbəti dəfə baş qaldırmaq niyyətinə düşsə, o halda sözü 44 günlük savaşda olduğu kimi, “dəmir yumruq” deyəcək. Necə ki, Hadrut istiqamətində terror aktları həyata keçirmək istəyən erməni silahlılarına qarşı dövlət orqanlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində cinayətkarlar dərslərini aldılar. Rusiya sülhməramlıları da bu prosesdə aktiv iştirak edəcəklərsə, bölgədə sülhün təminatı prosesi bir o qədər tez baş verəcək. Qarabağdakı cinayətkarları cəzalandırmaqla yanaşı, Ermənistandan bölgəyə cani sızıntısının qarşısının alınması olduqca vacib məsələdir. Rusiyanın bölgədəki kontingentinin rəhbərliyi gərək bunu unutmasın.
Tarix: 25-12-2020, 14:11